Ukraynada azərbaycanlı biznesmenlər qətlə yetirilir

İlqar Altay: “Mafiyoz dəstələr təkcə bizimkilərə deyil, pulu olan hər kəsə qarşı bu cür cinayətlər törədirlər”



Ukraynanın Pokrovsk şəhərində azərbaycanlı iş adamını öldürərək, 40 min dollarını aparıblar. Pokrovsk Azərbaycanlılar Konqresindən verilən məlumata görə, öldürülən şəxs əslən Azərbaycanın Xaçmaz rayonundan olan, 1966-cı il təvəllüdlü Ukrayna vətəndaşı Abdulla Abdullayevdir.

Ukraynanın bir neçə şəhərində valyutadəyişmə məntəqələri olan Abdullayev iyunun 14-də axşam saatlarında evinə gedərkən qətlə yetirilib. İş adamının meyiti yararsız hala salınmış avtomobilində tapılıb. Onun başında güllə yarası aşkarlanıb. Qatillər avtomobildəki 40 min dollara yaxın pulu da aparıblar. Qətllə bağlı cinayət işi başlanılıb, qatillər axtarılır. Xatırladaq ki,

ötən günlərdə Donetsk vilayətinin Qorlovka şəhərində də azərbaycanlı iş adamı İlqar Aşurov oğurlanaraq öldürülüb. Cinayəti törədənlər onun avtomobilini və külli miqdarda pulu oğurlayıblar. Bundan başqa, Ukraynada "Azərbaycan” Cəmiyyətinin sədri Şahin Bəylərovun mülkləri və iki avtomobili partladılıb. Son bir ildə isə 25 azərbaycanlı yoxa çıxıb. Onların kriminal dəstə tərəfindən pul məqsədilə qaçırıldığı deyilir. Ukraynada azərbaycanlı iş adamlarına qənim kəsilən qanunsuz dəstənin fəaliyyəti ilə bağlı "Şərq”ə danışan kriminalist-araşdırmaçı İlqar Altay məsələyə aydınlıq gətirib: "Kənardan elə təsəvvür yaranır ki, guya, Ukraynada demokratik dəyişikliklər baş verdi və hər şey düzəldi. Əslində belə deyil. Ukraynanın düzəlməsi, stabilləşməsi uzun vaxt tələb edir. Keçid dövrünü yaşayan Ukraynada çox ciddi kriminal hadisələr, özbaşınalıqlar yaşanmaqdadır. İndiki vəziyyət diktator deyilən Yanukoviçin dövründən on qat daha pis və təhlükəlidir. Ölkədə siyasi, sosial və ictimai durum bərbad səviyyədədir, hətta deyərdim ki, Rusiya və Belarusiyadan daha mürəkkəbdir. Ölkə daxilində qarışıqlıq baş alıb gedir. Dövlət zəifləyib, heç nəyə nəzarət edə bilmir. Kriminal qruplaşmaların sərbəstliyi, öz bildiklərini etməsi də bununla bağlıdır”. Tədqiqatçı bildirib ki, Ukrayna daxilindəki özbaşınalıq özünü həm ictimai-siyasi həyatda, həm milli məsələlərdə, həm də kriminal aləmdə göstərir: "Ukraynanın daxili işlər naziri Avakov ölkədə "lotuluq” edir, heç kimdən çəkinmir. Saakaşvilinin demokratik çağırışları da fayda vermir. Hazırda bu ölkə çox gərgin dövrünü yaşayır. Əlbəttə, azərbaycanlı iş adamlarının qətlə yetirilməsi, qaçırılması heç də təsadüfi deyil və çox ağır cinayətdir. Tez bir zamanda həmin kriminal qruplaşmalar zərərsizləşdirilməlidir. Əks halda, ciddi krizis yarana bilər. Bir məsələni də vurğulayım ki, Ukraynadakı mafiyoz dəstələr təkcə bizimkilərə deyil, pulu olan hər kəsə qarşı bu cür cinayətlər törədirlər. Görünür, kriminal şəbəkənin məqsədi yaranmış qeyri-sabit vəziyyətdən istifadə edərək, hərbə-zorba yolu ilə var-dövlət yığmaqdır. Çox təəssüf ki, azərbaycanlı iş adamları da onların çirkin niyyətlərinə qurban gedirlər. Hesab edirəm ki, Ukraynada mövqelərimizi daha da gücləndirməliyik. Oradakı diaspor fəaliyyətimiz yetərli deyil”.

İsmayıl