Universitetdə imtahan vaxtı baş verən yanğında 5 abituriyent zəhərlənib




Fövqəladə Hallar Nazirliyi bu gün Bakıda universitetdə baş vermiş yanğınla bağlı növbəti məlumatı yayıb. Sherg.az nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda Bakı Biznes və Kooperasiya kollecinə məxsus hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1800 m2 olan birmərtəbəli idman zalının xarici divarına vurulmuş içərisi penoplast materialdan ibarət olan panel üzlükləri 150 m2 sahədə yanıb. Yanğın zamanı yaxınlıqda yerləşən Kooperasiya Universitetində olan 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənmiş halda Təcili Tibbi Yardım Xidməti tərəfindən 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə aparılıb və onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
*****
14:23
Bakıda Kooperasiya Universitetinin idman zalında baş vermiş yanğın söndürülüb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Toksikologiya Mərkəzinə aparılıb. Onlar - Aidə Seyfullayeva, Tərlan Mirzəyeva, Məlahət Məmmədova, Cəfər Quliyevdir.
*****
13:29
Kooperasiya Universitetində baş vermiş yanğın lokallaşdırılıb.
Sherg.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hazırda yanğınsöndürənlər yanğını tamamilə söndürməyə çalışırlar.
***
12:55
Fövqəladə Hallar Nazirliyi Bakıda ali məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, ilkin məlumata əsasən Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır: "Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmamışdır. Əlavə məlumat veriləcək”.
*****
12:52
Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb.
Sherg.az-ın məlumatına görə, yanğın universirtetin Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən binasının idman zalında qeydə alınıb.
Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.