Uorlik yenə ermənilərə işlədi

“Görüşdə sərbəstdirlər deməklə, işğalçı rejimə imkan verirlər ki, danışıqlardan yayınsın”




"Biz uyğun bir vaxtda xarici işlər nazirlərini bir araya gətirməyi planlaşdırırıq və onlarla sıx əlaqə mövcuddur. Belə bir dialoqu faydalı hesab etsək də, nəticədə görüşüb-görüşməmək onların qərarıdır”.
Bu sözləri APA-ya müsahibəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşündən danışarkən deyib. Onun sözlərinə görə, tərəflər arasında fikir ayrılıqlarının azaldılması və prezidentlərin növbəti görüşü üçün əsaslı gündəliyin hazırlanması istiqamətində xarici işlər nazirləri ilə iş aparırlar. Bu arada qeyd edək ki, Belarusiya Dağlıq Qarabağ münaqişəsi üzrə konfransa (danışıqlar) ev sahibliyi etməyə hazır olduğunu bəyan edib. Bu barədə adıçəkilən ölkənin XİN rəhbəri Vladimir Makey bildirib. O vurğulayıb ki, lazım gəlsə, tam sülh sazişinin hazırlanması məqsədilə danışıqlar prosesinin yekun mərhələsinin keçirilmə məkanını da təqdim edə bilərlər: "Belarus Azərbaycan və Ermənistan prezidentləri arasında təmasların intensivləşməsini alqışlayır. Belarusun hər iki ölkə ilə sıx əlaqələri var ki, bura dövlət başçıları səviyyəsində təmaslar da daxildir. Bu amil sülh prosesinin irəliləyişi üçün faydalı ola bilər”.

Həmsədrin açıqlamasını şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə söyləyib ki, Qarabağa dair məsələlərdə Rusiyanın razılığı olmalıdır. Ekspertin sözlərinə görə, separatçı Ermənistan Kremlin göstərişlərini həyata keçirir: "Bir qayda olaraq görüşlərin baş verməsi üçün rusiyalı həmsədrin təşəbbüskar olması vacibdir. Uorlikin belə bəyanatla çıxış etməsinə təcavüzkar ölkə əhəmiyyət verməyəcək. Nə vaxta qədər ki, Uorlik və ona bənzər şəxslər işğal prosesini açıq şəkildə bəyan etmirlər, separatçını öz adı ilə çağırmırlar, ona qarşı sanksiyalar tətbiq etmirlər, Ermənistan özünü ərköyün uşaq kimi aparacaq. Amerikalı həmsədrin fikirlərini də qulaqardına vuracaqlar.

Görüşdə sərbəstdirlər deməklə, işğalçı rejimə imkan verirlər ki, danışıqlardan yayınsın. Bu hal düşmən ölkəyə sərf edir. Status-kvonu qoruyub saxlayır. Əslində Ermənistan masaya çağırılmalıdır. Danışıqlara dəvət olunmalıdır. Gəlməyəcəyi halda sanksiyalar qoyulmalıdır”.

Ekspertin qənaətincə, Minsk Qrupunun içərisində ciddi təfriqələr mövcuddur: "Bu iğtişaş Amerika-Rusiya qarşıdurmasından qaynaqlanır. Belə bir şəraitdə qrupun sərfəli işləməsi üçün sağlam psixoloji mühit yoxdur. Bunu nəzərə alaraq Azərbaycan tərəfi ATƏT-in son toplantısında Minsk Qrupunun formatının dəyişdirilməsi və tərkibinə yeni iki güclü ölkənin - Almaniya və Türkiyənin əlavə edilməsi haqqında təşəbbüs qaldırıb. Belə olan halda status-kvonun dəyişdirilməsi istiqamətində pozitiv addımlar atıla bilər. Uorlikin cəhdi özündə müəyyən xeyirxah istəkləri birləşdirsə də, prosesi ölü nöqtəsindən tərpətmək mümkün olmayacaq”.

Belarusiya XİN rəhbərinin bəyanatını dəyərləndirən siyasi şərhçi diqqətə çatdırıb ki, bu ölkə Azərbaycana dost olmasa da, loyal münasibət sərgiləyir: "Belarusiya-Azərbaycan əlaqələrini normal saymaq olar. Amma ev sahibliyi etmək işin çox kiçik hissəsidir. Əsas məsələ ölünü yerindən götürməkdir. Ev sahibliyi etməyə çox yer tapmaq olar. Bu elə də böyük təşəbbüs deyil. Belarusiya heç olmasa, Ermənistanın qeyri-konstruktiv mövqeyinə və Qarabağ danışıqlarına dair Minsk prosesinin yerində saymasının səbəblərini açıqlayan bəyanatla çıxış etsəydi, bu, işə daha çox töhfə vermiş olardı. Minskdən umuruq. Çünki çətin anlarında Belarusiyanın yanında olmuşuq. Xatırlayırsınızsa, 200 milyon dollar qaz borcunu vaxtında ödəməsəydi, Rusiya Belarusiyanın qazını tamamilə kəsəcəkdi. O zaman Azərbaycan bir gün ərzində onların borclarını ödədi. Bütün bunlara görə, Belarusiyadan Dağlıq Qarabağ məsələsinə dair daha prinsipial mövqe sərgiləməyini istəyirik”.

Ayyət Əhməd