“Amerikalı diplomat ölkəsindən aldığı təlimatlardan kənara çıxa bilmir”
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ-ın Texas ştatının inzibati mərkəzi Hyuston şəhərində yerli azərbaycanlı və erməni icmasının təmsilçiləri ilə görüşəcək. Bu barədə diplomat özünün "twitter”-dəki mikrobloqunda yazıb. Həmsədr onu da qeyd edib ki, danışıqlarda Dağlıq Qarabağ probleminə dair səmimi müzakirələr aparılacaq.
Həmsədrin bəyanatını şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında söyləyib ki, Uorlikin səmimiyyətinə inanmaq olmaz. Ekspertin sözlərinə görə, onun səylərinin səmimi qəbul olunmasına gedən yol Ermənistanın Azərbaycana qarşı işğal planının təcavüz kimi dəyərləndirilməsindən keçir: "Amerikalı diplomat ölkəsindən aldığı təlimatlardan kənara çıxa bilmir”.
Ekspertin qənaətincə, münaqişə icmalar səviyyəsində çözülə bilməz: "Ermənistan məlum proseslərin həlli istiqamətində sərəncam vermək səlahiyyətində deyil. Düşmən ölkə də münaqişə barədə havadarları qarşısında hesabat verir. Cənab Uorlik bunları bilməmiş deyil və yaxud da anlamalıdır. O, status-kvonun saxlanmasında maraqlı olan tərəfin kimliyini bilməlidir. Dərk etməlidir ki, münaqişənin dondurulmasında hansı niyyətlər güdülür. Uorlik nə qədər fəallıq edirsə etsin, belə kiçik görüşlər problemin həllinə yenilik gətirə bilməz. Çünki söhbət problemin köklü həllindən gedirsə, onu doğuran səbəblər barədə səmimi, olduğu kimi danışmaq lazımdır”.
Bununla yanaşı, siyasi icmalçı hesab edir ki, problemin yaranma anatomiyası açılmalıdır: "Erməni təcavüzünün bütün detalları ortaya qoyulmalıdır. İşğalın doğurduğu nəticələr, 20 faiz Azərbaycan torpaqlarının istilası, istila nəticəsində 1 milyondan artıq azərbaycanlının köçkün vəziyyətinə düşməsi qabardılmalıdır. Bu məsələdə günahları bərabərləşdirmək və məsuliyyətləri eyniləşdirmək problemin həllinə kömək etmir. Əksinə, rəsmi İrəvanın işini asanlaşdırır. Necə ola bilər ki, Azərbaycan işğala məruz qalır. Bölgələrimiz işğal edilir. İnsanlar yurd-yuvalarından didərgin salınır. Bunun nəticəsinə görə, hər iki tərəf arasında məsuliyyət bərabərliyi qoyulur. Hər iki tərəfi güzəştə getməyə səsləyirlər. Azərbaycan nə güzəştə getməlidir. Torpağı işğal edilən, əhalisi didərgin salınan ölkə daha hansı güzəştə getməlidir? Bəlkə qalan torpaqlarımızı da Ermənistana verək? Bunu başa düşmürlərmi ki, təcavüzə məruz qalmış ölkənin güzəşt limiti yoxdur. Bu limit torpaqlar işğal olunan andan tükənib”.
Politoloqun fikrincə, güzəştə Azərbaycanı deyil, işğalçını vadar etmək gərəkdir: "Separatçılar işğal etdikləri ərazilərdən çıxarılmalıdır. Lakin həmsədrlər sivilizasiyalar arasında körpü salmaq əvəzinə, uçurum yaradırlar. Problemə əqlin və məntiqin gücü ilə yanaşsalar, ermənilərin çox böyük günahları ortaya çıxacaq”.
Ayyət Əhməd