Ürək xəstəlikləri artır

Siqaretdən, alkoqoldan və yağlı qidadan uzaq olun!


Oturaq həyat tərzi, siqaret və alkoqol istifadəsi, stress və yanlış qidalanma ürək-damar xəstəliklərinin yaranmasına şərait yaradan əsas səbəblərdəndir. Bu gün stenokardiyadan əziyyət çəkən xəstələrin sayı çoxdur. Fiziki yükləmə nəticəsində yaranan bu xəstəliyi bəzən "döş inağı” da adlandırırlar.
Araşdırmalara görə, stenokardiya əsasən kişilərdə rast gəlinən xəstəlikdir. Qadınlarda isə menopauzadan sonra stenokardiyaya rast gəlmək mümkündür. Xəstəliyin əsasında ürək əzələsinin oksigenə tələbatın artması və onun oksigen tələbatının çatışmazlığı durur. 

Sinə sümüyünün arxasında əmələ gələn göynəmə, yanma hissi, dişə, mədəyə və onurğaya irradiasiya etməsi xəstəliyin əsas şikayətləridir. Stenokardiyanın gedişatını şəkərli diabet, anemiya, hipertoniya, nəzərəçarpan hipotoniya, mədə-bağırsaq, qalxanabənzər vəzinin xəstəlikləri və digər səbəblər daha da ağırlaşdırır.

Stenokardiyanın ürəyin işemik xəstəlikləri fonunda əmələ gəldiyini deyən tibb elmləri doktoru, professor Adil Qeybulla xəstəliklə bağlı insanların diqqət etməli olduğu faktorları "Şərq”lə bölüşüb. Professor bildirib ki, stenokardiyalı xəstələrdə ürəyin oksigen çatışmazlığı baş verir və bu zaman döş qəfəsində kəskin ağrılar, sıxılmalar yaranır: "Adətən ürək damarlarının tutulması nəticəsində damarlarda daralma baş verir. Ürək əzələsi olduqca işləkdir. Normalda əlimizi 50 dəfə yumub-açdıqda yoruluruq. 

Təsəvvür edin, ürək əzələləri nə qədər yumulub-açılır. Halbuki ürək əzələsinə istirahət və oksigen lazımdır. Damarların tutulması ürəyi olduqca gücə salır. Stenokardiya da bu zaman baş verir”.
A.Qeybulla bildirib ki, ürəyin 3 əsas xəstəliyi var. Bunlar əzələ, sinir və damardır: "Stenokardiya ürəyin damar xəstəliyidir və stabil, qeyri-stabil ola bilir. Qeyri-stabil stenokardiyalar zamanı insan sakit olanda belə ürəkdə ağrılar yaranır. Əgər stenokardiya qeyri-stabildirsə və ya sakit vaxtda baş verirsə, bu o deməkdir ki, ürəyin adi halda oksigenlə təminatı yetərincə deyil. Belə zamanlarda mütləq müayinələrdən keçmək, lazımi müalicələrə başlamaq lazımdır”.

Stenokardiyanın insanın həyat tərzi ilə bağlı xəstəlik olduğunu vurğulayan professor bildirib ki, insanların çox qida qəbul etməsi, kalori alması, passiv həyat tərzi, siqaret və alkoqol qəbulu xəstəliyin inkişafını gücləndirir:

 "Şəkərli diabeti olan xəstələrin çoxusu qidaya qarşı intizamsız olurlar. Onlar, adətən qidalarına diqqət etmirlər və bədəndə yüksək səviyyədə şəkərin qalması stenokardiyanı sürətləndirir. Ona görə də şəkərli xəstələrdə bəzən ürək ağrısı olur və özləri də bilmədən infarkt keçirirlər. Xəstələrdə ürək ağrısı bir siqnaldır, ağrı varsa, deməli, ürək əzələsində problem var”.

Həkimin sözlərinə görə, insanlar stenokardiyadan qorunmaq üçün mütləq həyat tərzlərinə diqqət etməlidirlər: 

"Az qida qəbul etmək, yağlı qidalardan uzaq olmaq, daha çox vitaminlərə, meyvələrə önəm vermək lazımdır. Stenokardiya əslində ömrün qısalmasına vurulan bir möhürdür. Bəzən stenokardiyanın əmələ gəlməsinin günahkarı insanların özləridir. Düzdür, elə faktorlar var ki, bu, insanlardan asılı deyil. Məsələn, bu gün ölkəyə daxil olan qida məhsullarının keyfiyyət parametrlərində xeyli müəmmalar var. Satılan ət məhsulları və yağlarla bağlı xoşagəlməz hallar yaşanır. Bunlar insanların erkən ölümünə səbəb ola bilir. Amma əsasən yanlış həyat tərzi ömrün qısalması ilə nəticələnir”.

Yeganə Bayramova