Naili İmran özünü ictimaiyyətə təqdim etdi
Ötən günlərdə Beynəlxalq Mətbuat Mərkəzində qazıxıstanlı həmyerlimiz, gənc müğənni Naili İmran ilə mətbuat konfransı keçirildi. İlk dəfə Azərbaycan mediasının qarşısına çıxan gənc ifaçı həm mətbuat nümayəndələrinə özünü tanıtmağa çalışdı, həm də yeni layihəsini təqdim etdi.
Yeri gəlmişkən onu da qeyd edək ki, Naili Qazaxıstanda tanınmış gənc səslərdən sayılır. Atası da müğənni olduğundan, Naili beşiyinin başında muğamın səsləndiyini, qanında, canında milli musiqinin olduğunu qeyd etdi. "Mən Azərbaycandan uzaqda doğulub yaşasam da, ürəyim hər zaman Vətənlə döyünüb. Evimizdə Azərbaycan musiqisi səslənib, ürəyim vətənlə vurub. Azərbaycana gəlmək, burada yaradıcılıqla məşğul olmaq ən böyük arzularımdan olub.
Başqa ölkədə nə qədər sevilib tanınsan da, vətənin yerini heç bir məkan vermir. Şükür ki, yavaş-yavaş bu arzuma doğru gedirəm. Mən Azərbaycan mətbuatından da bu baxımdan dəstək gözləyirəm. Çətin bir yola çıxmışam, bu yolda mətbuatın dəstəyinə mənə elə gəlir bundan sonra daha çox ehtiyacım olacaq. Bu gün məni dəstəkləyən insanlar var. Qazaxıstanda da Azərbaycan diasporası böyük işlər görür. Mən də diasporanın təşkil etdiyi bütün təbdirlərdə iştirak edirəm, Azərbaycan musiqisini Qazaxıstanda təbliğ edirəm. Amma vətəndə olmaq sevinci daha fərqli hissdi. İstərdim ki, vətəndə də mənə qucaq açsınlar”.
Mətbuat konfransında Xalq artisti Gülyanaq Məmmədova da iştirak edirdi. Tələbəsinin uğurlarına sevinən Xalq artisti "Mən Qazaxıstanda səfərdə olanda Naili ilə tanış oldum. Gözəl ailəsi var. İlk dəfə onun səsini eşidəndə vuruldum. Qısa zaman sonra Naili mənə müraciət edib muğam dərsləri almaq niyyəti olduğunu söylədi. Təbii ki, sevərək razılaşdım. Bakıya gəlib muğam dərsləri almağa başladı. "Şahnaz” muğamı ən çətin muğamlardan sayılır. Naili "Şahnaz” muğamını o qədər gözəl öyrəndi ki, özüm də mat qaldım. Nailinin ruhu, canı musiqi ilə yoğrulub. Qazaxıstanda Azərbaycanı yetərincə təbliğ edir. Mən ona təkcə tələbəm kimi baxmıram. O mənim qızımdı. Biz sənətçilər gənc nəslə dəstək verməyə borcluyuq. Zamanında bizə də dəstək verənlər olub. Mən mətbuatdan də bu gözəl qızımıza dəstək istəyirəm” söylədi.
Tədbirdə Nailinin prodüseri Tural Nəsirov da çıxış etdi. Bildirdi ki, Nailinin səsinə güvəndiyi üçün onunla böyük layihələrə imza atacağına əmindir.
Mətbuat konfransında Nailinin ilk əvvəl Qazaxıstanda bu illər ərzində gördüyü işlər, layihələrin qısa video-roliki təqdim edildi. Azərbaycan musiqilərini Qazaxıstan səhnəsində təbliğini sübut edən videomateriallar media nümayəndələrinə nümayiş edildi. Daha sonra Nailinin "Gizləyə-gizləyə” adlı yeni klipi təqdim olundu.
Məlumat üçün bildirək ki, klipin rejissoru Emil Babayevdi. Mahnının sözləri Məlahət Kərimqızına, musiqisi İlkin Həsənə məxsusdu. Mahnının aranjimanı Rübail Əzimova aiddi.
Klip ritmik musiqi üzərində lentə alınıb. Gənc turist qızın Azərbaycanın dilbər guşələrindən birində bir fotoqrafa aşiq olması və bu sevginin təəssüratları klipdə öz əksini tapıb.
Yerli media nümayəndələri klipi izlədikdən sonra gənc müğənnini əməlli-başlı sual atəşinə tutdular. Təbii ki, Qazaxıstandan gələn həmyerlimizin yaradıcılığı yerli jurnalistlərin də marağına səbəb oldu.
Naili bir il ərzində iddialarının böyük olduğunu, bir neçə layihə üzərində çalışdığını qeyd etdi. Sonda xanım ifaçı tort kəsdi və onu təbrik edənlərə təşəkkürünü bildirdi.
Tahirə