Uşağa ad qoymaq üstündə ailələrdə münaqişələr yaşanır

Elnur Rüstəmov: “Sağlam dəyərlər və sevgi üzərində qurulan heç bir ailədə bu cür bəsit məsələlər dava-dalaşa səbəb olmur”
Əhməd Qəşəmoğlu: “Uşağa ad qoymaq üstündə ailələrdə yaşanan narazılığa səbəb qısqanclıqdır”








Türkiyənin Osmaniyə bölgəsində yeni doğulan körpəyə ad qoymaq üstündə iki ailə arasında çıxan daşlı və silahlı davada 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Hadisə, Karaboyunlu məhəlləsində baş verib. İddiaya görə, aralarında əvvəldən də münaqişə olan iki ailə arasında yeni doğulan bir körpəyə ad qoymada anlaşılmazlığa düşdükləri üçün mübahisə çıxıb. Mübahisə nəticəsində adı bildirilməyən körpənin anası ata evinə gedib. Burada davam edən mübahisə qısa müddətdə davaya çevrilib. Hadisəyə hər iki ailənin fərdləri də qarışıb. Daşlı və silahlı savaş əsgərlikdən icazə alıb evlərinə gələn körpənin dayısı Musa Çeçan (23) ov tüfəngi ilə vurularaq həyatını itirib. Eyni hadisədə 7 nəfər də yaralanıb.

Qeyd edək ki, bu cür faciəli sonluqla nəticələnməsə də, uşağa ad qoymaq məsələsi Azərbaycanda da problemli məsələdi. Hətta uşağın adına görə mübahisə yaradıb, ayrılan cütlüklər də var.

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmovun sözlərinə görə, adətən ziddiyyətli ailələrdə uşağa ad qoymaq üstündə mübahisə yaşanır. Sağlam dəyərlər və sevgi üzərində qurulan heç bir ailədə bu cür bəsit məsələlər dava-dalaşa səbəb olmur:

"Bu məsələ mövcud olan problemlərin daha qabarıq səviyyəyə gəlməsi üçün bir növ vəsilə rolu oynayır. Münasibətlərin yaxşı olduğu ailələrdə tərəflər dünyaya gələn körpəyə ad qoyma məsələsində rahat şəkildə kompromisə gələ bilirlər. Amma ziddiyyətli ailələrdə tək uşağa ad qoymaq üstündə yox, dünyaya gələn uşağın cinsiyyəti ilə bağlı da narazılıqlar olur”.

E.Rüstəmovun sözlərinə görə, belə məsələlər bəzi hallarda övlad sahibləri tərəfindən yox, onların valideynlərinin müdaxiləsi ilə qabardılır”.

Sosioloq, professor Əhməd Qəşəmoğlu isə belə bir hadisənin zamanında onun da başına gəldiyini deyib. Belə ki, professor 80-ci illərdə qızına ad qoyduğu zaman qayınatası ilə sözü çəpləşib:
"1981-ci ildə qızım dünyaya gələndə adını Türkan qoydum. Babası, yəni qayınatam gəldi hay-həşir saldı ki, bu nə addır uşağa qoymusan? Bu adla bu qız necə böyüyəcək? Kişi kommunist təsəvvürlü idi deyə, elə bilirdi ki, bu adla uşağın gələcəyini riskə atıram, uşağın başı daim bəlalı olacaq. Nəsə, sözümüz də bir az çəpləşdi, yoldaşımı da, uşağı da götürüb aparmaq istədi. 

Guya aparıb, qızımı adını dəyişəcəkmiş. Mən də ultimatum göndərdim ki, uşağın atası mənəm, heç bir halda dəyişməyə haqqınız yoxdur. Sadəcə olaraq, yoldaşım mənim tərəfimə çıxdığına görə hadisə çox böyümədi. SSRİ dağılandan sonra qayınatam gəlib mənə dedi ki, çox ağıllı adammışsan. Aradan bir müddət keçəndən sonra da ikinci qızımın ad qoyması zamanı qayınanamla aramda narazılıq yarandı. O, qızıma sentimental və mənasız bir ad qoymaq istəyirdi, razı olmadım deyə məndən incidi”.

Sosioloqun sözlərinə görə, uşağa ad qoymaq üstündə ailələrdə yaşanan narazılığa səbəb qısqanclıqdır. Oğlanın ailəsi istəyir ad seçimini özü seçsin, qız tərəfi də istəyir onlar seçsin. 

Amma zənnimcə, bu məsələ cinayət səviyyəsində böyüməməlidir. Hər halda tərəflər razılığa gələ bilmirsə, ağsaqqal, ağbirçəklərlə məsləhətləşib, təcrübəli adamların tövsiyələrinə qulaq assınlar.

Şəymən