“Mən uşaq olanda kəndimizə teatr gəlmişdi, səhnədə aktyorun bığı düşdü, mən hələ də onu bağışlaya bilməmişəm”
“Uşaqlar üçün tamaşa hazırlamaq çox çətindir”
İntiqam Soltan: “Böyüklərdən fərqli olaraq onlar səhnədəki qüsurları bağışlamırlar”
“Mən uşaq olanda kəndimizə teatr gəlmişdi, səhnədə aktyorun bığı düşdü, mən hələ də onu bağışlaya bilməmişəm”
“Mən uşaq olanda kəndimizə teatr gəlmişdi, səhnədə aktyorun bığı düşdü, mən hələ də onu bağışlaya bilməmişəm”
Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltanla "Axşam üstü” rubrikasında uşaq teatrından danışdıq. "Şərq”in suallarını cavablandıran teatr direktoru maraqlı məqamlara toxundu.
- Mövsümün sonlarıdı. Bakı Uşaq Teatrı da yəqin ki, buna hazırlaşır.
- Teatr mövsümünün bağlanışına ciddi hazırlaşırıq. Bizim teatr iki dəfə bağlanış edir. Bir bağlanış böyüklər üçün, bir bağlanış kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulur. İyunun 29-da böyüklər üçün bağlanışı etdik. Öz məkanımız olmadığı üçün 13 saylı həbsxanada teatrın mövsümünü bağladıq. İyulun 8-də isə Qurban Həsənov adına mədəniyyət evində uşaqlar üçün bağlanış tamaşamız olacaq. Yeni mövsümdə isə 3 təhvil vermədiyimiz tamaşamız var ki, onların premyerasını nəzərdə tuturuq. Biz çalışırıq ki, gənclərə üstünlük verək. Ona görə də 3 tamaşaçının da quruluşu gənclərə məxsusdu. Yeni mövsümdə premyerası nəzərdə tutulan tamaşalardan biri "O səs Tülkiyə” tamaşası olacaq. Diqqət verin, "O səs Türkiyə” yox, "O səs, Tülkiyə” olacaq. Fərqli, maraqlı bir quruluşda tamaşa olacaq. Bir də yapon xalqının nağılı əsasında bir tamaşa nəzərdə tutulub.
- Bəs öz şəxsi yenilikləriniz necə, varmı?
- Təbii. Bayaq qeyd etdim ki, gənclərə dəstək oluruq. Ona görə də yeni mövsümdə olan 3 tamaşanın heç birinin quruluşçu rejissoru mən deyiləm. Amma özümün mono-tamaşam hazırdı. Maraqlı bir mono-tamaşa üzərində iş bitmək üzrədir.
- Uşaqlar üçün tamaşa hazırlamaq daha çətindi, ya daha böyük yaşın nümayəndələri üçün tamaşaya quruluş vermək? Fərq nədi? Siz həm uşaq tamaşaları hazırlayırsız, həm böyüklər üçün tamaşaları təqdim edirsiz. Mənə elə gəlir fərqi siz daha aydın görə bilirsiz?
- Əslində hər birinin özünün çətinliyi var. Sadəcə, böyüklər bağışlamağı bacarır. Böyüklər ola bilər tamaşada olan hər hansı qüsuru nəyəsə görə aktyora, rejissora bağışlaya bilsin, nəyisə keçə bilsin. Tutaq ki, bu günün tamaşaçısı səhnədə olan müəyyən qüsuru kasıbçılıq deyib keçə bilər və ya başqa bir səbəblə bağışlamağı bacarar. Amma uşaqlar bağışlamır. Misal üçün, mən uşaq olanda kəndimizə teatr gəlmişdi, səhnədə aktyorun bığı düşdü, mən hələ də onu bağışlaya bilməmişəm. O mənim yaddaşmıda xoşagəlməz kadr kimi qalıb. Uşaqların bağışlamaq borcları da yoxdu. Ona görə də uşaqlar üçün tamaşa hazırlamaq daha çətin ola bilir. Böyüklərin tutaq ki, yaş həddi nə qədər böyük olsa da, fərq etmir. Tutaq ki, bir tamaşanı 30 yaşlı tamaşaçı kimi 60 yaşlı tamaşaçı da izləyə bilir. Amma uşaqlarda 3-5 yaşlı uşaqlar üçün təqdim olunan tamaşaya, misal üçün, 7-8 yaşlı tamaşaçı baxa bilmir. Onun psixologiyası buna imkan vermir.
- Uşaq psixologiyasını tanımaq məsələsi də uşaq tamaşaları hazırlayarkən vacib amillərdən sayılır fikrimcə.
- Tamamilə doğrudur. Çox önəmli bir məqama toxunmuş oldunuz. Uşaqlarla çalışırsansa, deməli, uşaq psixologiyası ilə tanış olmalısan. Tutaq ki, uşaq tamaşalarını 2 saat təqdim etmək doğru deyil. Uşaq psixologiyası buna imkan verməz. Hətta iki hissəli uşaq tamaşalarının da təqdimatı düzgün deyil. Tutaq ki, uşaq tamaşanın 1 hissəsini izləyib fasiləyə gedirsə, bir fincan çay, qəhvə içirsə, ikinci saatda onu səhnəyə bağlamaq çətin olur. Baxın, psixoloqların da məsləhəti ilə məktəblərdə də dərslər 45 dəqiqədən artıq olmur. Bu xırda, əslində önəmli məqamlara mütləq diqqət yetirmək vacibdi.
- Sosial media, internet dünyası inkişaf edəndə bəzilərinin fikrincə, teatr ölü bir məkan olub. Sizcə, uşaqların kiçik yaşlarından teatrlara aparılması, səhnə ilə tanışlığı onların gələcəkdə teatrla bağlılığına nə dərəcə təsirini göstərə bilir. Teatrla tamaşaçı ünsiyyəti uşaq vaxtından yaradılmalıdımı?
- Rəhmətlik Elçibəyin bir maraqlı sözü var idi. Deyirdi ki, elə şey var ki, onu xalqın müzakirəsinə çıxarmaq lazım deyil. Bu sözdə, fikirdə böyük məntiq, həqiqət var. Elə şeylər var ki, onu uşağın ixtiyarına buraxmaq olmaz. Bunlardan biri teatrdı. Uşağı teatra bəlkə də birinci dəfə məcbur aparmaq lazımdı. Teatrı uşaq vaxtından uşağa sevdirmək lazımdı. Teatr vəzifəsi isə odur ki, ilk dəfə gələn balaca tamaşaçının ikinci dəfə o teatra gəlməsini təmin edə bilsin.
- Deməli, burada ən böyük məsuliyyət valideynlərin, məktəblərin, müəllimlərin üzərinə düşür. Onlar uşaqlara teatr məkanını tanıtmalıdırlar.
- Bəli, valideyn uşağı teatrla tanış etməlidi. Məktəblərdə teatr təbliğ olmalıdır. Çox yanlış fikirdir ki, teatr dönəmi bitib, ölüb. Teatr ölə bilməz. Hətta kinonun bəlkə zamanı bitə, tükənə bilər. Amma teatr canlı ünsiyyət məkanıdırsa, bu, bitə bilməz. Teatr ölə, öldürülə bilməz.
Tahirə Məmmədqızı