Putin Rusiyaya qarşı yaradılan tribunaldan sonra Avropa ölkəkəri və Ukrayna ilə danışıqlara getməyəcək
“Ukrayna lideri və Avropa ölkələri Rusiyanı qıcıqlandıracaq təşəbbüslərdən ziyadə, sülhə doğru yumşaq addımlar atmalıdır"
Ötən il Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Şurasının Baş katibi Rusiyanın Ukraynaya qarşı təcavüz cinayətlərinin araşdırılması məqsədilə Xüsusi Tribunalın yaradılması haqqında saziş imzalayıblar. Artıq Fransa da təşəbbüsə qatıldığını elan edib. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə bütün dövlətləri tarixi prosesə qoşulmağa çağırıb. Xüsusi tribunal araşdırmalar əsasında sübutlar toplayaraq,
Ukraynaya qarşı törədilən təcavüzkar əməllərə görə ittiham aktları hazırlayacaq. Növbəti mərhələdə İslandiya və Polşanın da qoşulacağı bildirilir. Sənəd yaxın zamanda Avropa Şurasında səsverməyə çıxarılacaq. Bu təşəbbüsün Rusiya ilə Ukrayna arasında dörd ildir davam edən müharibənin gedişinə necə təsir göstərəcəyi sual altındadır.
Mövzu ilə bağlı siyasi şərhçi İlqar Vəlizadə Sherg.az-a bildirib ki, Avropa ölkələri ilə Ukrayna bu qurumu yaratmaqla, Rusiyaya göz dağı verməyə çalışırlar:
“Rusiyaya qarşı yaradılan digər qurumlar kimi bunun da əhəmiyyəti olmayacaq. Onlar Putinin cinayət əməllərini ortaya saçmaq niyyətindədir. Əgər bununla Rusiyanın reputasiyasını zədələməyi istəyirlərsə, nəticə gözlədikləri kimi alınmayacaq. Vaxtilə, Beynəlxalq Cinayət Məhkəməsi də Putinə qarşı həbs orderi vermişdi. Ancaq o, hələ də azadlıqdadır. Halbuki, məhkəmənin səlahiyyətləri və işçi kütləsi yeni yaradılan qurumdan dəfələrlə üstündür”.
Analitikin sözlərinə görə Putinlə yanaşı, İsrailin Baş naziri Benyamin Netanyahunu da törətdiyi cinayət əməllərinə görə mühakimə ediblər:
“İndiki vəziyyətə baxanda real nəticənin olmadığını görürük. Rusiyanın "təcavüz cinayət"lərinin araşdırılması əks-effekt doğuracaq. Ukrayna və Avropa ölkələrinin birgə fəaliyyəti Rusiyanın qıcıqlanmasına səbəb olacaq. Tarixi təcrübə göstərir ki, yaradılan qurumlar nə qarşı tərəfin reputasiyasına ciddi zərər vurur, nə də onu müharibə əməllərindən əl çəkməyə məcbur edir”.
İ.Vəlizadə qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi başladığı dönəmdə əks-səda doğuran təşəbbüslər edildi:
“Həmin təşəbbüslərin işə yaramadığını davam edən şiddətli müharibə də göstərir. Necə deyərlər, elin gözü tərəzidir. Bütün siyasi proseslər açıq-aşkar ortadadır. Ukrayna lideri və Avropa ölkələri Rusiyanı qıcıqlandıracaq təşəbbüslərdən ziyadə, sülhə doğru yumşaq addımlar atmalıdır".
Ekspertin qənaətinə görə Putin Rusiyaya qarşı yaradılan tribunaldan sonra Avropa ölkəkəri və Ukrayna ilə danışıqlara getməyəcək:
“Bu proses də müharibənin uzanmasına səbəb olacaq. Əfsuslar olsun ki, yaradılan qurumlar və sərt bəyanatlar insanların müharibə qurbanına çevrilməsinin qarşısını almır. Bəs bu təşəbbüslərin əhəmiyyəti nədir?! Onların məqsədi bir neçə ölkəni təşkilatda birləşdirməklə, ictimai təfəkkürdə “saxta qalibiyyət” təsəvvürünü formalaşdırmaqdır”.