"Ən müxtəlif səbəblərdən gənclərin toy günündə biri-birinə verdiyi vədlər yaddan çıxır. Hadisələr o qədər sürətlə baş verir ki, gənclər nədən ayrıldıqlarının belə fərqinə varmırlar"
Uşaqlı ailələrdə boşanma artıb
Ailənin təməli möhkəm qurulmalıdır ki, bütün çətinliklərə duruş gətirə bilsinlər
"Ən müxtəlif səbəblərdən gənclərin toy günündə biri-birinə verdiyi vədlər yaddan çıxır. Hadisələr o qədər sürətlə baş verir ki, gənclər nədən ayrıldıqlarının belə fərqinə varmırlar"
"Ən müxtəlif səbəblərdən gənclərin toy günündə biri-birinə verdiyi vədlər yaddan çıxır. Hadisələr o qədər sürətlə baş verir ki, gənclər nədən ayrıldıqlarının belə fərqinə varmırlar"
Yeni statistika açıqlanıb. Uşaqlı ailələrdə boşanma halları artıb. Azərbaycanda biruşaqlı ailələrdə boşanma halları təxminən 71 faiz, iki və daha çox uşağı olan ailələrdə boşanma halları 38 faiz artıb.
Hansı ki, boşanmaya ən çox rəvac verən amillərdən biri kimi sonsuzluq səbəb göstərilirdi. Əgər övladın yoxdursa, sənin ailəli olmağa haqqın da yoxdur. Məhz bu düşüncə tərzi minlərlə ailənin dağılmasına səbəb olub.
Statistik göstəricilərdən isə aydın olur ki, ötən illərdə uşağı olmayan ailələrdə boşanma halları nisbətən azalsa da, uşaqlı ailələr arasında boşanmaların sayı çoxalıb. Əslində boşanmaya səbəb olan amillər müxtəlifdir. Necə ki, ailələr fərqli stereotiplər və kriteriyalar üzərində qurulur, ayrılan cütlüklər də fərqli amillər üzündən bu addımı atırlar. Qərbdə gənclər ailə həyatı qurarkən qarşı tərəflə bütün cəhətlərin üst-üstə düşüb-düşmədiyinə çox önəm verirlər. Bizdə isə qızlar oğlanın imkanına, evinə, maşınına, oğlanlar isə bu qızın həyatında ilk olub-olmadığına daha çox diqqət yetirir.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Azərbaycanda ailələrin ən çox xarakter uyğunsuzluğu, sonsuzluq və kənar müdaxilələr səbəbindən dağıldığını söyləyib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil. Erkən və qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmaması ailələrdə boşanma hallarına səbəb olur.
Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib ki, Azərbaycanda internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək. Komitə rəsmisi bildirib ki, hazırda ölkədə məişət zorakılığı boşanmanın ən birinci səbəbi hesab edilir. Lakin o, belə hesab edir ki, əvvəllər ailələrdə məişət zorakılığı hallarının olması boşanmaya səbəb olmurdu. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də boşanmaların artmasında sosial şəbəkələrin də xüsusi rol oynadığı qənaətindədir.
Qadın Konsensus Mərkəzinin sədri Aynur Camalqızı isə boşanmaların səbəbinin birmənalı olmadığını deyib. Onun sözlərinə görə, ən müxtəlif səbəblərdən gənclərin toy günündə biri-birinə verdiyi vədlər yaddan çıxır. Hadisələr o qədər sürətlə baş verir ki, gənclər nədən ayrıldıqlarının belə fərqinə varmırlar. İnsanların birgə yaşamasının həddindən artıq mürəkkəb proses olduğunu qeyd edən Aynur xanım hesab edir ki, müxtəlif ailələrdə böyüyən insanların biri-birinə alışması, öyrəşməsi, güzəştə getməsi hövsələ tələb edir. Bu mərhələni keçməyə isə hər cütlük müvəffəq olmur:
"Bizim ölkədə ailə institutuna çox böyük önəm verilir. Ailənin təməli möhkəm qurulmalıdır ki, bütün çətinliklərə duruş gətirə bilsinlər. Amma bir çox hallarda Azərbaycanda gənclər valideynlərinin seçdiyi insanlarla ailə qurduqları üçün güzəştə getməyi bacarmırlar, çünki onları biri-birinə bağlayan sevgi telləri olmur.
Onlarla belə səbəb sadalamaq olar. Əgər cütlüklər arasında qarşılıqlı hörmət yoxdursa, əvvəl-axır o ailə dağılır. Evli insanlar təkcə ər-arvad yox, həmçinin də iki yaxın dost olmağı bacarmalıdırlar. Məhz dostluq cütlüklər arasında güvən və qarşılıqlı anlaşmanın təməlini qoyur. Əgər evli insanlar plan, düşüncə, ideyalarını biri-biri ilə bölüşür, həyat yoldaşından məsləhət alırsa, o zaman aralarındakı bütün problemləri həll edə biləcəklər”.
Boşanmalar zamanı uşaqların ciddi psixi təsirə məruz qaldığını vurğulayan A.Camalqızı deyib ki, onlar ya ata, ya da ana sevgisindən məhrum olurlar. Kiçik yaşlarından bu travma ilə böyüdükləri üçün özlərinə inam və həyata ümidləri çox az olur:
"Mənə elə gəlir ki, valideynlər özlərindən daha çox övladlarının gələcəyini düşünməli və ona uyğun addımlar atmalıdırlar”.
Mərkəz rəhbərinin sözlərinə görə, qadın və kişi arasında ciddi, həllolunmaz bir problem varsa, onlar son çıxış yolunu ayrılıqda görə bilərlər.
"Əks halda evliliyi məcburi davam etdirmək arzuolunmaz faciələrə yol aça bilər. Amma bir də görürsən ki, elə bir xırda məsələnin üstündə boşanırlar ki, o insanların ağlına şübhə edirsən. Bu yaxınlarda eşitdim ki, yeni doğulan uşağa qoyulacaq ad üstündə ailə dağılıb. Səbəb də odur ki, qadın övladına öz, kişi də öz atasının adını qoymaq istəyib. İnanın, bizim bilmədiyimiz o qədər mənasız, gülünc səbəblər boşanmalara yol açır ki...”
Şəymən