Bəzən Mehman kimi qurbanları öz toruna salmağı bacaran anti-azərbaycançı şəbəkələr belə gəncləri axıra qədər istismar etməklə onları öz maraqlarına qarşı qoyurlar
Uydurma “aclıq aksiyası” ətrafında növbəti ajiotaj
Daxildəki anti-milli şəbəkə xaricdəki havadarları ilə birgə qarayaxma kampaniyası həyata keçirirlər
Bəzən Mehman kimi qurbanları öz toruna salmağı bacaran anti-azərbaycançı şəbəkələr belə gəncləri axıra qədər istismar etməklə onları öz maraqlarına qarşı qoyurlar
Bəzən Mehman kimi qurbanları öz toruna salmağı bacaran anti-azərbaycançı şəbəkələr belə gəncləri axıra qədər istismar etməklə onları öz maraqlarına qarşı qoyurlar
Əminliklə ifadə etmək lazımdır ki, Azərbaycan iqtidarı güclü, dünyada böyük nüfuza malik, öz milli maraqlarını müdafiə etməyi bacaran dövlət quruculuğunu başlıca vəzifə hesab edir və bu istiqamətdə ardıcıl və prinsipial siyasət həyata keçirir. Hökumət dünya siyasətində güc amilinin böyük rol oynadığını aydın görür və bunun region ölkələri, hətta dünya gücləri ilə bərabərhüququlu əməkdaşlığın əsas şərtlərindən biri sayır. Lakin çox təəssüflər olsun ki, rəhbərlik ərazi və əhali baxımından kiçik bir dövləti beynəlxalq arenada söz sahibinə çevirdiyi və dünya siyasətinin zirvəsində ciddi faktor kimi çıxış etdiyi halda, bəzi destruktiv qüvvələr ayrı-ayrı anti-Azərbaycan dairələrin təsiri altında ölkəni geriyə sürükləməyə, öz çirkin məqsədlərini reallaşdırmağa çalışır. Heç kimə sirr deyil ki, 25 ildir "müxalifət” adı altında radikal və destruktiv fəaliyyət göstərən anti-milli qruplar öz iş metodlarını dəyişə, yeniləşə bilmir.
Onlar hər fürsətdə Azərbaycanın milli maraqlarına, dövlətə və xalqa qarşı mübarizədə ən iyrənc vasitələrdən istifadə edirlər. Bu qrupların gücü meydana 1000-2000 adam toplayıb dövləti və xalqı təhqir etməyə çatır. İmkan verilərsə, 2003-cü ildə olduğu kimi iğtişaşlar törətmək, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərərlər. Əslində həmin natamam qüvvələrin öz çirkin fəaliyyətlərini sosial şəbəkələrə keçirməsinin, hakimiyyətə qarşı təhqir, yalan, şantaj kampaniyaları təşkil etməsinin əsas səbəbi odur ki, özlərindən çox güclü rəqiblə mübarizə apara bilmədiklərini başa düşürlər. Ona görə də sosial şəbəkə üzərindən qanunsuz əməllər törətdiyinə görə hazırda həbsdə olan bloger Mehman Hüseynovun uydurma "aclıq aksiyası” ətrafında növbəti ajiotaj yaradıblar.
Neçə gündür, daxildəki anti-milli şəbəkə xaricdəki havadarları ilə birgə qarayaxma kampaniyası həyata keçirirlər. Bu sabit marginal qruplar vaxtilə hakimiyyətdə olduqları dövrün xiffətini çəkir, siyasi səhnədən getməli olduqlarını qəbul edə bilmir, 90-cı illərin ab-havası ilə yaşayırlar. Bu gerilik artıq onlarda psixoloji problem həddinə çatıb. Özünü "ana müxalifət” kimi təqdim edən AXCP sədri Əli Kərimlinin davranışlarının təhlili də göstərir ki, o, normal, şüurlu şəkildə hərəkət edən şəxs deyil. Çünki 25 ildən artıq müddətdə müxalifətdə olmaq, hər dəfə eyni fikirləri təkrarlamaq, özünü Məhsul stadionunun "demokratik prezidenti” kimi təsəvvür etmək, ətrafındakıları fantastik iddialara inandırmağa çalışmaq, sonda isə reallığa qayıdıb öz miskin durumu ilə barışmaq ən soyuqqanlı insanda da fəsad yaratmaya bilməz.
Buna görə də onun və yaxın ətrafının bütün çıxışları, sosial şəbəkələrdə paylaşdıqları, mitinqlərdə söylədiyi fikirlər "xəstə təxəyyülünün məhsulunu” xatırladır və adi boşboğazlıqdan başqa bir şey deyil. Natamamlıq sindromundan əziyyət çəkənlər oyun qaydalarını qəbul edə bilmir, özündən çox güclü rəqiblə bacara, iddialarını reallaşdıra bilmədiklərinə görə əziyyət çəkirlər. Lakin yenə də 10 milyonluq xalq "məhz mən deyən kimi yaşamalıdır” fantaziyasından əl çəkmirlər. Onlar dərk edə bilmirlər ki, bugünkü Azərbaycan artıq 1993-cü ildəki dövlət deyil, dünyada qəbul edilən, nüfuzlu, güclü, özünü müdafiə etməyi bacaran, öz sözünü deyən bir dövlətdir.
Azərbaycan cəmiyyəti bunları müasir dövlət idarəçiliyində görmür və bu qaragüruhun bir vaxt hakimiyyətə gələcəyi günü təsəvvürünə belə gətirmir. Bütün fəaliyyətini sosial şəbəkələrdə keçirən və feyk profillər vasitəsilə ictimai rəyi formalaşdırmağa çalışan qaragüruh hesab edir ki, istənilən cəmiyyətdə baş verə biləcək ən adi hadisəni faciə səviyyəsinə çatrımaqla hakimiyyəti ictimai qınaq hədəfinə çevirə bilər.
Cinayət törədərək haqlı cəzasını almış bir şəxslə bağlı yalan məlumatlar əsasında kampaniya təşkil etmək, bu hadisəni az qala dövlət əhəmiyyətli məsələyə çevirmək cəhdi bu insanların nə qədər qeyri-ciddi olduğunu və cəmiyyətə hörmətsiz yanaşdıqlarını göstərir. Məlumat verək ki, Mehman Hüseynov 2017-ci ilin martın 3-də həbs olunub. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib. O, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı cinayət işi başlanıb.
Ancaq fürsəti əldən verməyən anti-milli qruplar və onların xaricdəki havadarları bu hadisəni Azərbaycanın əleyhinə növbəti kampaniya başlamaq üçün fürsət kimi istifadə edirlər. Məsələ elə təqdim edilir ki, guya, M.Hüseynov quru aclıq keçirir, səhhəti kritik durumdadır. Lakin Ədliyyə Nazirliyi Penitensiar Xidmətin məlumatına əsasən, Mehman Hüseynov aclıq aksiyası keçirmir və səhhəti qaydasındadır. Onun qidalandığı, vəkili ilə görüşdüyü, ailə üzvləri ilə telefonla danışdığı rəsmi məlumatda təsdiqini tapır.
Reallıq odur ki, Mehman Hüseynov jurnalist deyil, onu mediaya bağlayan yeganə səbəb qardaşı Emin Hüseynovun Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu adlı qurum yaratmasıdır. Qardaşı gizli yolla başqa ölkəyə qaçırıldıqdan sonra M.Hüseynovun da mühacir kimi xaricə çıxmasını təmin etmək məqsədilə onun guya "bloger” olması və hakimiyyəti tənqid etdiyinə görə təzyiqlərlə üzləşməsi barədə rəy formalaşdırmağa cəhd göstərildi. Əslində, aclıq aksiyası siyasi üsuldur və dünyanın müxtəlif ölkələrində bu metoddan istifadə olunur.
Məsələni "Şərq”ə dəyərləndirən millət vəkili Hikmət Babaoğlu deyib ki, son günlər anti-azərbaycançı mərkəzlər yenidən Azərbaycanda süni gündəm yaratmağa və bu məqsədlə Mehman Hüseynov adlı, barəsində məhkəmə hökmü olan birisini süni şəkildə gündəmə alət etməyə çalışırlar. Deputatın sözlərinə görə, əslində bu hay-küyün M.Hüseynovla heç bir əlaqəsi yoxdur:
"O, Azərbaycan vətəndaşı olaraq qanunun tələblərini pozub və hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmənin qərarı ilə məsuliyyətə cəlb edilib. İndi isə onu bu vəziyyətə düşməyə təhrik edənlər onu növbəti qanun pozuntusuna cəlb etməklə vəziyyətdən sui-istifadə edirlər. Bunlar yolverilməzdir və heç bir beynəlxalq istismarçı şəbəkənin bunu etməyə haqqı yoxdur. Təəssüf ki, bəzən Mehman kimi qurbanları öz toruna salmağı bacaran anti-azərbaycançı şəbəkələr belə gəncləri axıra qədər istismar etməklə onları öz maraqlarına qarşı qoyurlar. Hazırda baş verənlər də növbəti belə oyunun bir həlqəsidir. Azərbaycana qarşı cəbhə açan belə şəbəkələri nə Mehmanın taleyi, nə də Azərbaycanın mənafeyi maraqlandırır. Tam əksinə, onlar hüquq və demokratiya müdafiəçiləri kimi görünməklə əslində Azərbaycana qarşı düşmənçilik edir, onun beynəlxalq nüfuzuna kölgə salmağa çalışırlar. Ölkəmizin dünya ictimai rəyində antidemokratik obrazını yaratmağa cəhd edirlər”.
Parlament üzvünün sözlərinə görə, Mehman Hüseynovun həbs edilməsi həmin mərkəzlər üçün bir qənimətdir:
"Hazırkı mürəkkəb beynəlxalq şəraitdə söhbət xalqların qlobal müstəvidə mübarizəsindən gedir. Bu mübarizənin qalibləri öz təhlükəsizliklərini təmin edib yaşayacaq, məğlubları isə milli dövlətçiliklərini itirəcəklər. Ona görə də Azərbaycanın əldə etdiyi heç bir uğur imperialist mərkəzlər tərəfindən həzm edilmir. Onlar güclü, təhlükəsiz, özünü müdafiə etməyi bacaran, Lələtəpə, Günnüt əməliyyatları keçirməyə qadir olan, qlobal meqalayihələri həyata keçirən və nəhayət, bir gün öz ərazi bütövlüyünü təmin edə biləcək Azərbaycanı istəmirlər. Məsələnin qısa mahiyyəti bundan ibarətdir. Ona görə də vaxtaşırı biz bu tipli manipuliyasiyalarla üzləşirik. Ancaq məsələ ondadır ki, artıq anti-azərbaycançı mərkəzlərin belə senarilərinə qarşı Azərbaycanda ictimai immunitet yaranıb və bənzər metodlarla ölkəmizə təzyiq etmək mümkün deyil”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi ekspert Azər Həsrət də deyib ki, bu qüvvələrin məqsədləri bizə bəllidir:
"İlk dəfə deyil ki, belə durumla qarşılaşırıq. Mehman Hüseynovla bağlı məsələ göz önündədir. Özü şəxsən təsdiq edib ki, heç bir aclıq aksiyası keçirmir, sadəcə olaraq bir gün ac qalıb və bununla da aksiyanı dayandırıb. Onun səhhətində heç bir problem yoxdur və ailəsi ilə əlaqə saxlaya bilir. Ancaq bütün bunlara rəğmən məlum dairələrin bu cür çirkin oyun aparması təsadüfi deyil. Onlar hər zaman əllərinə düşən fürsətdən yararlanmağa çalışırlar. İstənilən hadisəni özləri üçün əlavə fürsətə çevirmək istəyirlər. Məhz bu məqsədlə M.Hüseynov ətrafında ajiotaj yaradılır, uydurma məlumatlar tirajlanır. Dünyanı Azərbaycanın üzərinə qaldırmağa çalışırlar. Ancaq təbii ki, hansısa üç-beş adamın açıqlaması ilə heç kim üzərimizə gələsi deyil. Həmin mərkəzlər özləri deyib, özləri də eşidəcək. Ona görə ki, Azərbaycan dövləti heç vaxt öz siyasətini bu cür mərkəzlərin və ya şəxslərin basqıları hesabına formalaşdırmır. Bu baxımdan düşünürəm ki, kampaniya bir neçə gündən sonra bitəcək və növbəti dəfə ifşa olunacaqlar”.
İsmayıl