Üzeyir bəyin möhtəşəm əsəri Moskvada səslənəcək

“Leyli və Məcnun” indiyədək xeyli ölkələr “gəzsə” də, Rusiyada qonaq olmamışdı


Məcnunun naləsini, Leylinin sədasını eşidib ayaq saxlamamaq qeyri-mümkündür. Əminəm ki, dünən Azərbaycan Milli Konservatoriyasının yanından keçənləri dahi Üzeyir musiqisi əfsunlayıb. Tarın, kamanın qəlbləri fəth edən səsi yoldan ötənləri ayaq saxlamağa məcbur edib. Təsəvvür edin ki, biz zalda əyləşənlər necə bir əfsuna düşmüşdük. Məcnun nalə, Leyli ah çəkirdi; xalq artisti Mənsum İbrahimov və tələbəsi, gənc xanəndə Arzu Əliyeva tədbirə gələnləri muğam möcüzəsi, Üzeyir musiqisinin cazibəsinə salmışdılar. Amma bunlar hamısı bir qədər sonra baş verdi. 

AMK-nin rektoru, professor Səyavuş Kərimi, simfonik orkestrin dirijoru, maestro Yalçın Adıgözəlov, tamaşanın quruluşçu rejissoru Bəhruz Quliyev qarşıdakı möhtəşəm layihə haqqında məlumat verdikdən sonra.

Layihə isə həqiqətən də dəyərlidir. "Leyli və Məcnun” operası ilk nümayişindən 110 il ötdükdən sonra Rusiyanın paytaxtı Moskvada səhnəyə qoyulacaq. Oktyabrın 16-da Moskvanın "Crocus City Hall” konsert zalında Şərqdə ilk opera - təkcə Azərbaycan musiqisinin, incəsənətinin deyil, dünya mədəniyyətinin incisi, Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun” operası nümayiş olunacaq. Bu hadisə Azərbaycan mədəniyyəti tarixində bir ilk olacaq. Çünki "Leyli və Məcnun” indiyədək xeyli ölkələr "gəzsə” də, Rusiyada qonaq olmayıb.

Dünənki tədbirin təşkilatçıları və iştirakçıları da məhz bu məqamın üzərində dayandılar.
AMK-nin rektoru, professor Səyavuş Kərimi "Leyli və Məcnun”un Moskvada tamaşaya qoyulmasını fövqəladə hadisə adlandırdı:

- Böyük qürur hissi ilə deyirəm ki, biz fövqəladə bir hadisə ərəfəsindəyik. Mən bu hadisəni 1938 və 1958-ci illərdə Moskvada Azərbaycan mədəniyyəti günləri dekadası ilə müqayisə edərdim. O dekadada Bülbülün, Şövkət xanım Ələkbərovanın, Sara Qədimovanın... çıxışları bu gün də "Qızıl Fond”da qorunur. Həmin lent yazısına baxanda qürur hissi keçiririk. İndi də Azərbaycan Milli Konservatoriyasının payına bir əsr sonra yenidən ölçüyəgəlməz qürur, fəxarət hissi duymaq imkanı düşdü. Bizim üçün gözəl bir fürsət yaranıb ki, Üzeyir bəyin bu möhtəşəm əsərini Moskvada səsləndirək və minlərlə insanı bu gözəl, füsunkar opera ilə tanış edək. "Leyli və Məcnun” operası Moskvanın ən böyük konsert zallarından biri, Müslüm Maqomayevin adını daşıyan zalda səhnəyə qoyulacaq. "Leyli və Məcnun” İstanbulda olub, Tacikistanda olub, ancaq Moskvada birinci dəfədir. Bu da bizim üçün xüsusi əhəmiyyət daşıyır. Rusiyada 3 milyona yaxın həmvətənimiz yaşayır. Mədəniyyətlərin yaxınlaşması ölkələr arasında yaxınlaşmaya xidmət edir. Onu da deyim ki, hazırda Moskvada da bununla bağlı böyük ajiotaj yaşanır, maraq çox böyükdür. "Leyli və Məcnun”un Moskvada səhnəyə qoyulması Azərbaycan musiqisinə böyük şərəf və qürurdur.

Simfonik orkestrin dirijoru Yalçın Adıgözəlov Üzeyir bəyin adıyla bağlı olan nə varsa hər bir azərbaycanlı üçün müqəddəs olduğunu vurğuladı:

- Üzeyir bəy bir zirvədir. Xoşbəxt xalqıq ki, Allah bizə Üzeyir bəyi bəxş edib. Üzeyir bəy olmasaydı, bəlkə heç nəyimiz olmazdı. Azərbaycan xalqının mənəviyyatını, musiqisini, mədəniyyətini qoruyan bir dahidir Üzeyir bəy. Ona görə də Üzeyir bəyin adıyla bağlı bu tədbirin qüsursuz, yüksək dərəcədə baş tutmasına hamımız çalışacağıq.

Tamaşanın quruluşçu rejissoru Hafiz Quliyev isə "Crocus City Hall” konsert zalının proqramının zəngin olması səbəbindən yalnız oktyabrın 16-sı səhər tamaşanın başlanmasına bir neçə saat qalmış zala daxil ola biləcəklərini xatırlatdı və qarşıda onları gərgin əmək gözlədiyini dedi:

- Bizim yalnız bir neçə saat vaxtımız olacaq ki, texniki işləri tamamlayaq. Səhnənin, dekorasiyaların qurulması, işıqlandırma sistemi və s. texniki məsələlər çox vaxt aparan və ciddi işlərdir. Amma bütünlüklə, bir komanda olaraq çalışacağıq ki, işimizin öhdəsindən gələk və Üzeyir bəyin bu ölməz əsərini ən əvvəl onun öz adına, şan-şöhrətinə və Azərbaycanın adına layiq şəkildə tamaşaçılara təqdim edək.
Opera səhnəmizin Məcnunu - Mənsum İbrahimov, Leylimiz - xanəndə Arzu Əliyeva isə çox həyəcanlı olduqlarını bildirdilər. Mənsum İbrahimov "baxmayaraq ki, 140 dəfə Məcnun "olmuşam”, bu dəfə xüsusilə həyəcanlıyam, çünki bu, həqiqətən də böyük bir mədəniyyət hadisəsidir” dedi.

Elə bundan sonra da "Leyli” və "Məcnundan” operadan bir partiya səsləndirmələri xahiş olundu. Sevilən musiqilərimiz - Elçin Həşimov və Elnur Əhmədovun müşayiəti ilə Mənsum İbrahimov Arzu Əliyevanın ifasında dahi Üzeyirin füsunkar əsəri səsləndi və zalı ovsunladı.

S.Kəriminin təbirincə desək, "əfsanəvi Məcnun” xalq artisti Arif Babayev Moskvaya yollanan sənət dostlarına xeyir-dua verdi, uğurlar arzuladı. Yalçın Adıgözəlov isə bir daha xatırlatdı ki, "Leyli və Məcnun”un Moskva səhnəsinə çıxmasına təkcə Azərbaycan mədəniyyəti kontekstində baxmaq lazım deyil, bu, milli ideyadır və onun layiqli həyata keçməsinə hamı çalışmalıdır: 

"Leyli və Məcnun”un Moskvada səhnələşdirilməsi Şərq operası prizmasından Azərbaycanın tanıdılmasına xidmət edəcək. 6 minlik seyrçi tutan bir zalda ancaq həmvətənlərimizin olacağını düşünmək də absurddur. Tamaşanı seyr etməyə başqa millətlərin nümayəndələri, Rusiyanın görkəmli incəsənət xadimləri, ziyalıları gələcəklər. Bu tamaşa Üzeyir bəyin ölməz əsəri timsalında Azərbaycan incəsənəti və mədəniyyətinin qələbəsi olacaq.

Məlahət Rzayeva