Siyasi müstəvidə məğlub olanlar intihar hücumlarına başlayıb
Vahiməli sınaq...
Qətl Ərdoğanla Putini ayırmadı
Siyasi müstəvidə məğlub olanlar intihar hücumlarına başlayıb
Siyasi müstəvidə məğlub olanlar intihar hücumlarına başlayıb
Ötən gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada iştirak etdiyi sərgidə sui-qəsdə məruz qalıb. Ağır yaralanan diplomat dərhal xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni 1994-cü il təvəllüdlü polis əməkdaşı Mövlut Mert Altıntaş törədib. Rus səfirə hücumla əlaqədar 4 nəfər nəzarət altına alınıb. Olaydan sonra qatilin ailəsi də saxlanılıb.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, çevik polis alayının əməkdaşı olan qatil 15 iyul qiyamı zamanı Diyarbakırda ezamiyyətdə olub. 2 günlük ezamiyyətdən sonra Ankaraya qayıdıb. Sui-qəsdçi Ankarada FETÖ mənsubu, "Todays Zaman” qəzetinin müxbirinin evində qalıb. Məlum olub ki, Mert Altıntaş səfirə qarşı cinayətə öncədən hazırlaşıb. O, Çankaya Sənət Qalereyasının yaxınlığındakı oteldə otaq tutub və tədbirin keçirilmə saatını gözləyib. Onun hansısa qüvvələr tərəfindən kəşfiyyat məlumatı ilə təmin edildiyi ehtimal edilir. Maraqlı məqamlardan biri odur ki, qatil İstanbul Prokurorluğunun apardığı cinayət işlərindən birində şübhəli kimi qeyd edilib. 22 yaşlı qatil əvvəllər Rusiya səfirliyinin mühafizəsində çalışıb.
"Qətl rus-türk münasibətlərinə qarşı açıq təxribatdır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş vermiş hadisənin Türkiyə-Rusiya münasibətlərinə zərbə vurmaq üçün planlaşdırıldığını deyib: "Səfirin qətli münasibətlərimizi pozmağa yönəlmiş bir təxribatdır. Bu vəziyyətdən hazırda özlərinə sərf edən bir şeylər çıxarmaq istəyənləri çox yaxşı bilirik, yaxından təqib edirik. Bunu Türkiyəyə, türk millətinə edilmiş hücum kimi qiymətləndiririk. Putin ilə telefon danışığımız zamanı beynəlxalq terrorçuluqla mübarizədə həmrəyliyimizin daha güclü olması məsələsində razılaşdıq”.
"Andrey Karlov bəyəndiyim dost diplomatlardan biri idi”
Ərdoğan öldürülən Rusiya səfiri ilə bağlı xatirələrini bölüşüb. Ərdoğan deyib ki, qətlə yetirilən səfirlə sonuncu görüşü bir həftə əvvəl olub: "Bir həftə əvvəl Rusiyanın Tatarıstan Respublikasının Prezidenti ilə yanıma gəlmişdi. Birlikdə müzakirələr aparmışdıq. Çox səmimi bir insan idi. Dünən axşam məruz qaldığı sui-qəsd çox üzüntülüdür. Şəxsən öz adımdan və millətim adından bu terroru şiddətlə və qətiyyətlə qınayıram”.
"Bu cinayət Türkiyə-Rusiya münasibətlərinə qarşı yönəlmiş təxribatdır”
Rusiya Prezidenti Vladimir Putin deyib ki, törədilmiş cinayət Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına və Suriyadakı sülh prosesinə qarşı yönəlmiş təxribatdır: "Bu proses Rusiya, Türkiyə, İran tərəfindən aktiv şəkildə irəli aparılır. Buna qarşı yalnız bir cavab ola bilər: terrorla
mübarizəni gücləndirmək. Quldurlar bunu öz üzərində hiss edəcək”. Putin səfirin ailəsinə başsağlığı verərək, onu intellektual və xeyirxah adam adlandırıb. Putin Ankarada rəsm sərgisində güllələnən səfir Andrey Karlovun dövlət mükafatı ilə təltif olunması ilə bağlı göstəriş verib.
Çavuşoğlu: "Onlar cəzalandırılacaq”
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə səfir Andrey Karlova qarşı törədilən terror aktını lənətləyib. Nazir bəyan edib ki, Karlov çətin vəziyyətdə fəaliyyətini davam etdirən möhtəşəm diplomat idi: "Əsas məqsəd Rusiya-Türkiyə münasibətlərini korlamaqdır. Hər iki ölkə bunun fərqindədir. Bu hadisəni törədənlərin məqsədlərinə çatmasına imkan verməməliyik. Terrorun axrasında kimin dayandığını aydın etmək üçün Rusiya və türkiyəli mütəxəssislər birgə fəaliyyət göstərəcək”. Çavuşoğlu əlavə edib ki, Rusiyanın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə mərhum səfirin adı veriləcək: "Bununla bağlı ölkə Prezidenti müvafiq göstəriş verib. Bir daha Rusiya xalqına başsağlığı verirəm. Bütün dünyaya birgə iş görməklə nələrə qadir olduğumuzu nümayiş etdirdik. Suriya və digər məsələlərdə əməkdaşlığımızı davam etdirəcəyik”.
"Onlar məqsədlərinə çatmadılar...”
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, terrorçuluqla mübarizə güzəştsiz olmalıdır: "Bu vəhşi cinayət bir daha göstərdi ki, terrora qarşı mübarizə sərtləşməlidir. Əgər bu terror aktının təşkilatçıları terrorçuluqla mübarizəni, həmçinin, görüşümüzü pozmaq məqsədi güdürdülərsə, onlar bu məqsədlərinə çatmadılar. Beynəlxalq ictimaiyyətin bəzi nümayəndələrinin Suriyada qanuni rejimə dəstəyin terror təhlükəsini artırdığı kimi təqdim etməsi cəhdləri tamamilə yolverilməzdir. Bu, birmənalı şəkildə terrorçuların zərbə altından çıxarılmasıdır. Biz bir qədər əvvəl türkiyəli həmkarımla görüş keçirdik. Türkiyə tərəfi bizim bu qiymətləndirməmizi bölüşür və əminəm ki, İran da bizimlə eyni mövqedədir”.
"Təxribatdır, oyuna getməməliyik”
Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman deyib ki, iki dövlət sağlam düşünməli, qaranlıq qüvvələrin arzusunu gözündə qoymalıdır: "Bu hücumun əsas hədəfi iki ölkə arasındakı əlaqələri korlamaqdır. Çox böyük bir təxribat olduğunu düşünürəm. Hadisənin keçənilki təyyarə böhranı ilə oxşarlıq təşkil etdiyi açıq-aşkar ortadadır. İnanıram ki, hər iki dövlət sağlam düşünərək, qaranlıq qüvvələrin arzusunu gözündə qoyacaq”.
"Səfiri, rus təyyarəsini vuranlar öldürdü”
Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Melih Gökçek isə bildirib ki, bir müddət öncə rus təyyarəsini vuran kimlərdirsə, bu hadisənin arxasında duran da onlardır: "Rus və türk səlahiyyətlilər bu hadisənin arxasında gizlənənləri ortaya çıxaracaqlar. Bu hadisə FETÖ-nün cənub-şərq bölgəsində Rusiya təyyarəsini vurması ilə eynidir. Bundan sonra da bu cür sui-qəsdlər davam edəcək. Amma bundan bir nəticə ala bilməyəcəklər. Cənab səfirin qanı yerdə qalmayacaq”.
"Karlov Suriya müxalifləri ilə təmas içərisində idi...”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ankarada qətlə yetrilən rus səfiri Andrey Karlovun, Suriyada sülh prosesinə dəstək olmaq üçün müxaliflərlə ünsiyyət qurduğunu açıqlayıb. Zaxarova Karlovun Suriya hadisələrində mühüm rol oynadığını deyib: "Karlov suriyalı müxaliflərlə təmas içərisində olan bir insan idi, onlarla dialoq qurmaq üçün çalışırdı. Bu həqiqət, faciəyə tamamilə yeni bir aspekt qazandırır. Karlov Suriyada siyasi prosesi başlamağın nə qədər çətin olduğunu bilən biri kimi özünü sülhə həsr etdi”.
"Sui-qəsdin arxasında NATO-nun kəşfiyyat xidməti var”
Rusiyanın Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frantz Klintsoviç sui-qəsdin arxasında NATO-nun kəşfiyyat xidmətlərinin olduğunu iddia edib. Klintsoviç Ankarada baş vermiş sui-qəsd hadisəsinin planlaşdırılmış bir hadisə olduğunu deyib: "Hər kəs Andrey Karlovun şəkil sərgisində iştirak edəcəyini bilirdi. Sui-qəsdi həyata keçirənlər, Ərdoğana zərər vermək istəyən İŞİD də ola bilər, kürd qüvvələr də. Lakin böyük ehtimalla bu sui-qəsdin arxasında NATO-nun kəşfiyyat xidmətləri durur. Baş verən sui-qəsd həqiqi bir təxribatdır, meydan oxumadır”.
Fətullah Güləndən mesaj: "Onların oynunu poz və işlərini bitir”
Türkiyədə Rusiya səfirinə qarşı sui-qəsdin FETÖ ilə əlaqəsi olması haqda iddialar səslənməkdədir. Pensilvaniyada gizlənən Fətullah Gülənin terror aktından bir gün öncə şifrəli mesaj verdiyi üzə çıxıb. Belə ki, son video çıxışı zamanı Gülən çıxışını "onların oynunu poz və işlərini bitir” sözləri ilə yekunlaşdırıb. Tərəfdarlarına hər zaman şifrəli mesajlar verdiyi bildirilən Gülənin bu çıxışından bir gün sonra Rusiya səfirinin vurularaq öldürülməsi və üstəlik səfirə atəş açan şəxsin Gülən məktəblərinin məzunu olması olayda FETÖ şübhəsini daha da gücləndirib.
"Səfiri öldürən polisin FETÖ-çü olmasında şübhə yoxdur”
Bir zamanlar Gülənin ən yaxın adamlarından olan Lətif Ərdoğan da deyib ki, sui-qəsdçi polis məmuru gülənçidir: "Mövlud Mertin FETÖ-çü olduğu haqda heç şübhəm yoxdur. Müharibədə məğlub olduqları üçün artıq bu tipli intihar hücumlarına başlayıblar. Fətullah son söhbətində "dünyadan əl çəkin və ölün” mənasında şeylər söyləyir. FETÖ canlı bombalarına "cənnət” vəd edir. Bunlar artıq yeni bir hücum taktikasına keçiblər”.
Rus səfirin öldürülməsi anı Putin harda idi?
Ankaradakı rus səfiri Andrey Karlovun güllələnmədən əvvəl Rusiya Prezidenti Vladimir Putinin harada olduğu məlum olub. Hadisədən bir az əvvəl Putin Moskvada bir teatr tamaşasını izləyib. Teatr pyesini isə XIX əsrin əvvəllərində yaşamış İran səfiri Aleksandr Qriboyedov yazıb. İranda səfir olan Qriboyedov 1829-cu ildə baş verən diplomatik böhran zamanı səfirliyə hücum edən bir qrup iranlı tərəfindən qətlə yetirilmişdi. Rusiya tarixi mənbələri bu qətlin arxasında ingilis agenturasının dayandığının yazır. Bu maraqlı təsadüf "Financial Times”in Moskva müxbiri Maks Seddonun diqqətini çəkib.
"Düşmən gözlənilməyən yerdən alçaq hücumlar həyata keçirir”
Millət vəkili Aydın Mirzəzadə deyib ki, Ankarada Rusiya səfirinin amansızlıqla öldürülməsinin arxasında çirkin niyyətlər durur. Deputat bildirib ki, artıq xeyli müddətdir Türkiyədə silsilə terror hadisələri törədən qüvvələr indi yeni, daha təhlükəli ssenari həyata keçirməyə başlayıblar: "Məhz
Rusiya səfirinin öldürülməsi bir tərəfdən yeni-yeni normallaşan Türkiyə-Rusiya münasibətlərini pozmaq, digər tərəfdən isə Türkiyənin beynəlxalq birlikdə nüfuzuna zərbə vurmaq istəyindən xəbər verir. Çox təəssüf ki, antiTürkiyə qüvvələri üçün artıq insanlıq anlayışı yoxdur, qardaş ölkəyə qarşı bütün çirkin oyunlar mümkün hesab edilir. Düşmən gözlənilməyən yerdən alçaq hücumlar həyata keçirir. Belə görünür ki, daha ağırlarını da gözləmək mümkündür. İnanıram ki, Türkiyə bu çətin sınaqdan çıxacaq, onu əzmək istəyənlərin cavabını verə biləcək”.
"Əgər səfirin yanında duran adam ona atəş açırsa...”
Politoloq Cümşüd Nuriyev də hesab edir ki, Rusiya səfirinin öldürülməsi birmənalı şəkildə siyasi təxribatdır: "ABŞ adətən yaxın və uzaq perspektivdə həyata keçirəcəyi siyasəti "Stratfor” Araşdırmalar Mərkəzi vasitəsilə gündəmə gətirir. Corc Fridmanın iki kitabında birmənalı şəkildə ABŞ-ın Rusiyaya qarşı siyasətində Polşa və Türkiyənin önəmli yer daşıyacağı vurğulanırdı. Hazırda Polşada da vəziyyət qarışıb. Türkiyə isə uzun müddətdir terrorla mübarizə aparır. Türkiyə bunu başa düşdükdən sonra müəyyən addımlar atmağa başladı. Ancaq yanlışlıqları düzəltmək həddən artıq çətin idi. Rusiya səfirinin öldürülməsi isə birmənalı şəkildə provakasiyadır. Lakin bu olay Türkiyənin hüquq-mühafizə orqanlarına həddən çox girmiş xarici kəşfiyyatın, PKK-nın, İŞİD-in və digərlərinin olması məsələsini gündəmə gətirir. Əgər səfirin yanında duran adam ona atəş açırsa, deməli, Türkiyədə təhlükəsizlik problemi var”.
İsmayıl