Vaşinqtonun sanksiyaları genişləndikcə İran daxilində sabitlik pozulacaq





"ABŞ cənub qonşumuz İran ətrafında çəmbəri daraltmaqdadır”. Bunu "Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Siyasi şərhçi bildirib ki, rəsmi Tehran öz davamlı təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərqdə geosiyasi qarşıdurmalarda iştirak edir. Məhz buna görə də Amerika tərəfindən beynəlxalq təzyiqlərə məruz qalır: "Vaşinqton birmənalı olaraq Tehranı ballistik raketlərin istehsalını və sınağını, həmçinin nüvə fəaliyyətini ləğv etməyə, Suriya, İraq və digər münaqişəli ocaqlarda silahlı qruplaşmaları maliyyələşdirməməyə çağırır. Göründüyü kimi, iki ölkə arasında dərin problem var və bu problem regionda yeni hərbi-siyasi qarşıdurmalara yol açır. 

Ağ Ev İranın regionda "qeyri-sabitləşdirici təsiri” ilə mübarizə çərçivəsində Varşavada "Yaxın Şərqdə sülh və sabitlik" mövzusunda konfrans keçirməyi, bu tədbiri anti-İran toplantısına çevirməyi planlaşdırır. Konfransa Rusiya və Çinin qatılmayacağı deyilir. Vaşinqton bütün parametrlər boyu İrana sanskiyaları genişləndirir və bu sanksiyalar ölkə daxilində sabitliyi pozacaq qədər inkişaf edəcək”.

Politoloq bəyan edib ki, son aylarda İranın Əhvaz və Bəllucistan regionlarında İran təhlükəsizlk qüvvələrinə qarşı silahlı hücumlar artıb: "Bu onu göstərir ki, ölkə daxilində müəyyən silahlı qruplar fəaliyyətini genişləndirərək, daxildə mütəşəkkil terror hücumlarını genişləndirəcəklər. Bu qrupların maliyyələşməsi əsasən körfəz ölkələrindən idarə olunur. 

Məqsəd İranı daxili problemlərə cəlb etmək, yaxın Şərqdən çıxarmaqdır. Demək olar ki, ABŞ-ın xarici siyasətində əsas prioritet xətti İranın regionda iştirakını bloklamaq və daxili problemlərə cəlb etməkdir. Bu istiqamətdə İsraillə Rusiya arasında da intensiv və konfedensial danışıqlar aparılır. İsrailin mütəmadi İran obyektlərinə hava hücumlarının artması, birbaşa Moskvanın razılığı ilə həyata keçirilir. Çünki Moskva İranın Suriyada güclənməsini istəmir”.

Analitikin fikrincə, Rusiya sanksiyaları yumşaltmaq şərti ilə İrana qarşı ABŞ və İsraillə əməkdaşlıq barədə danışıqlar aparır:

 "Çox güman ki, Rusiya gizli şəkildə Suriyada İrana qarşı hücumları sakitcə seyr edəcək. Artıq İran rəsmiləri Rusiyanın Suriyada İranın müttəfiqi olmadıqlarını qeyd edirlər. İrana qarşı hərbi əməliyyatlar da istisna deyil. Hərbi əməliyyatlar başlayarsa, Ərəb koalisiyası və ABŞ-İsrail birliyi ildırım sürəti ilə İranın bütün hərbi varlığını darmadağın edə bilər. Trampın əsas strategiyası İranı nokauta uğratmaqdır. Çox qorxunc senarilər hazırlanır. İranın destruktiv fəaliyyəti dağıdıcı müharibəyə yol aça bilər”.

İsmayıl