Vəkil məhkəmə orqanlarındakı nöqsanları SADALAYIR

"Bəzi məhkəmələrdə dəftərxana vasitəsilə işlər təqdim edilir, amma sənədlər it-bat olur”.
Bunu "Sherg.az”a məhkəmə orqanlarında islahat aparılmasının zəruriliyindən danışarkən vəkil İradə Cavadova deyib. O bildirib ki, tərəflərə bildirişin getməsi zamanı da problemlər ortaya çıxır:
"Həm vəkillər, həm də tərəflər olaraq, müəyyən problemlərlə üzləşirik. Elə olur ki, nümayəndə və vəkilə qətnamə təqdim olunmur, ancaq tərəfə göndərilir. Hətta tərəfin qeydiyyat ünvanı və yaşadığı ünvan fərqli olduğu üçün qətnamə səhv göndərilir. Əlimdə hazırda bir iş var, şəxs "Sovetski” küçəsində qeydiyyatdadır. Lakin həmin evlər sökülüb, məktublar isə yenə də həmin ünvana gedir. Beləliklə, yaranmış problemdən tərəflərin də xəbəri olmur.
Bundan başqa, eyni məsələ üzrə məhkəmələr fərqli qərarlar verir. Nəticədə iş ali məhkəməyə kimi gedib çıxır. Lakin artıq nəticə baxımından eyni işlər təkrarlandığı halda uzun araşdırılmaması daha yaxşı olardı.
Bir hakimin icraatında həddindən çox işlər olduğu zaman o işlərə hakim yetərincə vaxt ayıra bilmir, səthi yanaşır, ədalətsiz qərar qəbul edir. Çünki hakimin araşdırmaya vaxtı çatmır. Hesab edirəm ki, hakimlərin yükünün azaldılması, daha çox hakimlərin cəlb edilməsi çox yaxşı olar.
Hər instansiya üçün yeni orderlərin təqdim edilməsi də çox üzücüdür. Cinayət işlərində vəkil order təqdim etdikdən sonra Penitensiar Xidmətə hökmən məktub yazmalıdır ki, müdafiə etdiyi şəxslə görüşdün. Hesab edirəm ki, bu yolverilməzdir. Əgər vəkil orderini və öz vəsiqəsini təqdim edirsə, heç bir problem yaranmırsa, istənilən müəssisəyə həmin sənədlərlə daxil ola bilər. Bunun üçün Penitensiar Xidmətdən, yaxud başqa quruma məktub göndərməməlidir. Bu, vaxt itkisidir və vəkilə qarşı laqeyd yanaşmadır.
Vəkil məhkəmə zamanı müdafiə etdiyi şəxslə məhkəmə zalında görüşür, onunla Penitensiar Xidmətə getmək istəyirsə, bu zaman da müraciət etməli olur. Bütün bunlara birmənalı şəkildə dəyişikliklər edilməlidir.
Bəzi ölkələrdə ixtisaslaşmış məhkəmələr fəaliyyət göstərir. Bizdə isə sadəcə Ağır Cinayətlər Məhkəməsi ayrılıb. Məhkəmələrin daxilində mülki işlərə baxan hakimlərin işi daha çox olur. Çünki həddən artıq problemli mülki məsələlər vardır. Yaxşı olar ki, bütün bunların tənzimlənməsi üçün ixtisaslaşmış məhkəmələrin ayrılması həyata keçirildin”.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova məhkəmə sahəsində islahatlara ehtiyac olması haqqında açıqlama verib. O bildirib ki, bəzən işin çoxluğu, hakimlərin və müstəntiqlərin fəaliyyəti ilə bağlı yaranan problemlər insan hüquqlarına təsir edir.
Aysel Aslan