"...Vergi və gömrük siyasəti inflyasiyaya mənfi təsir edir"





"Qiymətlərin artmasında ən başlıca səbəb liberal bazar mühitinin təmin edilməməsidir”.

Bu barədə "Sherg.az”a millət vəkili Yevda Abramovun "Azərbaycanda qiymət qalxdısa, onun enməsi çətin olur. 

İqtisadiyyat Nazirliyi bu məsələyə xüsusi diqqət yetirməlidir”fikirlərini şərh edərkən iqtisadçı - ekspert Rəşad Həsənov bildirib.

O söyləyib ki, Azərbaycan bazarlarında rəqabət mühiti yoxdur:

"Neqativ halların aradan qaldırılması, məmur biznesinin məhdudlaşdırılması, inhisarçılığın zərərsizləşdirilməsi istiqamətində addımlar atılıb, qərarlar qəbul edilib. Lakin hələ də rəqabət mühiti zəifdir. Bazarda qiymətlərin formalaşmasında əsas element olan rəqabət olmadığından problem yaranır.

Digər tərəfdən bu gün həyata keçirilən vergi və gömrük siyasəti inflyasiyaya təsir edir. Əvvəlki dövrlərdə hər iki istiqamətdə sahibkarlar üçün manevr imkanları var idi. Leqal olmayan ticarətin həcmi daha çox yayılmışdı. 

Belə halda sahibkarların xərcləri daha az idi. Onlar öz qiymət siyasətlərini bu xərclər əsasında müəyyənləşdirir və daha aşağı qiymətlər ortaya qoya bilirdilər. Mövcud olan problemlərin həll edilməsi biznesin leqallaşma səviyyəsini yüksəltdi. Lakin vergi və rüsum siyasəti hələ də bunlara uyğunlaşdırılmayıb. Dünya bankının hesabatlarından məlum olur ki, Azərbaycanda kommersiya gəlirlərinin vergi yükü 39,8 faizdir.

Müqayisə üçün deyək ki, qonşu Gürcüstanda bu göstərici 16 faizdir. Gürcüstanın da nefti və digər əhəmiyyətli gəlirləri yoxdur ki, büdcəni onunla təmin etsin. Lakin biz bu ölkənin qeyri-neft gəlirlərinə baxdıqda görürük ki, Azərbaycandan daha çoxdur.

 Neft ölkələrində də kommersiya gəlirlərinin vergi yükü 15-20 faiz arasındadır. Biznesin leqallaşması zamanı sahibkarlıq xərclərinin artmasına və beləliklə qiymətlərin yüksəlməsinə gətirib çıxaran faktdır. Hazırda vergi və rüsum siyasətində ciddi dəyişikliklər edilməsə, biznes leqallaşdıqca qiymətlər də yüksəlir. Hazırda atılması vacib addımlardan biri də budur.

Əgər növbəti dövrlərdə belə çatışmazlıqların aradan qaldırılması nəzərdə tutulubsa, ilk görülən iş liberal bazarın formalaşdırılması, rəqabətin dərinləşdirilməsi olmalıdır. Rəqabətin dərinləşdirilməsi siyasəti aparılmalıdır. Beləliklə istehlak bazarında istehlakçıların xərclərin tənzimlənməsi alıcılıq imkanlarının gücləndirilməsinə nail olmaq olar”.

Aysel Aslan