Vətəndaşlar o din xadimlərinə daha çox inanır

Hacı Şahin: “Səsvermənin tam da real, ictimai rəy olduğunu deyə bilmərəm”
Elşad Miri: “Mən bildiklərimi insanlara çatdırmaqla məşğulam, heç bir qarşılıq da gözləmirəm”
Bu günlərdə vətəndaşlar arasında "Hansı dini ekspert və ya ilahiyyatçıya inanırsız?” mövzusunda sorğu keçirilib. Sorğuya bir sıra tanınmış din xadimi və ilahiyyatçının adı daxil edilib.

Azərbaycan mətbuatının cəmiyyətə tanınmış din xadimi, dini ekspert, ilahiyyatçı kimi təqdim etdiyi simaların sırası elə də geniş deyil. Bəs hazırda efirlərdə, kütləvi-informasiya vasitələrində islam dininin mütəxəssisi kimi müxtəlif mövzularda izah verən həmin şəxslərə inam nə qədərdi?

10 mindən çox respondentin iştirak etdiyi sorğunun nəticəsinə görə, "Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli respondentlərin ən çox etibar etdiyi din xadimidir. Belə ki, o, 58,2 faiz səs toplayaraq sorğudakı əsas rəqibi Hacı İlqar İbrahimoğlunu geridə qoyub.

Sorğuda ikinci olan Hacı İlqar İbrahimoğlu 37,6 faiz, üçüncü yeri tutan ilahiyyatçı Elşad Miri isə 3,28 faiz səs toplayıb.

Maraqlıdır ki, sorğuda cəmiyyətin uzun illərdir tanıdığı Şeyxülislam Allahşükür Paşazadə, Hacı Sabir Həsənli, Hacı Fuad Nurullayev, Vasim Məmmədəliyev, Rafiq Əliyev kimi din xadimləri və ilahiyyatçılar səs toplaya bilməyiblər.

İlahiyyatçı Hacı Şahin "Şərq”ə açıqlamasında bildirib ki, keçirilən sorğu insanların hansı din xadiminə daha çox inandığını əks etdirir: 

"Səsvermənin tam da real, ictimai rəy olduğunu deyə bilmərəm. Hər halda bu, insanların göstərdiyi etimaddır. Çünki sorğularda konkret səsverən insanlar əhatə edilir. Hər halda etimad göstəriblər deyə səsvermə də bu cür nəticələnib”.

Keçirilən sorğuda müəyyən yer tutmağın o qədər də əhəmiyyət kəsb etmədiyini deyən ilahiyyatçı Elşad Miri sadəcə bildiklərini insanlara çatdırmaqla məşğul olduğunu söyləyib: "Bunun üçün də insanlardan heç bir qarşılıq gözləmirəm. Mənim gözləntim ancaq Allahdandır”.

Yeganə Bayramova