Özəl pensiya fondlarının yaradılması əhalinin də, dövlətin də xeyrinədir
Yaxın zamanlarda Azərbaycanda özəl pensiya fondlarının yaradılacağı gözlənilir. Fond yaradılacağı təqdirdə vətəndaşlar vaxtilə artıqlaması ilə ödədiyi pulu sonradan geri ala biləcək.
Almaniyalı ekspert, professor Heis-Ditrix Şteinmeyerin sözlərinə görə, özəl pensiya fondlarının dövlət pensiya fondundan bir sıra üstünlükləri olacaq. Ən əsası isə vətəndaş özəl fonddan daha çox pensiya alacaq.
Ekspert qeyd edib ki, mövcud sistemi saxlayıb ona bir neçə element əlavə olunacaq: "Biz hesabik edir ki, bu yeni sistem həm Azərbaycan üçün, həm də onun vətəndaşları üçün faydalı olacaq. Bu tam olaraq köklü sistem dəyişilməsi deyil, sadəcə olaraq mövcud sistemin təkmilləşdirilməsidir. Sığorta haqlarının təmin edilməsi həm işçi, həm də işəgötürən tərəfindən təmin edilməlidir. Bu zaman vətəndaş daha çox pensiya almaq imkanına sahib olacaq”.
Qeyd edək ki, artıq könüllü pensiya təminatı sahəsində qanunvericilik bazası yaradılır. Hazırda DSMF özəl pensiya fondlarının formalaşdırılması, sığorta-pensiya sistemində yığım komponentlərinin tətbiqi, özəl pensiya fondlarının fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı müzakirələrini davam etdirir. Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə həyata keçirdiyi layihə bu ilin noyabr ayına qədər başa çatacaq.
İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov da açıqlamasında bildirib ki, özəl pensiya fondlarının yaranması ideyası beynəlxalq təcrübəyə əsasən həyata keçirilir: "Dünyanın əksər ölkələrində özəl pensiya fondları fəaliyyət göstərməkdədir. Azərbaycanda özəl pensiya fondlarının yaradılması ona görə vacibdir ki, bu fondun yaradılması ideyası pensiyanın əlavə gəlirlərinin artmasına uyğun olaraq formalaşan ideyadır və əhali bundan sonra özəl müdafiə fondlarına ödəniş etmək imkanlarına malik olur. Bu da imkan verir ki, əhali yalnız dövlət pensiya fondlarına deyil, eyni zamanda özəl sosial müdafiə fondlarına da ödəniş etsin. Bu, artıq könüllü şəkildə vətəndaş tərəfindən seçim edilməsidir. Vətəndaş könüllü şəkildə özəl pensiya fondlarına ödəniş edilməsi ilə bağlı qərar qəbul edir. Burada vətəndaş vəsaitin bir hissəsini özəl pensiya fondlarına ödəməklə gələcəkdə daha yaxşı pensiya təminatına nail olacaq. Bu da imkan verəcək ki, vətəndaş daha yaxşı təmin olunmuş pensiya əldə etsin. Çünki pensiya yaşı tamam olan zaman vətəndaş həm dövlət pensiya fondundan, həm də özəl pensiya fondundan ödənişlərə uyğun olaraq pensiya əldə etmək imkanı qazanacaq. Bu da imkan verəcək ki, artıq hər bir vətəndaş və imkanı olan vətəndaş artıq gənc yaşında yaşlılıq dövrü üçün sosial təminatı təmin etsin. Məsələn, vətəndaşın aylıq gəliri 1500
manatdırsa, onun bir hissəsini (aylıq olaraq 30, 50, hətta 10 manatını belə) özəl pensiya fonduna ödəmək imkanı olacaq. Bu vəsait hər hansı şəxsin büdcəsinə böyük paya malik olmayan pulu özəl pensiya fonduna keçirməklə öz gələcək həyatını sosial baxımdan təmin etmiş olacaq. Dövlət üçün əhəmiyyəti ondan ibarətdir ki, dövlət bununla vətəndaşların vəsaitinin bir qismini cəlb edəcək. Vətəndaşların bir qisminin cəlb edilməsi imkan verəcək ki, həmin vəsaitlər idarə olunsun”.
İqtisadçı hesab edir ki, özəl sosial müdafiə fondlarının yaradılması Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinin genişlənməsinə də şərait yaradacaq: "DSMF maliyyə bazarına daxil olmaq istəyir, bu o deməkdir ki, vətəndaşlara cəlb edilən hər bir vəsait özəl pensiya fondu vasitəsilə artıq maliyyə bazarına daxil olmağa imkan verəcək. Bununla da DMF artıq dövlət büdcəsindən, eyni zamanda, Fond ödənişlərindən kənar bir maliyyə mənbəyi əldə edəcək və həmin maliyyə mənbəyinin əldə edilməsi ona imkan verəcək ki, daha çox gəlir əldə edilsin. Özəl pensiya fondları DSMF tərəfindən deyil, başqa qurumlar tərəfindən də yaradıla bilər. Bu baxımdan özəl pensiya fondlarının yaradılması imkanı nisbətən yaxşı olan vətəndaşlara artıq gələcək pensiya həyatının təminatını indidən formalaşdırmaq imkanı verəcək”.
Şəymən