Vətəndaşların təhlükəsizliyi önəmlidir

Gürcüstan, Türkiyə və Azərbaycan eyni mənbədən təlükəyə məruz qalır
Batumi görüşü regionda yaranmış mürəkkəb vəziyyətin təzahürüdür

"Gürcüstan, Azərbaycan və Türkiyə xüsusi təyinatlıları birgə təlimlər keçirəcək”. Bunu Gürcüstanın müdafiə naziri Levan İzoria ötən gün Batumidə azərbaycanlı və türkiyəli həmkarları ilə üçtərəfli görüşdə deyib. Nazir bir daha bəyan edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında inkişaf edən hərbi əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir:

"Birgə əməkdaşlığımız gürcü, Azərbaycan və türk xalqlarının təhlükəsiz yaşaması və ölkələrimizin iqtisadi inkişafı baxımından önəmlidir. Müdafiə sahəsində birgə fəaliyyətimizi yüksək qiymətləndirirəm. Bu il biz 5 dəfə görüşmüşük. İndiki görüşümüzdə də ən vacib məsələləri müzakirə etdik. Düşünürəm ki, ölkələrimiz arasında getdikcə inkişaf edən əməkdaşlıq formatı daha da genişlənəcək”. 

Nazir üç ölkənin birgə təlimlərdə iştirakına da toxunub: 

"Sentyabr ayında informasiya texnologiyaları üzrə təlimlərimiz olacaq. Gələcəkdə bu cür təlimlərin sayını artırmaq və üç ölkə arasında hərbi əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik”. 

Üç ölkənin artan əməkdaşlığı və bunun faydaları ilə bağlı "Şərq”ə danışan politoloq Vasif Əfəndiyev bildirib ki, Gürcüstan, Türkiyə və Azərbaycan müdafiə nazirlərinin Batumi görüşü regionda yaranmış mürəkkəb vəziyyətin təzahürüdür. Onun sözlərinə görə, region dövlətləri ilk növbədə öz ölkələrinin və vətəndaşlarının şəxsi təhlükəsizliyinin təmin olunması marağındadır: 

"Bu görüşlərin əsas məqsədi də təhlükəsizliklə bağlıdır. Hər 3 ölkə demək olar ki, eyni mənbədən və istiqamətdən təhlükəyə məruz qalır. Gürcüstan və Azərbaycan faktiki olaraq ərazilərinin böyük bir hissəsinin itirmiş vəziyyətdədir. Abxaziya, Cənubi Osetiya və Qarabağ dolayı yolla Rusiya tərəfindən de-fakto işğal edilib. İndiki şəraitdə Gürcüstanın vəziyyəti daha ağırdır. Rusiya açıq və rəsmi olaraq bu ərazilərə təcavüz edərək qondarma Abxaziya və Osetiyanı müstəqil dövlət olaraq tanıyıb. Hazırda qondarma qurumların insanlarına rus pasportu verməklə məşğuldurlar. 

Məlumdur ki, bu siyasət Gürcüstan torpaqlarının işğalının qanuniləşdirilməsi məqsədi ilə aparılır. Türkiyədə vəziyyət görünüşcə fərqli olsa da, mahiyyətcə eynidir. Rusiyanın xeyir duası ilə yaranmış PKK terror təşkilatı 40 ildən artıqdır ki, Türkiyənin hüzurunu pozub və ölkəni bölünmək həddinə çatdırıb. Bu illər ərzində Rusiya ilə aparılan bütün danışıqlar nəticəsiz qalıb. Baş verənlərdən aydın olur ki, regionun təhlükəsizliyi bu ölkələrin hərbi-siyasi və iqtisadi birliyindən keçir. Başqa yol və çarə yoxdur”.

İsmayıl