Hər iki tərəf güclü silahlanma mərhələsini yaşayır
4 günlük müharibədən sonra Dağlıq Qarabağ danışıqlarının hansı məcrada inkişaf edəcəyi ən çox müzakirə olunan mövzulardandır. Əsas sual da budur ki, 23 illik konfliktin həllində gözlənilən sıçrayış olacaqmı? Hələlik görünən odur ki, aprelin 5-dən etibarən yaranan yeni situasiyada ən çox Rusiya fəaldır.
Bu fəallıqla bağlı ziddiyyətli yanaşmalar mövcuddur. Əksəriyyət Moskvanın canfəşanlığını boş görüntü kimi dəyərləndirsə də, bir sıra təhlilçilərə görə, Rusiya Azərbaycan və Ermənistana nəzarəti itirməmək şərtilə həqiqətən nəsə etməyə çalışır. Məsələn, rusiyalı tanınmış politoloq, Putinin etibarlı şəxslərindən sayılan Sergey Markov hesab edir ki, yaxın həftələrdə Qarabağa dair real danışıqlar başlayacaq. Politoloqun sözlərinə görə, ATƏT-in Minsk Qrupu Medvedyevin prezidentliyi dövründə əldə olunmuş "Kazan formulu” üzrə müvəqqəti tarixi kompromisə çıxmaq üçün Ermənistana təzyiq edəcək. Dağlıq Qarabağın statusunun necə olacağına gəlincə isə ekspert deyib ki, bu məsələ kifayət qədər uzaq tarixə saxlanacaq: "Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Kazan formulu sözün həqiqi mənasında Minsk Qrupu tərəfindən zorla irəli aparılacaq. Özü də təzyiqlərin böyük hissəsi Ermənistan rəhbərliyinə olacaq. Ona görə də Ermənistan rəhbərliyi vətəndaşlarına sübut eləməlidir ki, bu kompromis onların ölkəsinə sərfəlidir”. Rusiya prezidentinin sözçüsü situasiyanın müvəqqəti anlaşmanın əldə olunmasına çox yaxın olduğunu söyləyib: "Bu, bir yandan yüz minlərlə azərbaycanlının öz doğma yurduna qayıtmasına, digər tərəfdən Ermənistan iqtisadiyyatının sərbəst inkişafına imkan yaradacaq”. Rusiyalı ekspertin iddiası ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Tofiq Abbasov deyib ki, "Kazan formatı” ATƏT-in Minsk Qrupunun təklif etdiyi Madrid prinsiplərindən elə də çox fərqlənmir. Rusiya bu formata başlayarkən digər həmsədrləri, Fransa və ABŞ-ı razı salıb. Amma ümumilikdə 20 ildən artıq davam edən danışıqlarda, məsləhətləşmələrdə və müzakirələrdə daha çox Madrid prinsipləri əsas götürülüb: "Ermənistan mövcud status-kvonu saxlamaq üçün müxtəlif təxribatlara, bicliklərə əl atıb. Bu da ondan irəli gəlir ki, Madrid prinsiplərində bəzi maddələr erməniləri qane etmir. Vəziyyəti nəzərə alan vasitəçilər daha sonra "yenilənmiş Madrid prinsipləri”ni meydana atdılar. Bu formulda əsasən 5 maddədən ibarət tələblər qoyulurudu ki, onlardan birincisi erməni silahlılarının münaqişə bölgəsindən çıxarılması idi. Düşmən ölkə yeni həll prinsiplərində öz maraqlarının daha çox müdafiə olunacağını güman edirdilər. Amma gördülər ki, köhnə və yeni Madrid formulu arasında elə də ciddi fərq yoxdur, ona görə də danışıqlar prosesində müxtəlif təxribatçı manevrlər etməyə başladılar. Bununla da "Kazan formatı” dalana dirəndi”. Siyasi ekspertin sözlərinə görə, tərəflər arasındakı indiki vəziyyət çox mürəkkəbdir. Hər iki tərəf güclü silahlanma mərhələsini yaşayır: "Əgər bitməmiş müharibənin ikinci fazası başlayarsa, Cənubi Qafqazda dəhşətli vəziyyət yarana bilər. Burda söhbət təkcə torpaq uğrunda mübarizədən getmir. Həmçinin, bölgə ölkələrini birləşdirən mühüm enerji, nəqliyyat və su layihələrinin təhlükəsizliyi də önəmli məsələlərdir. Əgər hərbi əməliyyatlar genişlənərsə, qonşu dövlətlər münaqişədən kənarda qala bilməyəcəklər. O halda siyasi vəziyyət nəzarətdən çıxacaq. Bu səbəbdən Minsk Qrupundakı üçlük siyasi prosesləri canlandırmağa çalışır. Ermənistan tərəfi isə Azərbaycanı "çərlətmək” yolu ilə münaqişənin həllini uzatmağa səy göstərir. Lakin aprelin əvvəllərində baş verən "mini müharibə” düşmən tərəfi əməlli-başlı qorxuya saldı. Ümid edirik, düşmən tərəf daha konstruktiv mövqe sərgiləyəcək”.
İsmayıl