Vəziyyət mürəkkəbdir...

Lavrov İrəvanda “Qarabağ danışıqları uzanacaq” dedi
Rusiyanın XİN başçısı sübut etdi ki, münaqişənin uzanmasının əsas səbəbkarı Kremldir




Bakıdan sonra Ermənistana səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrov düşmən ölkədə bədbin bəyanatlar səsləndirib. Ölkəmizdə nisbətən nikbin proqnozlar verən Rusiya XİN rəhbəri Ermənistanda işğalçı rejimə sərf edən fikirlər dilə gətirib. Lavrov deyib ki, Dağlıq Qarabağ münaqişənin həlli prosesi tezliklə başa çatmayacaq.

Onun sözlərinə görə, danışıqlarla bağlı təcrübə də bunu göstərir. Həmçinin bildirib ki, həmsədrlərin təklifləri masa üzərindədir və paket şəklindədir. Ancaq bunlardan bir və ya ikisini götürərək sadəcə həmin istiqamətdə müzakirə aparmaq çox çətindir: "Çünki o zaman balans itir. Belə olan halda istəyimiz nəticə vermir. Hər iki ölkə Prezidenti ötən ay Cenevrədə baş tutan görüşü müsbət qiymətləndirib. Çox yaxşı olardı ki, bu pozitiv yanaşma bizə münaqişənin həlli istiqamətində irəliləmək üçün kömək etsin”. XİN rəsmisi iddia edib ki, həmsədrlər bu istiqamətdə ciddi iş aparır: "Moskvada həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrılıqda görüşü oldu. Biz amerikalı və fransalı həmkarlarımızla birlikdə bu istiqamətdə hazırda hansı vəziyyətdə olduğumuzu təhlil edəcəyik. Çalışacağıq ki, münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün səylər göstərək. Mən xüsusi optimizm nümayiş etdirmək istəmirəm. Problem mürəkkəbdir”.

Lavrovun İrəvanda ikibaşlı bəyanat verməsini "Şərq”ə dəyərləndirən sabiq dövlət müşaviri, siyasi şərhçi Qabil Hüseynli deyib ki, onun düşmən ölkədə dedikləri Bakıdakı fikirləri ilə daban-dabana ziddir. 

Ekspertin sözlərinə görə, Azərbaycanda danışıqların sürətləndirilməsindən, nəticələrin əldə olunmasından, yalnız bir-iki problemli məqamın qalmasından danışan Lavrov İrəvanda tam əksinə bədbin ruhda açıqlamalar verdi: 

"Lavrov Bakıda bizə göy muncuq göstərdi, amma Ermənistanda fərqli mövqe ortaya qoydu. Açıq şəkildə danışıqların uzanacağını deməklə münaqişədə tərəf olduğunu sübuta yetirdi. Niyə həmsədr ölkəni təmsil edən şəxs prosesi irəliyə doğru aparmağın qarşısında duran əngəlləri dilə gətirmədi? Ermənistan təcavüzkar dövlətdir və uzun zamandır torpaqlarımızı işğal altında saxlayır. Rusiya XİN başçısı reallıqları söyləmək əvəzinə problemin uzanacağından danışır. Bu cür yanaşma diplomatik etikasızlıqdır. Məlum faktların üzərindən keçərək yalnız öz subyektiv mülahizələrini həqiqət kimi təqdim etmək yolverilməzdir. Əfsuslar olsun ki, belə hərəkət Rusiyanın xarici siyasətinə xas olan davranışdır. Hesab edirəm ki, məqsəd İrəvanda geniş aksiyalar keçirən insanların könlünü oxşamaqdır. Necə olur ki, ən güclü dövlətlər, bu işlə məşğul olan həmsədr ölkələr problemin həllini istəyirlər, lakin Dağlıq Qarabağ ətrafındakı işğalçı qüvvələri torpaqlarımızdan çıxara bilmirlər. Ermənistanı buna vadar edə bilməyən ölkələr utanıb, vicdan əzabı çəkirlərmi?”. 

Politoloqun fikrincə, onsuz da Lavrovun düşmən ölkədə ermənilərin xoşuna gedəcək açıqlamalar verəcəyi təxmin edilirdi:

Lavrov bir neçə dəfə bu cür hərəkət edib. Yəni Bakıda bir cür, İrəvanda isə başqa cür danışıb. Onun regiona səfəri sülhyaratma prosesinə töhfə verə bilməz. Əslində mühaşidə etdiklərimiz bir daha təsdiq edir ki, münaqişənin həllində əsas əngəl birbaşa Rusiya və onun dəstək verdiyi Ermənistandır. Dağlıq Qarabağ məsələsinə postsovet məkanındakı digər problemlər kimi yanaşmamağın səbəbi də Rusiyanın tərəf tutmasıdır.

Moskva hökuməti Azərbaycanı açıq-aşkar müharibəyə, hərbi gücə sövq etməyə çalışır. Bölgədə vəziyyəti qızışdırıb Rusiyanın təsir dairəsini artırmaq istəyir. Əlbəttə, Azərbaycan hökuməti uzaqgörən siyasət yürütməkdədir. Rəsmi Bakı dünyada və bölgədə baş verən prosesləri diqqətlə ölçüb-biçir və ona uyğun siyasət formalaşdırır”.

İsmayıl