Müdafiə Nazirliyinin nəzdində mediaya dair qurum yaradılsın
"Azərbaycanda hələ də hərbi sahəyə dair dövlət sirri təşkil edən məlumatların yayılmasına yol verən kütləvi informasiya vasitələri var. Onlar bilməlidirlər ki, ölkə qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar”. Bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. Onun sözlərinə görə, 2014-cü ilin avqust ayında akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilən müşavirədən və keçən il sentyabrın 24-də Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamından sonra yerli kütləvi informasiya vasitələrində orduya dair yanlış məlumatlar xeyli azalıb:
"Lakin aparılan monitorinqlər göstərir ki, belə məlumatlara az da olsa, rast gəlinir. Bu kimi məlumatlar düşmənin əlinə oynayır. Hansı dövlətdə ordu haqda məlumatlar bu qədər diqqət
mərkəzindədir? MN bu istiqamətdə şəffaf fəaliyyət göstərir və məlumatları açıqlığı ilə ictimaiyyətə çatdırır. Buna rəğmən yenə də narazı qalanlar var”.
Polkovnik onu da diqqətə çatdırıb ki, hazırda dövlət sirrinin mühafizəsi ilə bağlı məsələlərə ciddi nəzarət edilir: "Biz də buna dair mütəmadi olaraq Mətbuat Şurası ilə əlaqə saxlayır, əməkdaşlıq edirik. Sevindirici haldır ki, yerli televiziyalarda hərbi sirrin yayılması barədə ümumiyyətlə neqativ hallara rast gəlinməyib. Bu hallara yol verənlər elektron KİV-lər, daha doğrusu, əsas hesab edilməyən, qeyri-populyar və qeyri-ciddi internet saytlarıdır. Onlara bir daha xəbərdarlıq edirik ki, Azərbaycanda dövlət sirrinin, o cümlədən hərbi sirrin yayılmasına yol verən KİV-lər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar”.
Qurum sözçüsünün açıqlamasını şərh edən hərbi ekspert Azad İsazadə "Şərq”ə açıqlamasında qeyd edib ki, belə hallara yol vermək olmaz: "Vaxtilə mən də adıçəkilən nazirliyin mətbuat xidmətində çalışmışam. Həmin problemlərlə çox rastlaşmışam. Məlum vəziyyət ölkənin milli təhlükəsizliyi və maraqlarına ziddir. Şübhəsiz ki, o cür informasiyaların tirajlanması neqativ haldır. Bu, bəzən düşmənin dilinə söz verir”.
Problemdən çıxış yoluna gəlincə, ekspert hesab edir ki, KİV-lər üçün hərbi jurnalistlər hazırlanmalıdır: "Hərbi jurnalistika ayrıca bir peşədir. Hərbi mövzuda yazan yazarlar istifadə edəcəkləri terminləri bilməlidirlər. Hətta MN-in mətbuat xidmətindən razılıq əldə etdikdən sonra düşünülmüş dezinformasiya yaymaq olar. Çünki bəzən dezinformasiya müsbət rol da oynaya bilər. Düşünürəm ki, nazirliyin tərkibində mediaya dair qurum yaransın. MN o jurnalistlərlə işləsin. Onlar üçün kurslar yaradıb, hərbi jurnalistlər formalaşdırsınlar, hazırlasınlar. Hərbi mövzuda yazanlar eyni adamlar olsa belə, yanlış məlumatların və ya zərərli xəbərlərin sayında kəskin azalma müşahidə olunacaq”.
Ayyət Əhməd