Vladimir Doroxini Georgi Zuyev əvəzləyəcək- Yeni səfirlə bağlı ziddiyətli informasiyalar var





"Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin bu vəzifədən geri çağırılmasında qeyri-adi heç nə yoxdur". 

Bu barədə "Sherg.az"a politoloq Elxan Şahinoğlu bildirib. 

O qeyd edib ki, V.Doroxin 8 ildir Azərbaycanda səfirdir. Ancaq söhbət Rusiyadan getdiyindən səfirin niyə indi geri çağrıldığı müəyyən suallar doğurur:

"Rusiyanın Azərbaycandakı yeni səfirinin kimliyi bu ilin iyulun əvvəlində bəll olub. Rusiya Dövlət Duması elə həmin tarixdə Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib. Yeni səfir Georgi Zuyevdir. O Azərbaycana səfir təyin olunana qədər Rusiya Xarici İşlər Nazirliyinin kadrlar departamentinin direktor müavini vəzifəsində çalışıb.

Məndə olan məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov sonuncu dəfə Bakıda olarkən yeni səfirin təyinatına toxunub. Bakı Doroxindən razı idi. Ancaq Zuyevlə bağlı ziddiyətli informasiyalar var. Birincisi, Zuyevin Rusiya kəşfiyyatına bağlı olduğuna dair müxtəlif xəbərlər var. İkincisi, necə ki, Sergey Lavrov Qarabağ münaqişəsinin həllinə soyuq yanaşır, yeni səfirin də eyni mövqedə olduğuna dair məlumatlar var. Zuyev Moskvanın xarici siyasətindəki yeni tələb və istəkləri Bakıya daha intensiv şəkildə çatdıracaq".

Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bu vəzifədən geri çağırılıb.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, prezident Vladimir Putin V. Doroxinin vəzifədən azad olunması ilə bağlı fərman imzalayıb.
Xatırladaq ki, V. Doroxinin səlahiyyət müddəti başa çatıb. O, 2009-cu ilin fevralında Azərbaycana səfir təyin olunmuşdu.

Ayyət Əhməd