Xanım deputat həmkarını dəstəklədi: "...Çox müqəddəs bir addımdır "




"Yeni doğulmuş uşaqlara şəhidlərimizin adlarını vermək çox müqəddəs bir addımdır”.

Bunu Sherg.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızının yeni doğulmuş körpələrimizə şəhidlərimizin adlarının verilməsi ilə bağlı təklifinə münasibət bildirərkən millət vəkili Jalə Əliyeva deyib. 

O bildirib ki, xüsusilə bizim kimi dərin kökləri, adət-ənənələri olan xalq üçün bu addım yüksək dəyərlidir:

"Bir xalq keçmişini, soy-kökünü, şəhidlərini unutmadığı zaman böyük, həmişəyaşar olur. Şəhidlərimizin adlarının övladlarımıza qoyulması da xalqımızın böyüklüyünün növbəti sübutudur. Şəhidlərimiz bizim üçün həmişə yaşayır. Hər zaman onların ruhuna duaçıyıq, ehtiramla yanaşırıq. Çünki bu gün xalqımız rahat yaşayırsa, Azərbaycan xalqı varsa, Azərbaycan dövləti inkişafla irəliləyirsə, biz bunun üçün igid oğullarımıza, şəhidlərimizə borcluyuq. Onların adını yaşatmaq da bizim həm mənəvi borcumuz, həm mənəvi haqqımızdır. Onların adlarını övladlarımıza qoymaqla şəhidlərimizin adına layiq qəhrəman və əsl Azərbaycan vətəndaşı kimi böyüyən, xalqımızı müdafiə edə bilən mərd oğullar yetişdirə bilərik”.

Qeyd edək ki, M. İbrahimqızının sözlərinə görə bu günlərdə keçirilən bütün tədbirlərdə "Aprel döyüşləri"ndə şəhid və qazi olmuş bütün qəhrəmanlarımız anılır. Ancaq belə tədbirlər şəhidlərimizin ildönümlərində deyil, bütün zamanlarda keçirilməlidir.

Aysel Aslan