Xaricdə dini təhsil alanlara qadağa...

Elşad Miri: “Əgər ölkəmizdə belə təhsil ocaqları varsa, gedib xaricdə dini təhsil almağa dəyərmi?”
Şahin Həsənli: “Dini təhsil alan tələbələrin bir qismi xarici dövlətlərin təsirinə düşürlər”


"Azərbaycanlı gənclərin xaricdə dini təhsil almalarına qanunla qadağa qoyulmalıdır”. Bunu millət vəkili Zahid Oruc parlamentin plenar iclasında səsləndirib. Deputat təklif edib ki, bununla bağlı "Dini etiqad azadlığı haqqında” qanuna da müvafiq dəyişikliklər edilməlidir: "Düzdür, İslam Universitetinin müəllimləri dini təhsil vermək baxımından beynəlxalq standartlara cavab vermirlər.

Bu baxımdan kənar yerdən daha yüksək səviyyədə dini təhsil vermək üçün müəllimlər ölkəyə gətirilə bilər. Azərbaycan gənclərinin xaricdə dini təhsil dalınca getmələrinə icazə vermək olmaz. Bu, qanunla qadağan olunmalıdır. Çünki xaricdə dini təhsil alanlar sonradan öz ölkələrinə yad ideologiya, fərqli dövlət modeli ilə geri dönürlər və zərərli təbliğatla məşğul olmağa başlayırlar. Bu yaxınlarda MTN tərəfindən keçirilən antiterror əməliyyatından da aydın oldu ki, radikallara qoşulanlar arasında xaricdə dini təhsil alanlar daha çoxdur”.

Millət vəkilinin təklifini şərh edən ilahiyyatçı-alim Elşad Miri deyib ki, yaranan problemin bir neçə səbəbi var: "Hazırda dini təhsillə bağlı respublikamızda vəziyyət o qədər də ürəkaçan deyil. Bu gün gənclərin dini təhsil ala biləcəyi iki təhsil ocağı var. Bunlardan biri Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyində olan İslam Universitetidir. Həmin təhsil ocağı mollalardan bir qədər üstün mövqeyə malik olan axund yetişdirir. Dini təhsil verən ikinci tədris ocağı isə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsidir. Həmin fakültədə isə vaxtı ilə Azərbaycanda təhsil alan, sonra isə gedib Türkiyədə təhsillərini davam etdirən gənclər tədris aparır. Təbii olaraq, sual ortaya çıxır ki, əgər ölkəmizdə belə təhsil ocaqları varsa, gedib xaricdə dini təhsil almağa dəyərmi? Proseslər göstərir ki, İranda təhsil alanlar dini mərkəz olaraq İranı, Səudiyyə Ərəbistanında dini təhsil alanlar dini mərkəz olaraq Səudiyyə Ərəbistanını görür. Ona görə bu gün həmin insanları təhlükəli görürüksə, eyni yanaşmanı dünyəvi elmlərə də şamil edə bilərik. Məsələn, bu gün Azərbaycandan Harvard Universitetinə, Oksforda gedənlər sonradan ölkədə qərb dəyərlərini təbliğ edirlər. Yaxud öz düşüncələrində bu ideyaları yaşadırlar. Demək təhsil aldığı ölkədə öyrəndiklərini təbliğ etmək təhlükə sayılmamalıdır. Sadəcə Azərbaycan məsələyə daha dərindən yanaşmalıdır. Ölkənin orta məktəblərində dinlə bağlı məlumat verilməli və bir fənn tədris olunmalıdır. Həmin dərslərdə yeniyetmə və gənclərə düzgün dini biliklər verilməlidir. Ölkədə dini təhsil verən təhsil ocaqlarının potensialı artırılmalı və yüksək səviyyədə dini təhsil verilməsinə şərait yaradılmalıdır”.

E.Mirinin fikrincə, gənclərin dövlət xətti ilə xaricdə təhsil alması proqramına din təhsilini də əlavə etmək olar: "Çıxış yollarından biri dövlətin özünün hansısa universitetlə müqavilə bağlayıb, dini təhsil almaqda maraqlı olan gəncləri oraya yönəltməsidir. Ölkəmizdə belə bir fikir var ki, əgər kimsə gedib xaricdə təhsil alıb gəlibsə, o daha güclü kadrdır. Belə olan təqdirdə də əksəriyyət xaricdə təhsil almağa üstünlük verir. Demək, bu yanaşmanın da dəyişməsinə ehtiyac var. Təhsil Nazirliyi də bu istiqamətdə iş aparmalıdır”.

QMİ-nin səlahiyyətli nümayəndəsi, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli də vurğulayıb ki, dini təhsil alan tələbələrin bir qismi xarici dövlətlərin təsirinə düşürlər və ölkəyə qayıtdıqdan sonra dindən daha çox həmin dövlətin maraqlarına xidmət edirlər. Amma bu halı xaricdə din təhsili alan bütün tələbələrə aid etmək düzgün olmaz: "Onların içində kifayət qədər vətənpərvər, xalqına, millətinə xidmət edən insanlar var. Xaricə yalnız elm arxasınca gedənləri ayırd etmək lazımdır. Təbii ki, elm, təhsil dalınca getmək normal haldır. Bütün insanların təhsil almaq hüququ var. Düşünürəm ki, mövcud problemi qadağalarla aradan qaldırmaq mümkün deyil. Çıxış yolu Azərbaycanda dini təhsilin səviyyəsini artırmaqdır. Azərbaycan daxilində din tədris edən kadrların yetişdirilməsinə ciddi diqqət yetirilməlidir. Əgər ölkə daxilində din yüksək səviyyədə tədris olunarsa, hesab edirəm, gənclərimiz elm arxasınca xarici ölkələrə getməzlər”.

İsmayıl