Xaricdə təhsil mütləqdir

"Bu, gələcəkdə ölkəmizə rəqabətə davamlı kadrların qayıtması ilə nəticələnəcək və ölkənin inkişafına müsbət təsir göstərəcək"



Macarıstan hökumətinin 2019/2020 tədris ili üçün "Stipendium Hungaricum” adlı təqaüd proqramının start verməsini çatdırmaq istəyir. Bu proqram çərçivəsində Azərbaycandan 200 tələbə Macarıstanda təhsil ala bilər.
Azərbaycanlı tələbələr Rumıniya, Polşa, Macarıstan və digər ölkələrdə təhsil almağa maraqlıdırlar. Bunun bir sıra səbəbləri var. Bəzən dövlət hesabına xarici ölkədə təhsil ala bilməyənlər şəxsi imkanları ilə təhsillərini davam etdirmək istəyirlər. Maraqlıdır, tələbələrimizi xarici ölkələrə cəlb edən nədir?

Hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayının 40 minə yaxın olduğunu deyən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Şərq”ə bildirib ki, onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alırlar: 

"Xarici ölkələrə təhsil almaq üçün gedənləri bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları balla ölkəmizdə ali məktəblərə qəbul olmaq imkanı olmayanlardır ki, bunların sayı hədsiz dərəcədə çoxdur. İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Müəyyən şəxslər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər. Hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu qədər ali təhsil ocağında 164 mindən çox insan təhsil alır. Təəssüf ki, bizim bu qədər universitetin heç biri dünya reytinq cədvəlində yoxdur. Ölkəmizdəki universitetlərin çoxunda infrastruktur müasir standartlara cavab vermir. Yeməklər yoxdur, tələbə yataqxanaları fəaliyyət göstərmir. Tələbələrin sosial fəaliyyəti yox dərəcəsindədir. Ali təhsil ocaqlarının tədris resursları XX əsrin 80-90-cı illərindən qalmadır. Mühazirə, qayıb kimi üsullar hələ də istifadə olunur ki, bu da bizim universitetlərin geridə qalmış olduğunu göstərir. Azərbaycan universitetləri ancaq biznes obyekti kimi fəaliyyət göstərir və heç bir tutarlı beynəlxalq layihə həyata keçirilmir”.

Ekspert bildirib ki, bu gün gənclərin xarici ölkələrdə təhsil alması geniş miqyas alıb. Onun sözlərinə görə, azərbaycanlı gənclərin xaricdə təhsili ölkəmiz üçün yeni təcrübə deyil: 

"Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı artıq 100 ildir ki, həyata keçirilməkdədir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə çıxdığımız yolu bu gün müstəqil Azərbaycan Respublikası uğurla davam etdirir. Xarici ölkələrdə təhsil almaq üçün ölkə vətəndaşlarının iki yolu olur: ya dövlət proqramı çərçivəsində dövlətin vəsaiti ilə, ya da öz vəsaitləri hesabına. Dövlət proqramı çərçivəsində 2007-2015-ci illər ərzində 3500-dən çox azərbaycanlı gənc xarici ölkələrdə təhsil almağa gedib. Öz vəsaiti hesabına gedənlərin sayı 40 minə yaxındır. Bu il də gedənlərin sayı əvvəlki illərə nisbətən azalmadı. Minlərlə azərbaycanlı gənc xarici ölkələrə üz tutub. Hesab edirəm ki, bu, gələcəkdə ölkəmizə rəqabətə davamlı kadrların qayıtması ilə nəticələnəcək və ölkənin inkişafına müsbət təsir göstərəcək”.

K.Əsədov vurğulayıb ki, dövlətimiz tərəfindən həyata keçirilən xaricdə təhsil dövlət proqramı başa çatandan sonra xarici dövlətlər və onların ali təhsil müəssisələri tərəfindən tələbələrin cəlbi prosesi başlayıb: 

"Əlbəttə ki, bu kimi proqramlar iki ölkə arasında bağlanmış müqavilələr əsasında tənzimlənir. Həmin universitetlər bu yolla öz reytinqlərini artırdıqda, gələcəkdə həmin ölkələrdə vətəndaşların öz vəsaitləri hesabına tələbə cəlbinə təsir göstərməkdə maraqlı olurlar. Çünki hər bir universitetin beynəlxalq reytinqinə orda təhsil alan xarici ölkə vətəndaşlarının sayı ciddi təsir göstərir”.

Yeganə Bayramova