Xəstə ölsə həkimə ödənilən pul geri qaytarılmalıdırmı?

“Məhkəmənin qərarı ölüm faktının həkimin səhvi və ya səhlənkarlığı səbəbindən baş verdiyini təsdiqləyərsə, o zaman ödənişin qaytarılması mümkün olar”



Tibb müəssisələrindən şikayətlər çoxalıb. Bəzən dövlət xəstəxanaları, bəzən də özəl klinikalar vətəndaşların ittiham obyektinə çevrilir. Çox zaman da şikayətlər həkimlərin səhv diaqnoz qoyması, əməliyyatların düzgün aparılmaması və belə səhvlərin insanın həyatı bahasına başa gəlməsi ilə bağlı olur. Bu günlərdə daha bir şikayət paytaxtdakı "Baku Medikal Plaza” klinikasından edilib.

Şikayətçi klinikaya 4500 manat pul ödədiklərini və həyat yoldaşının ürək əməliyyatına alındığını, lakin vəfat etdiyini bildirib. Vətəndaş əməliyyatı həyata keçirmiş cərrahdan ödənişin heç olmasa müəyyən faizinin geri qaytarılmasını istəyib, lakin rədd cavabı alıb. Həkim bildirib ki, pulun qaytarılmasından söhbət gedə bilməz, bu, mümkün olan iş deyil. Bundan əlavə, vətəndaş həkimin kobud rəftarından da şikayətçidir.

Oxşar situasiyalar təəssüf ki, nadir sayıla bilməz. Həkimə ödənilmiş pulun qaytarılması məsələsi adətən pasiyent əməliyyat zamanı və ya əməliyyatdan sonra vəfat etdikdə qarşı tərəfdən qaldırılır. 

İnsanlar "bir halda ki, adam öldü, daha niyə pul ödəməliyik? Pulumuzu qaytarsınlar” düşüncəsi ilə hərəkət edirlər.
Klinikaya edilmiş ödəniş hansı halda qaytarıla bilər? Ümumiyyətlə bu məsələdə hansı tərəf daha haqlıdır?

Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla "Şərq”ə açıqlamasında özəl tibb müəssisələrinin kommersiya məhsulu olduğunu dedi:

- Özəl tibb müəssisələri, klinikalar kommersiya fəaliyyəti ilə məşğuldur. Və ödənişli xidmət göstərirlər. Dünyanın hər yerində bu, belədir. Klinikaya edilmiş ödənişin geri qaytarılması mümkün görünmür. Çünki burada həkimin gördüyü işin müqabilində alacağı əmək haqqı, əməliyyatda iştirak edən tibbi personala çatacaq əmək haqqı, əməliyyata çəkilən xərclər, əməliyyat zamanı istifadə olunan tibbi materiallar və s. hamısının dəyəri hesablanır. 

Ödənişin qaytarılması məsələsinə yalnız o zaman baxıla bilər ki, ortada məhkəmə predmeti olsun. Bunun üçün də qarşı tərəfin məhkəməyə müraciət etməsi lazımdır. Məhkəmə istintaqı aparılmalı, ölüm faktının hansı səbəbdən baş verdiyi araşdırılmalı, məhkəmə-tibbi ekspertiza rəy verməli, məhkəmə də qərar çıxarmalıdır. Məhkəmənin qərarı ölüm faktının həkimin, klinikanın səhvi və ya səhlənkarlığı səbəbindən baş verdiyini təsdiqləyərsə, bəli, o zaman ödənişin qaytarılması, həmçinin əgər iddia varsa, hətta təzminat ödənməsi mümkün olar. Buna isə bizim əhali çox zaman getmir, məhkəmə çəkişmələrində vaxt itirmək istəmirlər. 

Qaldı ki, həkimlərlə pasiyentlər arasında yaşanan mübahisələrə, buna dünyanın hər yerində rast gəlinir. Tibb sahəsində ən çox məhkəmə çəkişmələri ABŞ-da olur. Xəstəxanalarda ölüm halları da tək bizim ölkəmizdə baş vermir. Sadəcə, bizim camaat belə hallara tolerant yanaşma sərgiləyə bilmir. Dözümsüzlük nümayiş etdirirlər. Məncə, həkim-pasiyent münasibətləri ilə bağlı maarifləndirmə işlərinin aparılması vacibdir. Həmçinin, hesab edirəm ki, insanların aqressiv davranmasının bir səbəbi də maddi durumlarıdır. Əgər icbari tibbi sığortanın tətbiqinə başlanarsa, insanlar maddi yükdən müəyyən qədər azad olar. Ola bilsin ki, icbari tibbi sığorta özəl klinikaları da müəyyən qədər əhatə etmiş olsun. Belədə əhalinin üzərinə düşən yük də azalardı.

A.Qeybulla bildirdi ki, ölüm halının baş verməsi bir neçə amillə bağlı olur:

- Burada bir neçə amil var. Xəstəliyin ağırlıq dərəcəsi, yaş faktoru, risk qrupları, hər şey əhəmiyyət daşıyır. Bəzən xəstəlik elə mərhələdə olur ki, əməliyyat aparmaq həqiqətən də riskli hesab edilir. Xroniki xəstəliklər, yoluxucu xəstəliklər, pasiyentin sağlamlıq durumu, yaşı, bundan öncə keçirdiyi xəstəliklər, yaxud əməliyyatlar, təzyiq, şəkərin miqdarı və s. O qədər faktorlar var ki. Ona görə də bəzən həkimlər pasiyentin göstəricilərinə əsasən əməliyyatı riskli hesab etdikdə xəstənin yaxınlarına, doğmalarına əməliyyata razılıq sənədi imzalatdırırlar. 

Dünyanın elə ölkələri var ki, hətta qan köçürmə zamanı da hansısa virusun qana keçmə ehtimalına dair təzminat belə vermir. Mən dünyanın bir çox ölkələrində olmuşam, heç yerdə bizdəki kimi həkimin xəstəyə qayğı, nəvaziş göstərdiyini müşahidə etməmişəm. Bu, bizim həm mental dəyərlərimizdən, həm də islam dinindən irəli gəlir. Sadəcə, biz milli səhiyyəmizə güvənməliyik.

Məlahət Rzayeva