Xəstəlik: Kreditə girib “zerkalnı” mobil nömrə alanların dərrakəsi yoxdur

Təsəvvür edin, bu insan 5-6-cı mərtəbəyə belində kubik daşıyır, əlində vedrələrdə sement daşıyır, buna rəğmən düşünür ki, münasib qiymətə “zerkalnı” nömrə alardım
Bir adam evini satıb pulunu "zerkalnı” nömrələrə yatırıb
"Nömrələr əlində qaldı. Bu yaxınlarda həmin adamı gördüm. Ciddi formada nevrozdan əziyyət çəkir. Özünü müalicə etdirməyə belə, pul tapa bilmir”
Son zamanlar cəmiyyətimizə ciddi şəkildə nüfuz etmiş "zerkalnı” mobil nömrə xəstəliyi getdikcə geniş vüsət alır. Doğrudur, bu tendensiyanın qarşısının alınması yönündə deputat və yazıçılar səviyyəsində müxtəlif çağırışlar səsləndirilib. Lakin həmin çağırış və iradlardan heç bir nəticə çıxarılmayıb. Əksinə, bu cür nömrələrə olan maraq daha da artıb. Fürsəti əldən verməyən mobil şirkətlər isə vəziyyətdən məharətlə istifadə etməyi bacarırlar. Yəni adi nömrələrlə eyni istehsal qiymətinə malik "prestij” nömrələri Azərbaycan insanına mayasından min dəfələrlə baha qiymətə satırlar.
Bu addıma görə ciddi qınağa tuş gəlsələr də, operatorlar bunu cəmiyyətin və insanların tələbatı ilə izah edirlər. Bildirirlər ki, Azərbaycan insanı hər hansı bir "zerkalnı” nömrəyə 10 min manat təklif edirsə, şirkət nə etməlidir? Təbii ki, bu cavabdan sonra həmin mobil operatorları qınamaq
tamamilə yersiz və mənasızdır. Ona görə ki, bu şəraiti mobil şirkət deyil, Azərbaycan insanı yaradıb. Əslində isə heç bir Avropa ölkəsində "zerkalnı” mobil nömrə anlayışı yoxdur. Avropa məkanında belə nömrələri yalnız qədim peşə sahibləri işlədir ki, bu da onları daha əlçatan edir. Ölkəmizdə isə bu hal sanki bir "rituala” çevrilib. Hətta nömrə satışı ilə məşğul olan elektron informasiya agentlikləri yaradılıb ki, həmin saytlar sosial şəbəkələrdə geniş təbliğ olunurlar. Məsələn, bu günlərdə sırf mobil nömrə satışını həyata keçirən Nomrebaz.com saytı kreditlə və nağd qiymətlərə nömrə elanı verib. Həmin elanı təqdim edirik:
Sizin Üçün Nömrəni Biz Seçdik
Əlaqə : (050) 602-02-02 (whatsapp)
Kreditlə
(050) 777-10-10 — 999 AZN *İlkin ödəniş 400 AZN,3 ay 200 AZN*
(050) 777-01-01 — 800 AZN *İlkin ödəniş 200 AZN,3 ay 200 AZN*
(050) 666-22-22 —1900 AZN *İlkin ödəniş 400 AZN,5 ay 300 AZN*
Azərbaycan insanının "zerkalnı” nömrə "sevdası”na münasibət bildirən sosioloq Lalə Mehralı: 
"Bu arzuolunmaz tendensiya 1990-cı illərdə, mobil telefonlar həyatımıza daxil olandan başladı: "Yadıma gəlir, 555 55 55 deyəndə insanlar möcüzə ilə baxırdılar. Fikirləşirdilər ki, filankəsin "zerkalnı” nömrəsi varsa, deməli, onun həyat səviyyəsi yaxşıdır. Yəni bir nömrə ilə insanlara don biçirdilər. Telefonlar həyatımıza yeni daxil olanda mobil operatorlar prestijli nömrələrin satışından külli miqdarda gəlir əldə etdi. Amma indi inanmıram ki, həmin nömrələrə o qədər pul versinlər. Düzdü, insanların maddi vəziyyətləri yaxşı olsa, haradasa hər 100 azərbaycanlıdan 90-ı əminəm ki, "zerkalnı” nömrəsinin olmasını istəyər. "Zerkalnı” nömrə əldə etmək bir göstəriş üçün də ola bilər, sadəcə bir hobbi də ola bilər. Gəlin fikirləşək ki, insanlar niyə bu cür nömrələrə bu qədər pul verməkdə maraqlıdırlar. Bir "zerkalnı” nömrəyə 3-4 min manat pul verənlər var. Əvvəla, maddi çətinliyi olmayan insanlar bunu edə bilər. Kreditə girib belə bir məsələyə pul xərcləyən varsa, mən həmin adamın dərrakəsinə və şüuruna şübhə ilə yanaşıram. Çünki insanın bir az dərrakəsi olar ki, üç dənə beşin arxa-arxaya düzülməsi ilə yeddi və doqquz rəqəminin yan-yana düzülməsinin heç bir fərqi yoxdur. Ona da zəng gəlir, buna da. Hər ikisinin imkanları, parametrləri eynidir. Hazırlananda heç bir əlahiddə maddədən istifadə olunmayıb. Yəni "zerkalnı” nömrələrin adi nömrələrdən funksiya baxımından heç bir üstünlüyü yoxdur. "Zerkalnı”dır deyə pulsuz danışmayacaq, ona xüsusi güzəştlər olunmayacaq”.
Müsahibimiz "zerkalnı” nömrə məsələsi ilə bağlı eşitdiyi bir maraqlı hadisəni də diqqətimizə çatdırıb: "Uzaqdan tanıdığım bir adam var. O, "zerkalnı” nömrələrin alqı-satqısı ilə məşğul olur. Bu adam əlində olan bütün pulu, hətta 150 min dəyərindəki evini satıb və təxminən 300-400 min manat dəyərində pulu "zerkalnı” nömrələrə yatırıb. O nömrələri alıb yığıb ki, onları birə-beş qiymətə satıb, yaxşı gəlir əldə edəcək. Amma sonda bu nömrələr öhdəsində qaldı, heç kim almadı. İndi insanlar yalnız dolanma dərdini çəkir. Kimdi "zerkalnı” nömrəyə o qədər pul xərcləyən. Nəysə, nömrələr əlində qaldı. Bu yaxınlarda həmin adamı gördüm. Ciddi formada nevrozdan əziyyət çəkir. Özünü müalicə etdirməyə belə, pul tapa bilmir. Nömrələri bir çantaya yığıb, əlində gəzdirir. O prosesi fikirləşdikcə, əsəbiləşir ki, bu nömrələrə nə qədər pul yatırdım. Nə qədər elan verir, ona-buna deyir ki, "zerkalnı” nömrə var, yarı qiymətə satıram, amma yaxın duran yoxdur. Təsəvvür edin, 10 min manata aldığı nömrəni beş yüz, min manata belə sata bilmir. Yəni alan, istəyən yoxdur”.
Xarici ölkələrdə xeyli sayda tanışlarının olduğunu söyləyən sosioloq qeyd edib ki, onlardan "zerkalnı” nömrə anlayışı barədə heç bir söz də eşitməyib: "Belə məsələlər onlara yaddır. Onlar əldə etdikləri vəsaitləri öz mədəni istirahətləri və dincəlmələrinə sərf edirlər. İstirahətə gedirlər, zövq ala biləcəkləri layihələrə qatılırlar, belə şeylərə xərcləyirlər. Yalnız bizik ki, minbir zəhmətlə qazandığımız pulu aparıb dırnaq sədəfi boyda nömrəyə veririk. O qədər kasıb adam tanıyıram ki, "zerkalnı” nömrə arzusundadır. Təsəvvür edin, bu insan 5-6-cı mərtəbəyə belində kubik daşıyır, əlində vedrələrdə sement daşıyır, buna rəğmən düşünür ki, münasib qiymətə "zerkalnı” nömrə alardım. Qoy desinlər ki, filankəsdə belə "zerkalnı” nömrə var. Yaxın ətrafımda da o düşüncədə olan insanlar var. Beləsinə nə deyəsən? Yəni sən o nömrəni əldə etdikdən sonra neyləmək niyyətindəsən axı. Sənin nə yaşam tərzin artacaq, nə iş təklifi olacaq.
Yəni bu nömrənin sənə heç bir xeyri olmayacaq. Adam bir şeyi ona görə əldə etməyə çalışar ki, mədəni istirahəti üçün vacib olsun, ya da maddi sıxıntılarının öhdəsindən gəlmək üçün əlçatmaz bir amil olsun. Yəni mən bu pulu ayırıram, heç olmasa, onun müqabilində bir xeyir görüm. Amma bu olmur”.
"Zerkalnı” nömrələrlə bağlı elan verən və ya nömrə satışı ilə məşğul olan saytlara gəlincə, həmsöhbətimiz vurğulayıb ki, bu yalnız reklamdı və hazırda çox az adam tapılar ki, "zerkalnı” nömrə alsın: "Belə bir deyim var: reklam olunan mal yararlı mal deyil. Nəyiki reklam edirlər, o, insan üçün vacib deyil. Onsuz da biz özümüz üçün lazım olanları tapıb alırıq. Alınmayan şeyləri reklam edirlər ki, alınsın. Belə mənasız işlərə pul xərcləməkdənsə, gedib həmin vəsaiti övladlarının təhsilinə yatırsınlar və yaxud da gedib, istirahət etsinlər. "Zerkalnı” nömrəyə hansı ağılla pul verilir, bəlkə də ömrümün sonuna qədər anlamayacam. İlk mobil telefonumu 14 il bundan öncə almışdım. O dövrdən indiyə qədər 3-4 dəfə nömrə dəyişmişəm. Səbəb isə nömrələrin zədələnməsi olub. Hətta nömrələrimdən birini təsadüfən çox ucuz qiymətə almışdım. Bu nömrə də "zerkalnı” fason bir nömrə idi. O nömrəm yandı, heç gedib onun "dublikatını belə çıxartdırmadım. Gedib yeni bir nömrə alıb, istifadə etdim. Bu gün istifadə etdiyim nömrə də sadə nömrədir. Siz mənə zəng etdiniz, mən zəngi qəbul edə bilmədimmi? Təbii ki, etdim. Yəni nömrəm seçilmiş də olsa, adi də olsa, mən zəngi qəbul edə bilirəm. Heç bir fərq yoxdur”.
"Bu işdə mobil operatorların "payı” nə qədərdir” sualına gəlincə, L.Mehralı əlavə edib ki, indi bazar iqtisadiyyatı dövrüdür. Hər şey maddiyatın üzərində qurulub: "Sahibkar bazara nə çıxara bilirsə, onun qiymətini özü müəyyənləşdirir. Baxın, əvvəllər bir dərmanı bir aptekdən 2 manata, həmin dərmanı başqa aptekdən 5 manata alırdıq. Bunu belə sahibkarın özü yəqinləşdirirdi. Amma son dövrlər bunun qarşısı alındı. Bu günlərdə həyat yoldaşım "Bazar Store” də bir qlobus şəkli görmüşdü. 59 manata satılırdı. Amma normal dəftərxanadan onu 5-10 manata ala bilərik. Yəni onu adi dəftərxanadan 10 manata alırıq, "Bazar Store” isə onu 59 manata satır. Kimsə ona deyə bilməz ki, bunun qiymətini niyə baha qoymusan? Min cür bəhanələr gətirəcək. Bu mənada inanmıram ki, inzibati yolla nəyəsə nail ola bilək. Qanun insanın öz canında, ruhunda olmalıdır. Yəni işbazın dəyirmanına su tökmək olmaz. İnsan özünü istismar etdirməli deyil. İnsanlarımız həmin pulu o nömrələrə verməsə, işbazın bazarı bağlanacaq. Və beləliklə hər şey qaydaya düşəcək. Yəni bunun həlli insanlardan asılıdır”.
Ayyət Əhməd