Rus milyarderin Qarabağa köçməsinə adi hadisə kimi yanaşmaq doğru deyil
Rusiyanın ilk milyarderlərindən biri, məşhur fermer German Sterliqov ailəsi ilə birlikdə Qarabağa köçüb. Qəribəsi odur ki, rus mediası bu xəbəri davamlı şəkildə tirajlasa da, heç yerdə Azərbaycana məxsus olan Qarabağın 20 ildən çoxdur işğal altında olmasını xatırlatmayıb. Sanki rus milyarder Ermənistanın hansısa vilayətinə köçüb və burada qeyri-adi heç nə yoxdur.
Rusiyanın millətçi qanadına yaxın adamlardan sayılan Sterliqovun Rusiya hakimiyyətindən incidiyi üçün bu qərarı verdiyi iddia olunur. Ancaq müharibənin hər an başlayacağını bilə-bilə, özü də terrorçu bir rejimin kök saldığı özgə torpağında ailə-uşaqla yaşamağa qərar vermək o qədər inandırıcı görünmür. Deməli, burada siyasi motivlər və gizli planlar var. Məlumdur ki, ermənilər rus ailələrindən ibarət bufer zona yaratmaq istəyirlər. Məlumat üçün deyək ki, Sterliqov Rusiyada 1990-cı illərdə məşhurlaşmağa başlayıb. O, həmin illərdə ölkədə ilk xammal ticarət birjası, "Alisa”nı yaradıb. Hazırda Qarabağda olduğu iddia edilən Sterliqovun həyat yoldaşı və 5 övladı ilə birlikdə təsərrüfat işləri ilə məşğul olduğu deyilir. Deyilənə görə, sahibkar gedərkən öz köməkçisinə Slobodadakı fermasındakı mal-qarasını, atlarını, avtoparkını satmağı tapşırıb. Köməkçisinin sözlərinə görə, milyarder iyulun 4-də Dağlıq Qarabağa gedib. Onun nə vaxt qayıdacağı bilinmir, amma mütləq qayıdacağı deyilir. Ancaq istənilən halda bu faktın Kremllə Azərbaycan arasında növbəti dəfə gərginlik yarada biləcəyi ehtimal olunur. Əgər Moskva bunu istəmirsə, vətəndaşı ilə bağlı qanuni ölçü götürməlidir.
Rus milyarderin Qarabağa yerləşməsi ilə bağlı yayılan söz-söhbəti dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, rusiyalı keçmiş milyarder German Sterliqov sıradan birisi deyil. Onu Rusiyada hamı tanıyır, rəğbət bəsləyənləri də az deyil: "Çünki vaxtilə banklarından, şirkətlərindən imtina edərək kəndə köçüb heyvandarlıqla məşğul olub. Buna görə də indi Sterliqovun Dağlıq Qarabağa köçməsinə adi hadisə kimi yanaşmaq doğru deyil. Moskva bu başıxaraba anlatmalıdır ki, işğal altında onu təhlükə gözləyir. Yox əgər Moskvanın vecinə deyilsə, demək elə özü də erməni separatçılarına bu şəkildə dəstəkdə maraqlıdır. Ancaq Sterliqovun başına bir iş gəlsə, günahı özlərində görsünlər. Azərbaycan Xarici İşlər Nazirliyi Moskvadan tələb etməlidir ki, tanınmış vətəndaşını geri çağırsın. Əgər hansısa amerikalı biznesmen Dağlıq Qarabağda yerləşsəydi, çoxdan haray-həşir qalxmışdı...”.
İsmayıl