“Xocalı soyqırımını törədənlərdən biri də Serj Sarkisyandır”

Azərbaycan prezidenti BMT tribunasından Ermənistanı işğalçı adlandırıb



Ermənistan prezidenti Serj Sarkisyanın sentyabrın 19-da BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında çıxışı olub. Erməni mətbuatının yazdığına görə, Sarkisyan çıxışında Dağlıq Qarabağ problemindən danışıb və bir daha həyasızcasına 2016-cı ilin aprel döyüşlərinə görə birbaşa Azərbaycan tərəfini günahlandırıb. Cinayətkar rejimin başçısı deyib ki, Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkib hissəsi olmayıb.
O, iddia edib ki, Azərbaycanın Dağlıq Qarabağa iddia etməyə heç bir hüquqi və mənəvi əsası yoxdur:

"Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ordakı erməni xalqının hüquqlarına heç bir təsir göstərməməlidir. Regionun hüquqi statusunun olmaması orada yaşayan insanların hüquqlarının reallaşmasına əngəl ola bilməz. Hər kəs bilməlidir ki, Dağlıq Qarabağ problemi "insan haqları problemidir”. Bu münaqişə yalnız xalqların öz müqəddaratını təyin etmə hüququ əsasında həll oluna bilər. Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib ki, Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanla bağlı səsləndirdiyi sərsəm fikirlər erməni həyasızlığının növbəti nümunəsidir. B.Əliyev bildirib ki, ümumiyyətlə, Xocalı soyqırımını təşkil edən və həyata keçirənlərdən biri olan cinayətkar Serj Sarkisyanın BMT-nin tribunasından çıxış etməsinə şərait yaratmaq ikili standartın ən bariz nümunəsidir: "Digər tərəfdən, Serj Sarkisyanın o tribunaya buraxılması müəyyən dairələrin Azərbaycana qarşı bu cinayətkarlardan bir vasitə kimi istifadə etməsinin təzahürüdür. 

Ona görə hesab edirəm ki, BMT-nin yenidən formalaşdırılması barədə səsləndirilən fikirlərin həyata keçirilməsi və Serj Sarkisyan kimi cinayətkarlara qarşı sanksiyaların tətbiq edilməsi vacibdir. Sarkisyan Xocalı soyqırımını törətdiyinə görə, Azərbaycan ərazilərini işğal etdiyinə və 100 minlərlə insanı öz doğma yurdundan didərgin saldığına görə beynəlxalq hərbi tribunal qarşısında cavab verməlidir”.

BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev erməni rəhbərin iftiralarla dolu fikirlərinə və əsassız ittihamlarına layiqli cavab verib. Dövlət başçısı deyib ki, Ermənistan 25 ildən çoxdur ki, Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır: "Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Erməni təcavüzünün nəticəsi olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizi işğal altındadır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan tərəfindən bu ölkədə, Dağlıq Qarabağda və ətraf 7 rayonda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb”. Prezident İlham Əliyev ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında da danışıb: "Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırım törədib. Xocalı soyqırımı artıq 10-dan çox ölkə tərəfindən rəsmi olaraq tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan 613 dinc sakini qətlə yetirərək hərbi cinayət törədib. Qətlə yetirilənlər arasında 106 qadın və 63 uşaq var. Bu cinayəti törədənlərdən biri də Ermənistanın hazırkı prezidentidir. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının da 4 qətnaməsi var. 

Lakin Ermənistan qətnamələri həyata yerinə yetirmir, 24 ildir ki, qətnamələrə əhəmiyyət vermir və cəzalandırılmır. Bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün içində icra olunur. Bizim vəziyyətimizdə isə 24 ildir, icra olunmur. Bu, ikili standartdır və qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır. BMT-də aparılmalı olan islahatlardan biri də Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmləri ilə bağlı olmalıdır. Ermənistan "status-kvo”nun dəyişməməsi üçün hər şey edir. Substantiv danışıqları bloklayır. ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə bəyan edib ki, "status-kvo” qəbuledilməzdir”.

Prezident qeyd edib ki, təcavüzkara qarşı beynəlxalq təzyiq yoxdur, Ermənistan diktatorluğuna qarşı sanksiyalar tətbiq olunmur: "Bu, dayandırılmalıdır. Ötən ilin aprelində Ermənistan daha bir cinayət törədib. Nəticədə Azərbaycanın 6 dinc sakini öldürülüb, cavab hücumu ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərin bir hissəsini azad edib və bayrağını həmin ərazilərdə ucaldıb. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır. Əks halda, növbəti təxribatın cavabı daha ağrılı olacaq.
Döyüşdə itirən Ermənistan yenidən Azərbaycanın kəndlərinə hücum edib. Bu ilin iyulunda hədəfli hücum nəticəsində Alxanlı kəndinə edilən hücum zamanı 2 nəfər öldürülüb. Bunlar 2 yaşlı Zəhra Quliyeva və onun nənəsidir. Beynəlxalq ictimaiyyət erməni terrorizmini və faşizmini dayandırmalıdır. Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir. Lakin erməni hərbi təxribatı davam edərsə, Azərbaycan öz əhalisini müdafiə edəcək. Lazım gəlsə, ötən ilin aprelində olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.

Prezident İlham Əliyev deyib ki, demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi hökumətimizin əsas prioritetləri sırasındadır: 
"Azərbaycan BMT-nin aktiv üzvüdür. 2012-ci ildə Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. 25 illik tarixi olan bir ölkə üçün bu böyük uğur idi. Üzv ölkələrin böyük əksəriyyəti Azərbaycan və onun siyasətinə dəstək göstərdilər. Ölkəmiz stabil, modern, demokratik dövlətdir. Azərbaycanda fikir, söz, sərbəst toplaşma və dini azadlıqlar da daxil olmaqla bütün fundamental azadlıq tam təmin edilir. Dünya tərəfindən multikulturalizmin mərkəzi kimi tanınmış ölkələrdən biridir. Bu, Azərbaycanın dövlət siyasətidir. Bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və harmoniya şəklində yaşayır. 2016-cı il Azərbaycanda multikulturalizm, 2017-ci il isə İslam həmrəyliyi ili elan olunub. Demək olar ki, heç milli azlığın yaşamadığı Ermənistandan fərqli olaraq, Azərbaycan multietnik ölkədir. Ermənistanda islamofobiya pik həddə çatıb. Bu ölkə vandalizm aktları həyata keçirərək, işğal olunmuş Azərbaycan ərazilərindəki bütün məscidlərimizi dağıdıb”. Dövlət başçısı Azərbaycanın dinlərarası dialoqu genişləndirmək üçün bir sıra beynəlxalq tədbirlər keçirdiyini də diqqətə çatıdıb.

Sarkisyanın sərsəm açıqlamaları ölkə ictimaiyyəti tərəfindən də sərt qarşılanıb. Münasibət bildirənlərin hamısı Ermənistan prezidentinin böhtanlarına tutarlı cavab veriblər. 

Milli Məclisin deputatı Aydın Mirzəzadə də bəyan edib ki, Sarkisyanın BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı yalan və saxtakarlığın klassik formasıdır: "Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, Türkiyəyə torpaq iddiası və Türkiyəni bu gün tarixi saxtakarlıq olan "erməni soyqırımı”nda ittiham etməsindən sonra qonşulara dostluq münasibəti təklif etməsi məlumatsız auditoriya üçün qurulan bir teatr tamaşasını xatırladır. Sarkisyan sivil, demokratik, müasir düşüncəli bir lider kimi görünməyə çalışır.

 Ancaq Ermənistan dünyada artıq çoxdan beynəlxalq hüquq normalarına riayət etməyən, qonşu dövlətlərlə müharibə və diktə dilində danışan, öz ölkəsində demokratik dəyərləri tapdalayan bir ölkə kimi tanınır”. Deputat vurğulayıb ki, Ermənistan bu gün saxta bir oyun oynamağa, beynəlxalq ictimaiyyətdə özünün ləkələnmiş imicini təmizləməyə çalışır: "O, ölkə daxilində indiki hakimiyyətin bir güc və nüfuz olduğunu göstərməyə çalışır. Amma tarix belə saxta oyunları çox görüb. Hesab edirəm ki, Ermənistanın özünü təmizə çıxarmaq və törətdiyi cinayətlərdən yaxasını qurtarmaq mümkün olmayacaq”.

Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib ki, Sarkisyanın Azərbaycanla bağlı yalan, iftiralarla dolu növbəti çıxışının şahidi olduq. Deputatın sözlərinə görə, Sarkisyanın çıxışı bir daha dünyaya nümayiş etdirdi ki, bu dövlətin başında duran şəxsin sözləri lokal məzmunludur: 

"Dünyanı narahat edən məsələlər Sarkisyanı narahat etmir. Onun yalan üzərinə qurulmuş çıxışı əsassız ittihamlardan ibarətdir, iftiralarla qurulan cümlələrdir. Əvvəla, Ermənistan prezidenti yenə çıxışında qondarma erməni soyqırımı iddialarını gündəmə gətirib. Bundan sonra isə o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yenidən erməni yalanlarını beynəlxalq tribunada səsləndirib, özünü rüsvay edib. O, BMT kürsüsündən yenidən ərazi bütövlüyü prinsipini qəbul etmədiyini bildirib. Bir daha beynəlxalq hüquq prinsiplərini qəbul etmədiyini ortaya qoyub. Bu da beynəlxalq müşahidəçilərin diqqətindən heç bir halda yayınan məsələ deyil”. 

Millət vəkili bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın əbədi və əzəli tarixi ərazisidir: 

"Sarkisyan həmin ərazidə yaradılması mümkün olmayan qondarma bir rejimin adını çəkir. Onun çıxışı həmçinin BMT rəhbərliyinə hörmətsizlikdir. Ən azından ona görə ki, BMT rəhbərliyinin qəbul etdiyi 4 qətnaməni Sarkisyan rejimi icra etmir. Təşkilat erməni qoşunlarının qeyd-şərtsiz Azərbaycanın işğal edilmiş ərazisindən çıxarılması barədə 4 qətnamə qəbul edib. Sarkisyan isə BMT kürsüsündən həmin işğal etdikləri ərazilərdə "demokratik rejim” yaratmaq istədiyini bəyan edir. Sarkisyanın bu çıxışının BMT rəhbərliyi və beynəlxalq müşahidəçilər tərəfindən gülünc fikir kimi qəbul ediləcəyinə şübhəm yoxdur”.

İsmayıl