Xocalı soyqırımının tanıdılması istiqamətində media öz işini layiqincə yerinə yetirib





Fevralın 26-da Xocalı soyqırımının 27 illiyi tamam olub. Bu 27 illik zaman zərfində faciənin dünyada tanıdılması istiqamətində müxtəlif addımlar atılıb. Xüsusən də Azərbaycan mətbuatı və jurnalistləri Xocalı soyqırımının beynəlxalq aləmdə təbliği baxımından çox böyük işlər görüb. Ötən zaman kəsiyində lazım olan məlumatları, materialları dünya ictimaiyyətinə çatdırmağa çalışıblar. Azərbaycan mətbuatı bacardığı qədər fəallıq göstərib ki, soyqırımı dünya ictimaiyyətinə tanıda bilsinlər. Media nümayəndələri də hesab edir ki, siyasi yönümündən asılı olmayaraq, bütün qəzetlər, saytlar bu istiqamətdə kifayət qədər uğurlu işlər görüblər.

"Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyevin sözlərinə görə, ötən müddətdə Azərbaycan mətbuatı Xocalı soyqırımının unudulmaması ilə bağlı bütün vasitələrdən istifadə edib: 

"İlk növbədə soyqırım qurbanları və onların ailə üzvlərinin faciənin yaşandığı günlərdə başlarına gətirilən müsibətlər olduğu kimi cəmiyyətə çatdırılıb, canlı şahidlər danışdırılıb. Bu kimi informasiyaların canlı şahidlərin dili ilə təqdim olunması həm də gələcək nəsillər üçün arxivləşdirilməsi nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malikdir. 

Xüsusən Azərbaycan mətbuatı Xocalı soyqırımı ilə bağlı zəruri informasiyaların təkcə ölkə daxilində deyil, həm də müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Bura ayrı-ayrı jurnalistlərimizin müəllifliyi ilə hazırlanan müxtəlif nəşrləri, sənədli filmləri də əlavə etsək, böyük bir işin ortaya qoyulduğunun şahidi olarıq. Xüsusən də modern.az saytının baş redaktoru Elşad Eyvazlının Xocalıya həsr olunan "Böyüməyən uşaqlar” kitabı, tanınmış telejurnalist Elmar Məlikovun Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla birgə ərsəyə gətirdiyi "Cəhənnəmi görmüş pilot” filmi soyqırımı dünya ictimaiyyətinə müxtəlif dillərdə məhz şahidlərin dili ilə çatdırıb. 

Təkcə bu günlərdə - Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində onlarla jurnalist həmkarımız dünyanın müxtəlif ölkələrində TV- radio proqramları, internet resursları ilə çıxış edərək Azərbaycanın haqq səsini həmin ölkələrin ictimaiyyətinin diqqətinə çatdırmağa çalışdılar.
Əlbəttə ki, Azərbaycan mediası bununla kifayətlənməyib, hər il Xocalı soyqırımı günahkarları ilə bağlı yeni-yeni faktlar ortaya qoyub. Onların cəzalandırılması istiqamətində media araşdırmaları nəticəsində meydana çıxan həmin faktlar məhz vətəndaş cəmiyyətlərinin digər iştirakçıları tərəfindən beynəlxalq təşkilatlara ünvanlanıb.

Düşünürəm ki, media üzərinə düşən yükü tam məsuliyyətlə yerinə yetirir. Bundan sonrakı vəzifəsi də məhz Xocalı soyqırımını daha çox beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olacaq”.

"Axar.az” saytının baş redaktoru Anar Niftəliyev isə hesab edir ki, media bu böyük prosesin tərkibində yer alır: 

"Dövlətin, məxsusən XİN-in və diaspor təşkilatlarının bu yöndə fəaliyyəti davamlıdır, paralel olaraq xarici dildə broşürlər, kitablar dərc edilir, beynəlxalq qurumlarda Xocalı faciəsini əks etdirən görüntülər nümayiş olunur, səfirlərimizin beynəlxalq mediada məqalələri yayılır, həmçinin deputatlarımızın, diaspor təşkilatlarımızın bu sahədə əhatəli fəaliyyəti var və s.

Əlbəttə, bu prosesdə medianın üzərinə daha ağır yük düşür. Hesab edirəm ki, proses istədiyimiz səviyyədə davam etməkdədir və media da bu kampaniyada öz işini layiqincə yerinə yetirir. Bir məqamı xatırlatmağı zəruri hesab edirəm. Zori Balayanın Xocalı ilə bağlı qeydlərini rus versiyamızda tirajladıq və o, təxminən 1 il ərzində 350 min baxış topladı. Ona minlərlə şərh gəldi və əsasən ermənilər çox aktivlik nümayiş etdirirdilər. Onlar Z.Balayanın belə sözlər yazmadığını iddia edirdilər. Təfərrüata varmaq istəmirəm, sözümün canı odur ki, məxsusən xarici dildə olan versiyalarımızda bu tip təbliğatda biz hücum mövqeyində, ermənilər isə müdafiə mövqeyində olur. Düşünürəm, prosesi davam etdirməliyik.

Əsas məqam ondan ibarətdir ki, Xocalı soyqırımı ilə bağlı foto-video faktlar, şahid ifadələri yetərincədir. Bizim işimiz onları yaymaqdır və bu proses də davam edir”.

"Xocalı soyqırımı dünya tarixində ən qəddar və amansız qətliamlardan biridir. Erməni hərbi birləşmələri 366-cı motoatıcı alayın dəstəyi ilə azərbaycanlılara qarşı məhz belə bir dəhşətli cinayət törədiblər». Bu sözləri «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, Xocalı hadisəsində yüzlərlə insan, o cümlədən, uşaqlar, qadınlar, qocalar görünməmiş vəhşiliklə qətlə yetiriliblər: "Məhz bu qətliamın səbəbi də bu insanların milli, dini, etnik mənsubiyyətidir. Onlar azərbaycanlı olduqlarına görə qətlə yetirildilər. Bu hadisə baş verdikdən sonra Xocalı həqiqətlərinin dünyada tanıdılması istiqamətində dövlət səviyyəsində sistemli iş aparılır. Bu faciəyə ilk dəfə olaraq ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verilib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dünyanın bir sıra dövlətləri Xocalı faciəsini soyqırım aktı kimi tanıyıblar. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşan «Xocalıya ədalət!» kampaniyası nəticəsində hər il dünyanın əksər ölkələrində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər keçirilir. Bu kampaniya miqyasına görə böyük əhəmiyyət kəsb edir».
Azərbaycan mətbuatının Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində vəzifələrindən danışan B.Quliyev qeyd edib ki, mətbuatımız bu prosesdə aktiv iştirak edir. «Necə ki, cəbhədə əsgərlərimiz döyüşə hazır vəziyyətdədir, eyni vəziyyəti jurnalistikamıza da aid etmək olar. Yəni jurnalistlər də döyüş vəziyyətindədir. Çünki torpaqlarımız işğal altındadır və belə olduğu təqdirdə mətbuatımız daim mübarizədə olmalıdır. Bu gün qlobal dünya məkanında intellektual mübarizə gedir və bizim intellekt sahiblərinin də bu baxımdan döyüş meydanına çıxmasına zərurət yaranır. Jurnalistlər ordusunun intellektual ordu olduğunu nəzərə alsaq, bu gün Azərbaycan jurnalistikası da bu prosesdə fəallığını daha da artırmalıdır. Yəni Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yalnız dövlətin vəzifəsi yox, hər bir vətəndaşın, o cümlədən KİV nümayəndələrinin əsas vəzifələrindən biridir. 26 ildir ki, dövrü mətbuatda, elektron mediada Xocalı soyqırımı ilə bağlı məqalələr, əsərlər yazılır, canlı şahidlərin iştirakı ilə filmlər çəkilir. Bu filmlər, nəşrlər xaricdə də yayılır. Bütün bunlar Azərbaycan mətbuatının Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması prosesində aktiv iştirak etdiyini təsdiqləyir. Bununla belə, gələcəkdə bu proses daha da gücləndirilməlidir».

Sosial Media Mərkəzinin direktoru Azər Niftiyevin sözlərinə görə, Xocalı soyqırımı ümumbəşəri faciədir: "

Xocalı soyqırımı bəşəriyyətin ən ağır cinayətlərindən biridir. Bu qırğının nəticəsində 613 dinc sakin həyatını itirib ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Heç şübhəsiz, bu soyqırımın beynəlxalq miqyasda təbliği istiqamətində səylər gücləndirilməlidir. Bu istiqamətdə nə qədər çox iş görülsə də, kifayətlənmək olmaz. Bu mənada biz jurnalistlərin də üzərinə böyük məsuliyyət düşür. Xocalı şahidlərinə tribuna vermək, baş verən soyqırımı onların dilindən yaymaq əsas fəaliyyət istiqamətlərindən olmalıdır”.

A.Niftiyevin sözlərinə görə, media əhlinin Heydər Əliyev Fondunun viste-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə davam edən "Xocalıya ədalət” kampaniyasında iştirakı da diqqətdən yayınmamalıdır: 

"Ortada kifayət qədər ciddi örnəklər var. Pərakəndə şəkildə fəaliyyət göstərməkdənsə, mütərəqqi təşəbbüslərə cəmiyyət olaraq dəstək vermək, birgə fəaliyyət daha uğurludur. Hesab edirəm ki, Leyla Əliyevanın təşəbbüsü ilə davam edən "Xocalıya ədalət” kampaniyası bu soyqırımın beynəlxalq miqyasda yayılması üçün uğurlu vasitədir. Düşünürəm ki, müxtəlif dövlətlərdə hər il ənənəvi olaraq təşkil edilən Xocalı tədbirlərinə media cameəsi də xüsusi maraq göstərməli və bunun yayılması istiqamətində səylərini birləşdirməlidir”.

"Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli isə deyib ki, "Azərbaycandilli media Qarabağ və Azərbaycan həqiqətlərini dünyaya tanıtsın” iddiası bir az böyük səslənir. Xüsusən çap mediasının bununla bağlı imkanları çox aşağıdır: 

"Məsələn, Azərbaycan dilində Xocalı soyqırımını, azərbaycanlıların Dağlıq Qarabağda yaşadığı dəhşətləri anladan çoxlu siyasi təhlillər, publisistik məqalələr, müsahibələr yazılır. Hətta bəzi araşdırmaçı jurnalist həmkarlarımız bu mövzuda kitablar da nəşr etdiriblər. Ancaq onları özümüzdən başqa kim oxuyur ki? Mənə elə gəlir ki, bu məqalələr, kitablar rus, ərəb, ispan, fransız, ingilis dillərinə tərcümə olunmalıdır. Doğrudur, bir sıra həmkarlarımızın Qarabağ həqiqətləri ilə bağlı ingilis dilində kitabları var, ancaq bu azdır. Təbliğat işi yeni dövrün tələblərinə uyğun aparılmalıdır. Sosial şəbəkələri izləyirəm. Məsələn, youtubda o qədər kanal açılıb. 

Paltar sabununun faydası, enerji içkilərinin zərəri və digər məsələlərlə bağlı peşəkarlıqla hazırlanmış 5-10 dəqiqəlik videomateriallar var. Hər birinə neçə 100 min insan baxıb. Niyə bunu Qarabağla, başqa milli problemlərimizlə bağlı etmirik? Bunu qəzet və saytların redaksiya heyəti daha yaxşı bacarar axı. Məsələn, Xocalı dəhşətləri ilə bağlı müxtəlif dillərdə 7-12 dəqiqəlik videomateriallar hazırlamaq olar. Sözsüz ki, Azərbaycan cəmiyyətində hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində medianın rolunu danmaq olmaz. Mənim fikrimcə, bu məsələdə media üzərinə düşəni lazımınca yerinə yetirib”.

Şəymən