"Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, yazıçı-publisist Səriyyə Müslümqızının "Xocalı uşaqları, qan içində qar çiçəyi” adlı povesti Azərbaycan Respublikasının Malayziyadakı səfirliyi tərəfindən malay və ingilis dillərinə tərcümə edilərək kitab şəklində çap edilib.
Bu barədə xanım jurnalist özü məlumat verib. S.Müslümqızına məktub göndərən səfir Dağlıq Qarabağ münaqişəsini, o cümlədən Xocalı soyqırımını Malayziya ictimaiyyətinə daha geniş şəkildə çatdırmaq üçün belə bir təşəbbüs həyata keçirdiyini bildirib. Əməkdaşlıq üçün Səriyyə xanıma təşəkkür edən səfir ümid edir ki, bu təşəbbüs birlik sədrinə ilham verəcək və bundan ruhlanan tədqiqatçı yeni-yeni povestlər, məqalələr qələmə alacaq. S.Müslümqızı Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördükləri nümunəvi işə görə, Azərbaycanın Malayziyadakı səfirinə öz təşəkkürünü bildirib: "Mən bu kitabı 2012-ci ildə Xocalı soyqırımı ərəfəsində nəşr etdirmişəm. Povest soyqırımdan bəhs etməklə yanaşı, ilk dəfə olaraq Xocalı uşaqlarından söz açır. Biz bu kitabı 30-dan çox Azərbaycan səfirliyinə təqdim etmişik. Povest Azərbaycanın Malayziya səfirliyində xüsusi maraq doğurub və onlar bu əsəri Malayziya dilində çap etdirmək qərarına gəliblər. Bu il fevralın 26-da isə səfirlik kitabın təqdimat mərasimini keçirib. Həmin vaxt Almaniyada tədbirlərdə iştirak etdiyim üçün təqdimat mərasiminə qatıla bilmədim. Amma buna baxmayaraq, onlar kitabı çap etdirib yayıblar. Bu işin təşəbbüskarı səfir Qaley Allahverdiyevə və onun birinci müavini Abbas müəllimə öz təşəkkürümü bildirirəm. Onlar çox xeyirxah və təqdirəlayiq bir iş görüblər”.
S.Müslümqızı Malayziyadakı Azərbaycan səfirliyinin digər ölkələrdəki səfirliklərə də nümunə olacağını ümid edir: "Almaniyada olarkən bu kitabdan oradakı səfirimizə təqdim etdim. Yaxşı olar ki, onlar da kitabı tərcümə etdirərək alman ictimaiyyətinə yaysınlar. Eyni zamanda digər ölkələrdə yerləşən səfirlərimiz də Qaley müəllimdən nümunə götürərək bu gözəl işi həyata keçirsinlər. Yəqin ki, onların buna imkanları çatar. Ümumiyyətlə, səfirliklərin bu işə qoşulması təqdirəlayiq hal olardı”.
Bu cür təşəbbüslərdən ilham aldığını deyən birlik sədri yeni kitablar üzərində işlədiyini də qeyd edib: "Dünya susmasın gərək” adlı kitabım artıq hazırdır. Bu povest Qarabağda erməni vəhşiliklərindən bəhs edən, tarixi sənədlər əsasında yazılmış xroniki bir əsərdir. Ancaq hələlik işıq üzü görməyib. Yəqin ki, gələcəkdə hansısa səfirlik mənə müraciət edəcək və əsəri çap etdirə biləcəyik. Ancaq QHT-lərə Dövlət Dəstək Şurasından başqa bizə dayaq olan, dəstək verən qurum yoxdur. Mənim işim ancaq yazmaqdan ibarət olsa, yəni yazılarımın nəşri üçün maliyyə dəstəyi axtarmasam, bu istiqamətdə daha çox iş görərəm. Qarşıdan qondarma erməni soyqrımı gəlir. Ermənilər buna çox ciddi hazırlıq görürlər. Bütün erməni zənginləri də o saxta təbliğatı aparanlara hərtərəfli maddi dəstək verirlər. Amma bizim zənginlər onlardan çox olsa da, bu zəruri vətənpərvərlik işinə heç bir maliyyə yardımı göstərmirlər”.
İsmayıl