“Xocalı Xatın, Lidiçe, Babi Yar kimi faciələrlə bir sırada dayanır” - Vitse-spiker




Milli Məclisdə Xocalı soyqrımının 25 illiyi münasibəti ilə qərar layihəsi müzakirə olunur. Sherg.az-ın məlumatına görə, birinci vitse-spiker Ziyafət Əsgərov çıxış edərkən vurğulayıb ki, Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilib. 

Onun sözlərinə görə, dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır: 

"Xocalı soyqırımı Azərbaycanın Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisidir. Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci böyük yaşayış məntəqəsi olan Xocalı Ermənistan hərbi birləşmələrinin növbəti hədəfi idi. Şəhərdə 7 min nəfərədək adam yaşayırdı. Ermənistandakı ata-baba torpaqlarından zorla qovulub didərgin salınmış azərbaycanlıların bir hissəsi və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türklərinin 54 ailəsi də burada məskunlaşmışdı.

Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. Davakar erməni millətçiləri kütləvi informasiya vasitələrində, mitinqlərdə azərbaycanlıların kütləvi məhvini təşkil etməyə çağırışlar edirdilər”. 

Z.Əsgərov vurğulayıb ki, heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edilib: "Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər şikəst edildi. 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın zabitləri Seyran Ohanyan, Yevgeni Nabokix, Valeri Çitçyan rəhbərlik edib. Onlar cəzasını almalıdırlar. İnanıram ki alacaqlar da”.

Anar