Xocalıda təyyarə uçsa, cavab amansız olacaq

Azərbaycan Xarici İşlər Nazirliyi bir daha erməniləri xəbərdar etməlidir


Ermənistan mətbuatı Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportu ilə bağlı yeni məlumat yayıb. Yayılan xəbərlərə görə, "Yell Extreme Park” layihəsi çərçivəsində aeroportdan 2 yerlik təkmotorlu təyyarələr havaya qalxacaq və Şuşaya qədər uçuşlar gerçəkləşdirəcək.

Layihənin rəhbəri Tiqran Çibuxçyan bildirib ki, layihə esktremal turizm həvəskarları üçün nəzərdə tutulub. Onun sözlərinə görə, layihəyə uyğun olaraq, Xankəndi-Şuşa reysi ilə uçuşlar başlayacaq. Təxminən gün ərzində 20-yə qədər davam edəcək uçuşların təkcə Şuşaya deyil, həmçinin, Kəlbəcər ərazisindəki alban monastırı istiqamətində gerçəkləşəcəyi bildirilir. Xatırladaq ki, 2011-ci ildə 8 milyon dollara yenidən rekonstruksiya olunan Xocalı aeroportundan Yerevana uçuşların gerçəkləşəcəyi elan olunsa da, rəsmi Bakının sərt xəbərdarlığından sonra Ermənistan rəhbərliyi bu uçuşları gerçəkləşdirməyə cürət etməmişdi. Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib ki, Xocalı DMAA-sı tərəfindən mülki aviasiya üçün qadağan olunmuş zona elan edilib: "Hər hansı qanunsuz uçuşlara qarşı Azərbaycanın müvafiq icra hakimiyyəti orqanları tərəfindən uyğun tədbirlər görüləcək”.

 Erməni təxribatı ilə bağlı "Şərq”ə açıqlama verən polkovnik-leytenant Üzeyir Cəfərov deyib ki, praktiki baxımdan uçuşu reallaşdırmağa düşmən tərəfin cürəti çatmaz. Ekspertin sözlərinə görə, Ermənistan atacağı təxribatçı addıma çox sərt qarşılıq veriləcəyini yaxşı bilir: 

"Əgər Ermənistan Azərbaycanın sərt addım atmayacağından bir balaca əmin olsaydı, çoxdan Xocalı aeroportundan istifadə edərdi. Bədnam Serj Sarkisyan deyirdi ki, aeroport işə düşsə, ilk təyyarədə özü də uçacaq. Qətiyyən çəkinmək lazım deyil. Azərbaycan Xarici İşlər Nazirliyi bir daha erməniləri xəbərdar etməlidir ki, əgər belə bir təxribata cəhd edilərsə, rəsmi Bakının cavabı amansız olacaq. Xocalı da, Şuşa da bizim torpaqlarımızdır. Düşmən ölkə ərazilərimizdə qanunsuz uçuş həyata keçirə bilməz. Beynəlxalq Aviasiya Təşkilatı da Ermənistana xəbərdarlıq edib ki, düşmən tərəf hansısa ağılsız hərəkətə yol verməsin. Əlimizdə bütün imkanlar var və onlardan kifayət qədər istifadə etməliyik. Balaca boşluğa yol versək, Ermənistan həyasızlığını davam etdirəcək. Həyasızlığa son vermək üçün ən qətiyyətli addımlar atılmalıdır”.

Ekspertin sözlərinə görə, Ermənistandan verilən bəyanatla paralel Rusiyadan da açıqlama gəlməsi düşündürücüdür:

"Ermənipərəst, sarsaq politoloq belə bir fikir səsləndirib ki, "Ermənistan hücuma keçməli və Azərbaycanı məcbur etməlidir ki, rəsmi Bakı düşmənin şərtlərini yerinə yetirsin”. Deməli, bəzi hadisələr bir mərkəzdən idarə olunur. Məncə, aeroport təxribatı təkcə ermənilərlə bağlı deyil, hansısa güclər düşmənə tövsiyələr verib. Azərbaycan tərəfi bunu da diqqətə almalıdır”.

İsmayıl