Xurafat inanca çevrilməməlidir

Şahin Həsənli: "Xurafat dini və əqli əsası olmayan əməldir"


"Din xadimi nəinki xurafatı yaratmalı, ona rəvac verməlir, əksinə bununla mübarizə aparmalıdır”.

Bunu Sherg.az-a dindarların məclislərdə falçılıqdan, xurafatdan danışmasına münasibət bildirən zaman ilahiyytaçı hacı Şahin Həsənli deyib. 

O bildirib ki, din sağlam məntiqə əsaslanır:

"Dinin hökmlərinin hər birini araşdırsaq, görərik ki, ağıldan, məntiqdən kənar hər hansı hökm yoxdur. Xurafat dini və əqli əsası olmayan əməldir. Ona görə də qaldırılan məsələni düzgün hesab edirəm ki, din xadimləri xurafata qarşı kəskin mövqedə dayanmalıdır. Bu istiqamətdə maarifləndirmə işi aparılmalıdır. Çünki dinlə heç bir əlaqəsi olmayan, mahiyyəti mövhumatdan, xurafatdan qaynaqlanan bəzi əməllər ortaya çıxır. 

Din xadimləri məsələ ilə bağlı öz mövqeyini bildirərlərsə, təbii ki, bu inanclar insanlar arasında da yayılmaz. Ona görə də yeganə çıxış yolu maarifləndirmədir. Həm Kütləvi İnformasiya Vasitələrində, həm məscidlərdə və ya məclislərdə bu məsələlərə toxunulmalıdır ki, din xurafatdan tamamilə fərqli məfhumdur. Xurafatın inanca yol tapmasına qətiyyətlə yol vermək olmaz”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycanın tarixən formalaşmış dövlət-din modelini təftiş etməyə, onu dəyişdirməyə çalışan qüvvələr var.

Aysel Aslan