Yaddaşlardakı Zəlimxan Yaqub...

Vaxt, zaman nə tez gəlib keçdi?! Bir il necə də tez tamam oldu?! Düz bir il bundan əvvəl ölüm yanımızdan yel kimi ötüb, xalqın sevimlisi, sazın-sözün fədaisi Zəlimxan Yaqubu öz ağuşuna aldı. Bəli,
"Qələm alsın baş daşımı yazanlar
Bel götürsün məzarımı qazanlar
Ay Zəlimxan, ağı desin ozanlar
Kəfən mənim, karvan mənim, köç mənim”
deyən şairin ömür karvanının əbədiyyətə qovuşmasından düz bir il ötür. Gur səsi, bitib-tükənməz enerjisi, coşqun təbi ilə yaddaşlarda silinməz iz buraxan, həmişə əsl ziyalıların, vətən, torpaq təəssübü çəkən şəxsiyyətlərin sırasında olduğu üçün onun yeri yaman görünür. Hamı onun bulaq kimi çağlayan poeziyasına, duzlu-məzəli söhbətlərinə heyran idi. Zəlimxan deyəndə saz, söz, sənət, poeziya canlanır gözlərimiz önündə.
Ona boşuna Azərbaycanın nəğməkar ürəyi demirlər ki!? Bu ad onun halalı, alın tərinin bəhrəsi idi. O, sinədəftər idi. Yorulmurdu, əksinə, danışdıqca həyat eşqi ilə alışıb-yanırdı. Ətrafı bir anda nura qərq edən poetik zəkası ilə Azərbaycan folklorunu geniş meydanlara, böyük auditoriyalara çıxarmağı bacaran bu insan eyni zamanda xalqın böyük etimadını qazanmış ictimai xadim idi. O,
ömrünün mənasını xalqa xidmətdə görürdü. Onun şeirləri dünya ölkələrində milyon-milyon insanların qəlbinə bəşəri hisslər - sülh, əmin-amanlıq, dostluq duyğuları, həyat eşqi aşılayır. Sözsüz ki, Azərbaycanın Xalq şairi Zəlimxan Yaqub bu dünyaya yaşamaq, yaratmaq üçün gəlmişdi. Elə ömrünü də bu yolda başa vurdu. Gözlərimiz önündə şam kimi əriyib sönən şairin zülmətindən isə hamıya pay düşdü. Bəlkə də Zəlimxan Yaqub ölümünün Azərbaycan xalqını bu qədər sarsıdacağını düşünmürdü.
Yoxsa
"Hansı gün Zəlimxan ölüb desələr,
O gün, bircə dəfə "of” çəkərsiniz”
deyərdimi? Bəlkə də bilirdi, sadəcə özünəməxsus təvazökarlığına sığınıb yazmışdı bu sözləri. O bilirdi ki, bir gün aramızda olmasa da, sazı-sözü hər zaman bizimlə olacaq:
"Mənimki söz qəsri, söz qalasıdır,
Söz Babək qalası, Bərz qalasıdır.
Qalsa Zəlimxandan söz qalasıdı,
Yatanda kəfənin, bezin içində”.
Qeyd edək ki, Zəlimxan Yaqub ötən il yanvarın 9-da uzun sürən xəstəlikdən vəfat edib. O, iki çağırış parlamentin deputatı və Aşıqlar Birliyinin sədri kimi çalışıb. Əgər ədəbi zövqündən danışsaq, şübhəsiz ki, Zəlimxan Yaqub klassik ədəbi cərəyanın davamçısı, folklor və aşıq şeirinə daha yaxın idi. Ancaq məsələ ədəbi zövqündə deyil, o, həm də ictimai mövqeyinə görə bəzən tənqid olunan və bu tənqidlərin çoxunu xoş sözlərlə qarşılayan böyük şəxsiyyət idi. Belə ki, onu ən çox şeir yazan, tərif yazan, xalqın dərdindən yazmayan, ölkədəki ictimai hadisələr haqda danışmayan birisi adlandıranlar da vardı, ancaq onu xalqa yaxın olan, xalq şeirini, klassik şairləri tədqiq edib öyrənən və təbliği ilə məşğul olan böyük düha sahibi də adlandırırlar. Bəs, görəsən, Azərbaycan şairləri, ədəbiyyat adamları onu necə xatırlayır, ədəbiyyatda yerini necə görürlər?
Millət vəkili, yazıçı-publisist Aqil Abbas "Şərq”ə açıqlamasında Zəlimxan Yaqub haqqında, mərhum, rəhmətlik kimi ifadələrin işlədilməsinin əleyhinə olduğunu deyib: 
"Bəzən kimsə klassiklərdən sitat gətirəndə "rəhmətlik Füzuli belə deyib, rəhmətlik Nizami elə yazıb” kimi ifadələrdən istifadə edir. Elə bilirəm, mənə söyürlər. A bala, şairlər, yazıçılar, sərkərdələr ölmürlər! Onlara rəhmətlik, mərhum sözlərini deməyin! Nizami Gəncəvidən rəhmətlik olar?! Nizaminin "Xəmsə”si, "Füzulinin "Leyli və Məcnunu” yaşayırsa, onlara necə rəhmətlik deyə bilərik? Hər gün Zəlimxan Yaqubun adı çəkilir, şeirləri oxunur, odlu- alovlu çıxışları dinlənilir, məclislərdə onun söhbətləri xatırlanırsa, deməli, Zəlimxan Yaqub hələ də yaşayır. Sadəcə bizim yanımızda deyil. Hüseyn Cavid, Məmməd Araz, Səməd Vurğun ölə bilər? Belə şey mümkün deyil axı! Onlara ölü deyən adamların şeir nə deməkdir, poetik ruh, poetik təfəkkür nə deməkdir, bunlardan qətiyyən xəbəri yoxdur”.
Zəlimxan Yaqubun Azərbaycanın nadir istedadlı şairlərindən biri olduğunu vurğulayan A.Abbasın sözlərinə görə, o öz şairliyi ilə insanlığını sübut edib: 
"Zəlimxan Yaqub müasir Azərbaycan poeziyasının əsas sütunlarından biridir. Ayrıca bir dəyərdir. Onun kitabları vərəqləndikcə, şeirləri oxunduqca, sazın səsi var olduqca, Zəlimxan da var olacaq. O ölməyib, sadəcə ömrünü sazın, sözün ömrünə köçürüb, öz karvanı ilə başqa bir dünyaya doğru yol alıb”.
Əslində Aqil Abbasın dediklərində həqiqət payı var. Elə şairin özünün də təxminən bu məzmunda bir şeiri var:
"Gün kimi doğulanlar qarışır şəfəqlərə
Rəngimi solğun görüb sanma bata-batdayam
Canım qara torpağın, nəfəsim göylərindir
Qəbirdə yatsam belə, həmişə həyatdayam”.
Zəlimxan Yaqubla bağlı xatirələrini bölüşən və onu bir şairdən daha çox yaxşı insan kimi sevən gənc yazar Kəramət Böyükçöl mərhum şair haqqında maraqlı bir sirri də açıb. Sən demə, Zəlimxan Yaqub vaxtilə Kəramətgilə evlərinin tikintisi zamanı çox böyük yardım edib:
"Zəlimxan Yaqubla yaxın dost olmuşuq. Amma Zəlimxan Yaqub mənim xatirimdə ən çox xəstəxanadan çıxıb, toyuma gəlməyi ilə qalıb. Çox səmimi münasibətlərimiz vardı. Tez-tez evinə gedirdik. Bizi xoş qarşılayıb, problemlərimizlə maraqlanırdı. Bizim üçün o qədər insana zəng edib ki! Hətta torpaq alıb, ev tikməyimizdə də "qağam”ın çox böyük köməyi olub. Bunları deməkdə məqsədim odur ki, bir şair, ziyalı olmaqdan əvvəl bir insan kimi onu çox istəyirəm və hər zaman da xoş hisslərlə xatırlayıram. Zəlimxan Yaqub mənim üçün əvəzolunmaz insandır. Mən onu böyük məhəbbətlə xatırlayıram. Ədəbi fəaliyyətinə gəldikdə isə onu deyə bilərəm ki, Zəlimxan öz üslubu ilə seçilən, sevilən çox istedadlı bir şairdir. Onun özünəməxsus poetik duyumu, şeir ruhu vardı. Düzdür, bəzi insanlar onun sinonimlərdən istifadə etməsinə rişxənd edir, ancaq ənənəvi janrda yazdığına görə tənqid edir. Amma onu tənqid edənlərin heç birində Zəlimxanın dayanmadan, bir nəfəsə etdiyi çıxışların bir dəqiqəsini edəcək yaddaş və istedad yoxdur. Böyüklüyünü heç vaxt itirməyən ustad şairimiz, böyük insan Zəlimxan Yaquba Allahdan rəhmət diləyirəm! Bu gün bizim yanımızda olmasa da, qəlbimizdədir. Mənim üçün Zəlimxan yaşayır, yaşayacaq!
Şair Aqşin Yenisey isə Zəlimxan Yaqubun onu tanıyanların xatirində səmimi şair kimi yaşayacağını deyib: 
"Ancaq ədəbi ölçülərlə baxsaq, rəhmətlik şair ömrünün sonuna qədər sadiq qaldığı aşıq ədəbiyyatı janrına heç bir yenilik gətirmədi, ötürülmüş ənənələri davam etdirməklə kifayətləndi. Füzulidən sonra Vaqif nə idisə, Aşıq Ələsgərdən, Abbas Tufarqanlıdan, Xəstə Qasımdan sonra da Zəlimxan Yaqub o idi. Yəni Vaqifin dilində Füzulinin bircə beytindəki mətləbi belə yazmaq olmaz. Mövzu özünə uyğun dil tələb edir. Məsələn, Hüseyn Cavid istəsəydi belə "İblis”i müasiri Səməd Vurğunun dilində yaza bilməzdi, yaxud Səməd Vurğun heç vaxt "Muğan” poemasını Hüseyn Cavidin irfani dilində yaza bilməzdi. Ona görə də həm dil, həm janr, üslub baxımından Zəlimxan Yaqubun yeri onu sevənlərin qəlbidir”.
Yazıçı Şərif Ağayar da Zəlimxan Yaqubun onun xatirində həmişə yaxşı insan, maraqlı şair kimi qalacağını və onu ömrü boyu xoş duyğularla yad edəcəyini deyib: "Ruhu şad olsun!”.
"Zəlimxan müəllim mənim yaddaşımda hər zaman gözəl bir insan kimi qalacaq. Onun ədəbiyyatdakı yerini zaman göstərəcək. Zamanın saatı isə çoxdan işə düşüb”. Bu sözləri isə yazar Qan Turalı deyib. Zəlimxan Yaqubun ədəbiyyat tariximizin, siyasi həyatımızın bir hissəsinə, ictimai yaddaşın ikonlarından birinə çevrildiyini vurğulayan yazarın sözlərinə görə, dövr keçdikcə bütün bu münasibətlər durulaşaraq həqiqətə çevriləcək.
Zəlimxan Yaqubun təzadlı şəxsiyyətlərdən olduğunu deyən şair Cəlil Cavanşir hələ sağlığında onun haqqında müxtəlif fikirlər deyildiyini qeyd edib: 
"Amma mənim Zəlimxan Yaqubla bağlı şəxsi xatirələrim müsbətdir. Onun hər zaman Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və rolu olduğunu düşünürəm. Bir neçə dəfə görüşmüşük və xoş xatirələrlə yadımda qalıb. Zəlimxan Yaqubu fenomenal yaddaş, maraqlı müşahidə qabiliyyəti, oxunaqlı şeirlərə sahib bir şair kimi tanıyıram. Azərbaycan folkloruna, aşıq sənətinə dərindən bələd idi. Şəxsi münasibətlərdə də həddindən artıq səmimi və mehriban, qayğıkeş bir insan idi. İlk dəfə şairlə tələbəlik illərimdə Gəncədə görüşmüşəm. O vaxtlar da Zəlimxan Yaqub siyasi kimliyinə görə gənclər tərəfindən kəskin tənqid edilirdi. Amma yaxından tanış olub, danışandan sonra onun Azərbaycanı, Vətəni necə sevdiyinə, millətinə ürəkdən bağlılığına şahid oldum. Ömrünün sonlarına yaxın şairi evində ziyarət etmişəm. Ölüm haqqında çox danışdıq. O zaman heç Məmməd Aslan da rəhmətə getməmişdi. Bir az ondan, bir az da digər dostlarından danışdı, kövrəldi. Elə yaddaşımda da o cür qalıb. Tribunada guruldayan, səsi ilə dünyanı lərzəyə salan Zəlimxandan daha çox ölümü gözləyən şairi xatırlayıram. Bir də Vaqif Səmədoğlunun dəfnindəki pərişan halı, üzündəki çarəsizlik duyğusu gözlərimin önündən getmir. Baxışlarından hiss olunurdu ki, şair artıq ölümün ayaq səslərini eşidir”.
Məlumat üçün bildirək ki, yanvarın 9-da saat 11:00-da I Fəxri Xiyabanda Zəlimxan Yaqubun məzarı başında şairin xatirəsi anılacaq, mədəniyyət və ədəbiyyat xadimləri, ziyalılar şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışacaq, onun Azərbaycan şeirindəki yerindən bəhs edəcəklər. Xalq şairinin oğlu Bəhlul Yaqubovun məlumatına görə, xatirə tədbiri akademik Rəfael
Hüseynovun aparıcılığı ilə baş tutacaq. Abidənin açılışından sonra Təzəpir məscidində mərhum Xalq şairinin ruhuna ehsan süfrəsi açılacaq.
Şəymən