Yalandır...

8 min əfqan muzdlunun Qarabağa yerləşdirilməsi inandırıcı deyil
Hərbi ekspert Üzeyir Cəfərov baş verənləri Ermənistanın növbəti dezinformasiya cəhdi kimi qiymətləndirib

Son günlər medianın diqqət ayırdığı məsələlərdən biri də Ermənistanın 8 min əfqan muzdlu əsgərin 5 illik müqavilə ilə Qarabağa gətirməsidir. Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbeyin sözlərinə görə, əfqan muzdluları Qarabağda təmas xəttinə yerləşdirilib.

"Ötən ilin "aprel müharibəsi”ndə məğlub olan Ermənistanda valideynlərin övladlarını Qarabağda əsgərliyə göndərməmək qərarına gəldiyini vurğulayan G.Gülbeyin dediyinə görə, Ermənistan rəhbərliyi bu problemi həll etmək üçün pul qarşılığında 8 min əfqan muzdlu döyüşçüsünü ölkəyə gətirərək, təlim keçib. Muzdlu əsgərlərə 5 il ərzində 3 min dollar maaş veriləcək. Sonda Ermənistan vətəndaşlığı və Avropaya viza sözü verilib. ASİMDER rəhbərinin iddiasına görə, əfqan döyüşçülər İran vasitəsilə Ermənistana gətirilib.

Onun sözlərinə görə, Qarabağda xidmətə cəlb edilən əfqan muzdlulardan Ermənistan əfqan döyüşçülərdən Türkiyəyə qarşı da istifadə edə bilər.

Maraqlıdır, Ermənistanın minlərlə əfqan döyüşçüsünü Qarabağda yerləşdirməsi mümkündürmü?

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov baş verənləri Ermənistanın növbəti dezinformasiya cəhdi kimi qiymətləndirib:

"Bu informasiyada yer alan fikirlərin heç də hamısı həqiqətə uyğun deyil. Ermənilər güclü şəkildə dezinformasiya ilə məşğuldurlar. Azərbaycan ordusuna psixoloji təsir göstərmək üçün bu cür informasiyalar yayırlar. Ermənistanda əsgər çatışmazlığı var və məhz buna görə də onlar müxtəlif ölkələrdən orduya muzdlular cəlb etməyə məcburdurlar. Bu məqsədlə ehtiyatda olan bir neçə əfqanı da Ermənistana gətiriblər. Lakin ermənilərin 8 min muzdlu əfqanı orduya cəlb etməsi mənə əsla inandırıcı gəlmir. Bu fikirdən çox-çox uzağam. Əgər bu əfqanların həqiqətən də lazımi hazırlığı varsa, elə öz ölkələrində xidmətə cəlb edilərdilər də. Mən bunu Ermənistanın növbəti dezinformasiyası kimi dəyərləndirirəm”.

Hərbi-siyasi icmalçı Ramil Məmmədli isə deyib ki, birinci Qarabağ müharibəsi və ondan sonrakı atəşkəs dövründəki təcrübə göstərir ki, ermənilər muzdlu döyüşçülərdən istifadə edərək özlərinin hərbi imkanlarını gücləndirməyə çalışıblar: 

"Zaman-zaman müxtəlif xalqlara məxsus muzdluların Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşdüyünün şahidi olsaq da, ilk baxışdan əfqan mənşəli döyüşçülərin Azərbaycan əsgərinə silah atması inandırıcı görünmür. Çünki Qarabağ müharibəsi zamanı xeyli sayda əfqan əsgərləri Azərbaycan ordusunun tərkibində Ermənistana qarşı vuruşub. Ancaq hər şeyə rəğmən biz istisna halları da unutmamalıyıq. Əfqanıstanda Azərbaycanın yeritdiyi siyasəti, ölkəmizin multikulturalizm dəyərlərini qəbul etməyən radikal hərbi birləşmələrin nümayəndələri ölkəmizə qarşı həyata keçirilən hərbi əməliyyatlarda iştirak edə bilərlər. Onların müsəlman olması o demək deyil ki, bizə qarşı silah qaldırmazlar. Biz bu günə qədər dəfələrlə müsəlman mənşəli şəxslərin erməni qoşunlarının tərkibində döyüşməsini müşahidə etmişik”.

Şəymən