Yaqub Mahmudov AMEA-nın Rəyasət Heyətində elmi məruzə ilə çıxış etmişdir





Tarix İnstitutunun mətbuat xidmətinin rəhbəri Nazim Xəlilov Day.Az-a bildirib ki, аprelin 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov AMEA-nın Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin növbəti büro iclasında "AMEA-da islahatlar və müasir mərhələdə Azərbaycan tarixinin aktual problemləri" adlı elmi məruzə ilə çıxış etmişdir.

Yaqub Mahmudov elmi məruzəsində qeyd etdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin çağırışları, tövsiyə və tapşırıqları ilə Tarix İnstitutu son illərdə "Qarabağ: real tarix, faktlar və sənədlər", "Naxçıvan: tarixi və abidələri", "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi", dörd kitabdan ibarət üç cildlik "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı" sənədlər toplusu, "Azərbaycan xalçaları: İrəvan, Qarabağ, Naxçıvan qrupları", "Heydər Əliyev ideyalarının zəfər yürüşü", "Real tarix və "Böyük Ermənistan" uydurması", "İlham Əliyev və Azərbaycan tarix elmi" və digər fundamental tədqiqatlardan ibarət 300-dən çox əsər hazırlayıb nəşr etdirib.

Y.Mahmudov bildirdi ki, Azərbaycan tarixini ilk mənbələrdən öyrənmək məqsədiylə Tarix İnstitutunda yeni bir layihəni - "Azərbaycan tarixi ilk mənbələrdə" layihəsini ortaya qoyduq: "Moskva, Sankt-Peterburq, Dərbənd, Mahaçqala, Tiflis, Həştərxan, İstanbul, Ankara, Paris, London, Berlin, Dehli kimi şəhərlərin arxivlərindən əldə olunan arxiv sənədləri çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilməkdədir".

"Ölkə başçısının göstərişi ilə 2009-cu ilin yanvarında Azərbaycan xalqının qatili və soyqırımı cəlladı olan Stepan Şaumyanın və onun əlaltılarının məzarları paytaxtımızın mərkəzindən ümumşəhər qəbiristanına köçürülən zaman həmin məzarlıqda 26 deyil, 23 cəsədin qalıqları olduğu aşkara çıxdı və bununla daşnak-bolşevik saxtakarlığının üstü açıldı", - deyə Y.Mahmudov qeyd etdi.

Tarixçi-alim çıxışında vurğuladı ki, Tarix İnstitutu AMEA Rəyasət Heyəti və Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi ilə birgə Azərbaycanda və Şərqi Anadoluda ermənilərin həyata keçirdiyi soyqırımlarına həsr olunmuş 3 beynəlxalq elmi konfrans həyata keçirmişdir: "III Beynəlxalq soyqırımları elmi konfransı bu günlərdə Şamaxıda keçirilmişdir. Konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən - Albaniya, Almaniya, Türkiyə, Rusiya (o cümlədən Moskva şəhəri, Tatarıstan Respublikası və Şimali Qafqazın bir sıra respublikaları), Özbəkistan, Gürcüstan və Polşadan olan alimlər elmi məruzələrlə çıxış etmişlər".

Məruzə ətrafında akademiklər Nailə Vəlixanlı, Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri Nərgiz Axundova, İlyas Babayev, Şahbaz Muradov, professor Nazim İmanov və başqaları çıxış edib, Tarix İnstitutunda son illərdə görülən işləri yüksək qiymətləndirərək, tövsiyələrini səsləndiriblər.