Azərbaycan ABŞ-ın 1 milyon dollarına qalmayıb
Ağ Ev administrasiyası 2018-ci maliyyə ilinin büdcəsini Konqresə təqdim edib. Yayılan məlumata görə, yeni büdcə layihəsində xarici ölkələrə yardım əhəmiyyətli şəkildə azaldılıb. Belə ki, Azərbaycana göstəriləcək yardım 2017-ci illə müqayisədə 90 faiz azaldılaraq 1 milyon dollar təşkil edəcək. Gürcüstana yardım 58 faiz, Ukraynaya isə 70 faiz azaldılacaq. Ermənistana ayrılan yardım 67 faiz azaldılaraq 7 milyon dollar təşkil edəcək.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov hesab edir ki, Azərbaycanın hansısa ölkənin maliyyə yardımına ehtiyacı olmasa da, "bəy verən atın dişinə baxmazlar” prinsipinə əməl etməliyik: "Əvvəla onu deyim ki, müstəqil dövlət olaraq Azərbaycanın Amerikanın ayırdığı maliyyə yardımına ehtiyacı yoxdur. İkincisi də, burada söhbət təkcə Azərbaycandan deyil, bütövlükdə inkişaf etməkdə olan ölkələrdən gedir. Azərbaycan da həmin ölkələrin siyahısındadır. Həm də ki, bu məsələ Trampın seçkiqabağı platformasında da öz əksini tapmışdı. O bildirmişdi ki, biz nəyə digər dövlətlərə maliyyə yardımı etməliyik? Öz daxili iqtisadiyyatımızı inkişaf etdirməklə məşğul olmalıyıq.
Görünür, Tramp ABŞ-ın maliyyə yardımı siyasətini kökündən dəyişmək istəyir. Bunun isə Azərbaycan iqtisadiyyatına heç bir təsiri yoxdur. Ölkəmizdə iqtisadi inkişaf ən yüksək səviyyədə gedir, müxtəlif proqramlar həyata keçirilir”.
ABŞ-ın maliyyə yardımını 90 faiz azaldıb, bir milyon dollar yardımı saxlamasına gəldikdə isə V.Əhmədov bunun konkret səbəblərini bilmədiyini deyib: "Sözün düzü, bu xəbəri oxuyanda mən də təəccübləndim. Axı Azərbaycan onların 1 milyonuna qalmayıb. Ölkənin 40 milyarda yaxın ehtiyatı var”.
Rəsmi Bakının bu simvolik yardımdan imtinası məsələsinə gəldikdə isə millət vəkili deyib ki, mövcud şərtlərdə Azərbaycanın bu cür sərt addımlar atması düzgün deyil: "Amerika və Rusiya kimi ölkələr dünya liderliyinə iddialı hegemon dövlətlərdir. Biz mümkün qədər onlarla münasibətləri yaxşı tutmağa çalışmalıyıq. Hər iki ölkə arasında iqtisadi-siyasi əlaqələr mövcuddur və ölkə başçısı bu münasibətlərin qorunmasında son dərəcə diqqətlidir. Bir daha təkrar edirəm, Azərbaycanın maliyyə yardımına ehtiyacı yoxdur, biz ABŞ-dan elə külli miqdarda yardım almırdıq ki, mənfi təsiri də olsun. Yenə də ayırdıqları məbləğə görə, çox sağ olsunlar!”
Şəymən