Nizami Cəfərov: “Lüğətə elə sözlər daxil olub ki, o sözlər müasir Azərbaycan dilində işlənmir. Və hətta müasir Azərbaycan dilində belə sözlər yoxdur”
“Yaşar Əliyev düz deyir”
“Orfoqrafiya” lüğətinin qüsurları çoxdur
Nizami Cəfərov: “Lüğətə elə sözlər daxil olub ki, o sözlər müasir Azərbaycan dilində işlənmir. Və hətta müasir Azərbaycan dilində belə sözlər yoxdur”
Nizami Cəfərov: “Lüğətə elə sözlər daxil olub ki, o sözlər müasir Azərbaycan dilində işlənmir. Və hətta müasir Azərbaycan dilində belə sözlər yoxdur”
Sözlərin düzgün yazılışına görə hər dəfə üz tutduğumuz "Orfoqrafiya” lüğətindəki qüsurlar son ayların ən çox müzakirə olunan mövzusuna çevrilib. Ekspertlər daha çox bu lüğətdəki düzgün yazılmayan, mənası anlaşılmayan və dilə yad olan sözlər ətrafında fikir mübadiləsi aparırlar. Hətta bu günlərdə Tərcümə Mərkəzinin (TM) aparat rəhbəri Yaşar Əliyev lüğətdəki 110 min sözdən 70 mininin heç nəyə yaramadığını bildirib. Və qeyd edib ki, lüğətdəki bəzi sözlər Azərbaycan dilinin qaydalarına uyğun gəlmir.
Y.Əliyevin iddialarına cavab verən Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri İsmayıl Məmmədli isə diqqətə çatdırıb ki, lüğətə mətbuatda istifadə edilən və hamının anladığı sözlər salınıb. Əlbəttə, dilimizin taleyi ilə bağlı bu cür fikir ayrılıqları cəmiyyətdə də mənfi rezonans doğurur.
Tərcümə Mərkəzinin Elmi Şurasının üzvü olduğunu və o müzakirələrdə iştirak etdiyini bildirən millət vəkili, akademik Nizami Cəfərov qeyd edib ki, müzakirələrin gedişindən və məzmunundan yaxşı xəbəri var: "TM-nin bu məsələlərlə məşğul olmağı maraqlıdır və nəticələri də kifayət qədər praktik və əsaslıdır. Onlar artıq tutduqları səhvlərini çap edirlər. Yaşar müəllim də dilimizi yaxşı bilən tərcüməçi, yazıçı kimi hazırlıqlı adamdır. Və dili dərindən bilən ziyalıdır. Düzdü, Y.Əliyev "110 mindən 70 mini yararsızdır” söyləməklə bir az çox deyir. Amma ümumiyyətlə düz deyir. Çünki lüğətə elə sözlər daxil olub ki, o sözlər müasir Azərbaycan dilində işlənmir. Və hətta müasir Azrbaycan dilində belə sözlər yoxdur. Ondan sonra müəyyən sözlərin yazılışı doğru deyil və yaxud müəyyən sözlərin yazılışında paralellik var ki, bu da olmaz. Yəni lüğətin qüsurları çoxdur. Və bu məsələ ilə bağlı TM-nin direktoru Afaq Məsud təfsilatlı bir müsahibə vermişdi. TM-nin əməkdaşları lüğətin qüsurlu və uğurlu cəhətlərini qeyd etməklə onu çox diqqətlə və həssaslıqla təhlil edirlər. Şübhəsiz ki, buna çox böyük ehtiyac var və inanıram ki, TM həqiqətən işlək bir orfoqrafiya lüğəti hazırlayacaq. Hətta bildiyimə görə, həmin lüğət hazırdı. Çap edilib, müzakirələrə verilib. Hətta özlərinin "Aydın Yol” qəzetinin hər nömrəsində çap edib, mütəxəssislərin müzakirəsinə verirlər. Yəni onu kim oxusa, görər ki, onlar tamamilə doğru deyirlər”.
Dilçilik İnstitutunun mövqeyinə gəlincə, akademik qeyd edib ki, burada hansısa qarşıdurmadan söhbət gedə bilməz: "Dilimizin taleyi ilə bağlı məsələdən söhbət gedir. Odur ki, Dilçilik İnstitutu da mətbuat vasitəsilə fikir bildirə bilərlər. Amma mənim bildiyim qədəri İsmayıl Məmmədov da yaxşı lüğətçidir. O da ən təcrübəli lüğətçilərimizdən biridir, bəlkə də birincisidir. Buna baxmayaraq lüğət bir nəfərin işi deyil. 10 illər boyu gələn bir ənənənin nəticəsidir. Ona görə də "Orfoqrafiya” lüğətindəki qüsurların aradan qaldırılmasını hansısa lüğətçinin qüsurlarının aradan qaldırılması kimi dəyərləndirmək doğru deyil. Təbii ki, Dilçilik İnstitutu da bu işə cəlb olunacaq və olunur. Hələlik geniş müzakirələr gedir”.
Lüğətdəki sözlərlə yanaşı, lüğətin qaydalarında da qüsurların olduğunu söyləyən N.Cəfərov bizə əyani misallar da göstərdi: "Baxın, indi orfoqrafiya lüğətini açıb, qabağıma qoymuşam. Deməli, lüğətdə birinci söz "ab”dır. Müasir Azərbaycan dilində belə söz yoxdur. Bu söz tarixən olub, fars dilindən alınıb. "Su” deməkdir. Və bu gün biz "su” sözü işlədirik. Bu sözün ardınca "aba” sözü gəlir. Bu gün dilimizdə belə bir söz yoxdur. Ondan sonra "abad” sözü gəlir. Bu söz işlənir. Dördüncü, "abadan” sözü gəlir. Bu söz də bizim dil təsəvvürümüz və təfəkkürümüzdə yoxdur. Bundan sonra gəlir, "abadanlanma”, "abadanlanmaq”, "abadanlaşdırılma”, "abadanlaşdırılmaq” və s. Belə lüğət olmaz də. "A” hərfi ilə başlayan sözləri sıra ilə oxusaq, görəcəyik ki, bu sözlərin lüğətdə yeri yoxdur. Yəni bunlar olmamalıdır. Bu qüsurlar Afaq xanım Məsudun müsahibəsində və "Aydın Yol” qəzetində maddələrlə göstərilib. TM bununla ciddi məşğul olur. Amma təbiidir ki, Dilçilik İnstitutu da öz işini görməlidir. Ümumi müzakirələr getməlidir və yaxşı bir lüğət ortaya çıxarılmalıdır”.
Filologiya elmləri namizədi Yadigar Cəfərli isə bunları deyib: "Yaşar Əliyev də, Elçin Əlibəyli də böyük hörmət bəslədiyim ziyalılardır. Amma əfsuslar olsun ki, onlar da "Azərbaycan dilinin orfoqrafiya lüğəti” barədə həddən artıq savadsız şəkildə hazırlanmış bu süjetdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna qarşı çıxış edirlər. Bu institutu tərif etmək fikrindən uzağam. Orfoqrafiya lüğətini də ideallaşdırmaq niyyətim yoxdur. Amma gəlin nəzərə alaq ki, dünyanın heç bir dilində lüğətlər bədii ədəbiyyat oxumayan, bir neçə yüz kəlmə səviyyəsində gündəlik məişət ünsiyyətini yola verən insanların söz ehtiyatı əsasında yaradılmır. Bu lüğətdəki bütün sözləri hamının bilməsi şərt deyil. Bu heç mümkün də deyil. Orfoqrafiya lüğəti dilin tam zənginliyidir. Orada ümumişlək sözlər kimi, aktiv istifadə olunmayan kəlmələr də əksini tapmalıdır. Və nəsildən-nəslə ötürülməlidir. Başqa lüğətlər üçün də baza rolunu oynamalıdır. Müxbir "bayqu”, "peşqurt” sözlərinə tənə edir. Əgər o, "Papaq” filminə diqqətlə baxsaydı, orada bayqu (bayquş sözünün qədim variantı) sözünün işləndiyini görərdi. Əgər Cəlal Bərgüşadın "Boz atın belində” romanını oxusaydı, orada peşqurt (taxılın nübarı) sözünün bol-bol istifadə edildiyinə şahid olardı. Eləcə də məsxərəyə qoyulan digər sözlər. Bir dəfə BDU-nun Jurnalistika fakültəsindən məzun olmuş savadlı bir gəncin dəbbə sözünün mənasını bilmədiyini gördüm. Problem budur, əziz dostlar, orfoqrafiya lüğətinə salınmış və kimlərəsə lazımsız görünən sözlər yox.
Bu gün bizə lazımsız görünən söz, hansısa yazıçının, publisistin qələmində qızılgül kimi ətir saça bilər”.
Ayyət Əhməd