Bilikli, seçilən müəllimlərin maaşlarının artırılması təhsilin səviyyəsinə müsbət təsir edəcək
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, gələn il orta ümumtəhsil məktəblərinin 22 min müəlliminin maaşı artırılacaq. Növbəti il Azərbaycanın 12 regionunda müəllimlərin attestasiya mərkəzinin yaradılacağını vurğulayan millət vəkili deyib ki, 22 min müəllimin maaşının artırılması üçün 50 milyon vəsait nəzərdə tutulub. Sosial sahələrlə bağlı rəqəmlər azaldılmayıb. Bu da bizim büdcəmizin ümumiyyətlə sosialyönümlü olmasına dəlalət edir.
Qeyd edək ki, attestasiyadan keçən müəllimlərin maaşlarının artırılması bəzi ekspertlər tərəfindən birmənalı qarşılanmır və onlar bunu ayrıseçkilik kimi qiymətləndirir. Onlara görə, bu proses natamam olmaqla yanaşı, yaxınlaşan ixtisarların da müjdəçisi hesab edilə bilər. Yəni müəllim ordusunun bir hissəsinin maaşını artırmaqla hökumət gələcəkdə ixtisarlar üçün zəmin hazırlayır.
Əməkdar müəllim Almaz Həsrət isə hesab edir ki, attestasiyadan keçən müəllimlərin maaşının artırılması təqdirəlayiqdir və bu proses təhsil sistemində müsbət irəliləyişə səbəb olacaq: "Attestasiyadan keçən müəllimlər uyğun qiymətləndirmədə yüksək nəticə əldə edərsə, niyə də onların maaşı artırılmasın?”
Almaz xanımın sözlərinə görə, müəllimlərin attestasiyadan keçirilməsi kifayət qədər ciddi prosesdir: "Bilikli və bacarıqlı təhsil verənlərlə bir o qədər yüksək kompitensiyalara, bacarıqlara malik olmayanlar arasında fərq olmalıdır. Bu, kifayət qədər əhəmiyyətli məsələdir. Bu gün cəmiyyətimizdə texnoloji yeniliklər baş versə də, şagirdlərin təlim-tərbiyə prosesində müəllimlər stimulverici qüvvə olaraq qalır. Öz biliyi və öyrətmək bacarığı, yüksək göstəriciləri ilə digərlərindən seçilən müəllimlərin maaşı fərqlənməlidir. Bu, müsbət mənada rəqabəti artıracaq və digər müəllimlərin də öz üzərində işləməsinə səbəb olacaq. Onlar da yeni metodikalara, fərqli üslublara və informasiya-kommunikasiya vasitələrinə bələd olmağa çalışaraq mükəmməl təhsil sisteminin qurulmasına öz köməkliklərini göstərəcəklər”.
Ekspertin sözlərinə görə, paytaxt məktəbləri ilə yanaşı, bölgələrdə müəllimlərin də attestasiyadan keçirilməsinin kifayət qədər müsbət tərəfləri var: "Attestasiyada iştirak edən müəllimlərin əməkhaqqı Bakı şəhəri üzrə keçirilən təcrübəyə uyğun olaraq həmin qayda üzrə artırılacaq. İkinci əhəmiyyəti ondan ibarətdir ki, müəyyən məsələləri bilməyən müəllimlərə tapşırıqlar, istiqamətlər veriləcək. Onlar da buna uyğun olaraq öz üzərlərində işləyəcək. Bunun faydası o olacaq ki, müəllimlər öz peşə ixtisasları üzrə təkmilləşəcək. Müəllim təkmilləşirsə, onun tədris işi fəaliyyətində də müasirlik üzə çıxacaq. O üzdən, müəllimlərin regionlar üzrə sınaq imtahanlarından keçirilməsini faydalı hesab edirəm”.
Attestasiyanın şəffaflığına gəldikdə isə A.Həsrətin sözlərinə görə, təhsil sahəsində həyata keçirilən layihələrin şəffaflığını təmin etmək üçün nazirlik tərəfindən bu layihələrə obyektiv insanlar cəlb olunmalıdır: "Xatırlayırsınızsa, müəllimlərin sınaq qiymətləndirilməsində müəyyən narazılıqlar və anlaşılmazlıqlar yaşandı. Hesab edirəm ki, attestasiya zamanı bu halların heç biri təkrarlanmayacaq, qiymət meyarları düzgün seçiləcək. Bütün hallarda subyektivizmə yol verilməməsi üçün beynəlxalq təcrübədən istifadə etmək olar”.
Şəymən