"Yeni il qabağı ƏFV FƏRMANI ola bilər" - ÇİNGİZ QƏNİZADƏ




Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası il boyu təkliflər hazırlayıb, cənab prezidentə təqdim edir.

Bu barədə Sherg.az-a qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə əfv fərmanının imzalanması barədə danışarkən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə deyib. 

Deputat bildirib ki, əfv məsələsi prezidentin konstitusion hüququdur və ancaq onun səlahiyyətindədir: 

"Bu sahədə fəaliyyət göstərən Əfv Komissiyası il boyu təkliflər hazırlayır. Bundan əlavə Prezident Administrasiyasında əfv məsələləri sektor var və il boyu bu sahədə işlər görülür, təkliflər hazırlanır. Müəyyən zamanda komissiyanın iclası keçirilib və ölkə başçısına yekun təqdim olunur. Hələlik dəqiq məlumat verə bilməyəcəm, lakin həmişə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə cənab Prezident tərəfindən belə humanist addımlar atılır. Ümid edək ki, Yeni il qabağı da belə bir fərman ola bilər”.

Qeyd edək ki, hər bayram ərəfəsində və ya əlamətdar tarixlərdə prezident İlham Əliyev humanist addım ataraq əfv fərmanı imzalayır və bununla da yüzlərlə məhbus azadlığa qovuşur. Bu il də Yeni il ərəfəsində belə bir fərmanın verilməsi arzu edilir.

Aysel Aslan