Yeni iqtisadi modelin hazırlanması zərurət idi

“Yol xəritələri” reallaşacağı təqdirdə, 10 ildən sonra dayanıqlı inkişaf edən Azərbaycanda yaşayacağıq”
“Həqiqətən də bir neçə il sonra uğurlu nəticələrin əldə olunması mümkündür”


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalayıb. Fərmanda qeyd olunub ki, Azərbaycanda qeyri-neft sektorunun davamlı və rəqabət qabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir.

Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzunmüddətli
dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün
əsaslı zəmin yaradıb. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşıb. Ölkənin sosial-iqtisadi
inkişafında özəl sektorun rolu daha da artıb. Ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində
mühüm nailiyyətlər əldə olunub. Bəs yeni "yol xəritəsi” özündə nələri ehtiva edir, Fərmanın iqtisadi
nəticələri nə olacaq? 

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, yeni iqtisadi istiqamətin və modelin tətbiqi üçün sözügedən yol xəritəsi əslində çoxdan gözlənilən bir şey idi və nəhayət, öz rəsmi təsdiqini tapdı: "Düşünürəm ki, "yol xəritəsi” məhz bu kimi gözləntilərə tutarlı cavab hesab oluna bilər. 2014-cü ildən sonra neftin qiymətlərinin aşağı düşməsi onu göstərdi ki, əslində Azərbaycan iqtisadiyyatı postneft dövrünə hazır deyil. Bu baxımdan iqtisadiyyatı ən qısa müddətə yeni tələblərə uyğunlaşdırmaq zərurətə çevrildi. Burada əsas nəzərdə tutulanlar ixrac potensialının gücləndirilməsi, daxili tələbatın yerli istehsal hesabına təmin olunması, fiskal siyasətin tənzimlənməsi, insan kapitalının növbəti dövrlər üçün inkişafı və s. islahatlardır. Eyni zamanda onu da qeyd etməliyəm ki, növbəti dövrlərdə bu strategiyalarda əksini tapan hədəflərə əməl olunarsa, həqiqətən də bir neçə il sonra uğurlu nəticələrin əldə olunması mümkündür”. 

İqtisadçı bildirib ki, yeni strategiya ölkə iqtisadiyyatını neft asılılığından azad etməyə yardımçı olacaq: "Hesab edirəmki, strategiya sayəsində büdcə gəlirlərinin, ixrac potensialının, dövlət gəlirlərinin, o cümlədən ümumdaxili məhsulun həcminin neft asılılığından azaldılması istiqamətində irəliləyiş əldə oluna bilər. Əgər kompleks şəkildə addımlar atılarsa, orta və uzun müddətli dövr ərzində, təxminən 2020- ci ilə qədər normallaşma, 2025-ci illərdən sonra isə artıq iqtisadiyyatın neftdən asılılığına son
qoymaq olar”. Digər iqtisadçı-ekspert Pərviz Heydərov da bildirib ki, Prezidentin 6 dekabr 2016-cı
il tarixdə imzaladığı iqtisadi "yol xəritəsi” ölkəmizin növbəti inkişaf modelinin bir növ bünövrə
mexanizmini müəyyən edir: "Neftin dünya bazar qiymətlərinin əlverişsiz səviyyəyə enməsi ilə
əlaqədar olaraq, ölkəmizin yeni iqtisadi inkişaf modelinə keçməsi zəruri idi. Bu səbəbdən sözügedən
məsələ prioritet seçildi. Əslində hökumət yeni iqtisadi inkişaf modelinə keçməyin zəruri olduğunu
çoxdan dərk edirdi. Qeyri-neft sektorunun inkişafı hələ illər öncədən prioritet seçilmişdi. Lakin,
postneft dövrünün belə tez yetişəcəyi gözlənilmirdi. Təəssüf ki, bir sıra qlobal siyasi səbəblər
üzündən sözügedən vəziyyət tez yetişdi”. İqtisadçı vurğulayıb ki, bundan sonra bütün atılacaq zəruriaddımlar, görüləcək işlər müəyyən edilən "yol xəritələri”nə uyğun olacaq: "Hesab edirəm ki, bu da hədəfə çatmaq üçün olduqca məqsədəuyğun və əhəmiyyətli xarakter daşıyacaq”.

"Azərbaycan iqtisadiyyatında neft amilinin oynadığı rol son iki ildə bir qədər azalsa da, hələ ki, çox yüksək səviyyədədir. Bu da iqtisadiyyatımızı və əhalimizin rifahını neft bazarındakı qiymətlərdən və neftimizin hasilatından asılı edir. Bu asılılığa son qoymaq iqtisadiyyatımızın şaxələndirilməsindən, yəni dəyər yaradan digər sahələrin inkişafından və idarəetmənin yeni çağırışlara uyğunlaşdırılmasından keçir. Məhz bu səbəblərdən ölkə rəhbərliyi 11 mühüm sahə seçərək bu ilin mart ayında həmin sahələr üzrə strateji yol xəritələrinin çox qısa bir müddətdə, yəni altı ayda hazırlanması tapşırığını verib. Bu tapşırıq artıq yerinə yetirilib və ölkə başçısının fərmanı ilə hazırlanmış proqram-sənədlər iki gün öncə təsdiq edilib və onların icrasına dair müvafiq göstərişlər verilib”.

Bunu da APA-ya açıqlamasında Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım
Fondunun və İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov Milli iqtisadiyyat və
iqtisadiyyatın əsas sektorları üzrə strateji "Yol xəritələri”nin hazırlanmasına münasibət bildirərkən
deyib.
S. Bağırov bildirib ki, "Yol xəritələri”nin son variantı ilə hələlik tanış ola bilməyib: "Lakin 3 həftə
öncəki variantları nəzərdən keçirmək imkanım olub və qeyd edə bilərəm ki, bu sənədlərdə bir çox
mühüm institusional islahatlar nəzərdə tutulur. Noyabrın 14-dən başlayaraq 54 xarici və yerli
ekspertlərdən ibarət böyük bir qrup, bu sənədləri nəzərdən keçirib və rəyini bildiriblər. Bu qrupa
beynəlxalq maliyyə qurumlarının, bir sıra xarici hökumət agentliklərinin, bir neçə yerli biznes assosiasiyaların, beyin mərkəzlərinin nümayəndələri və bir sıra iqtisadçı alimlər daxil idi. Bu qrup üzvləri bəzi tövsiyələr verməklə ümumilikdə "Yol xəritələri”ndəki nəzərdə tutulan islahatları ölkə
iqtisadiyyatının inkişafı üçün mühüm hesab ediblər. Doğrudan da, böyük iş görülüb və bir daha
qeyd edim ki, çox qısa müddətdə. Çox arzulardım ki, bu gərgin fəaliyyət "Yol xəritələrində nəzərdə
tutulan islahatların həyata keçirilməsində də davam etsin. "Yol xəritələri” yəgin ki, həyata
keçirilərək daha da genişlənəcək və dərinləşəcək. Bu təbiidir, çünki ölkə iqtisadiyyatı qlobal dünya
iqtisadiyyatına inteqrasiya edilməkdə davam edəcək və yeni çağırışlarla üzləşəcək”.
"Yol xəritələri”ndə qarşıya qoyulan əsas məqsəd və hədəflər haqqında sənədlər rəsmi dərc
ediləndən sonra danışmağın daha doğru olacağını qeyd edən S. Bağırov bildirib ki, sənədlərin
toplam həcmi 1000 səhifəyə yaxındır.
"Yol xəritələri” reallaşacağı təqdirdə, yaxın 5, 10 ildə Azərbaycan iqtisadiyyatının mənzərəsinin
necə olacağına dair suala cavabında iqtisadçı-ekspert qeyd edib ki, bu sənədlərdə nəzərdə tutulan
islahatların həyata keçirilməsi və digər istiqamətlərdə vacib institusional dəyişikliklərin, məsələn
regional idarəetmədə islahatların, məhkəmələrin müstəqilliyinin, ümumiyyətlə idarəetmədə
şəffaflığın, hesabatlılığın və qanunun aliliyinin təmin edilməsi səviyyəsinin artırılacağı təqdirdə,
vətəndaşlar 10 ildən sonra dayanıqlı inkişaf edən və əhalinin rifahı yüksək səviyyədə təmin olunan
Azərbaycanda yaşayacaqlar.

İsmayıl