Yeni mərhələ başlayır
Prezidentin Qətərə səfəri hər iki ölkənin milli və iqtisadi maraqlarına uyğundur
Qətər dövlətində rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin dünən Əmir sarayında rəsmi qarşılanma mərasimi olub. Rəsmi qarşılanmadan sonra Prezident İlham Əliyevin və Qətərin dövlət əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin geniş tərkibdə görüşü keçirilib. Görüşdə son vaxtlar iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyi bildirilib.
Azərbaycana səfərini xatırladan Əmir respublikamızın sürətlə inkişafının şahidi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda sabitlik və təhlükəsizlik mövcuddur. Bu da həm iqtisadi, həm də turizm sahələrində inkişafa imkan yaradır. Qətər dövlətinin əmiri qarşılıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev Qətərə əvvəlki səfərini məmnunluqla xatırlayaraq ötən müddət ərzində ölkədə böyük inkişafın şahidi olduğunu deyib. Dövlət başçısı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlardan, qeyri-neft sektorunun inkişafından danışaraq vurğulayıb ki, əsas məqsəd qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsidir. Söhbət zamanı müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm, mədəniyyət, infrastruktur sahələrində əlaqələrin genişləndirilməsinin önəmi qeyd olunub. Digər ölkələrdə müxtəlif sahələrdə layihələrin icrasına birgə sərmayə qoyuluşu, neft və qaz sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
İkitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Taninin təkbətək görüşü baş tutub. İkili görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan Prezidentinin Qətərə səfərinin əlaqələrimizin daha da genişləndirilməsi və əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi baxımından əhəmiyyəti qeyd edilib. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdən sonra isə Prezident İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub. "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem bin Nasser Al Ali və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzalayıblar.
Ticarət və investisiya sahələrində əməkdaşlığın perspektivləri vurğulanıb
Prezident İlham Əliyev Qətərin paytaxtı Dohada "Qatar Petroleum”un prezidenti və icraçı-direktoru Saad Şerida Al-Kaabi ilə görüşüb. Görüşdə Azərbaycan ilə "Qatar Petroleum” arasında əməkdaşlıq imkanları müzakirə edilib. Bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulanıb. "Qatar Petroleum”un gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra Prezident İlham Əliyev "Al Faisal Holding” şirkətinin rəhbəri və Qətər İş
Adamları Assosiasiyasının sədri Şeyx Faysal bin Qassim Al Tani ilə bir araya gəlib. Görüşdə Azərbaycan Prezidentinin Qətərə səfərinin ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Böyük biznes qurumunun rəhbəri Şeyx Faysal Azərbaycana səfərini xatırladaraq, ölkəmizlə bağlı xoş təəssüratlarının olduğunu deyib. Şeyx Faysal Azərbaycanın müasir və təhlükəsiz ölkə olduğunu qeyd edib. O, ölkəmizdə Qətər vətəndaşlarına xoş münasibət göstərildiyini məmnunluqla vurğulayıb. Yaxın gələcəkdə böyük nümayəndə heyəti ilə Azərbaycana səfər edəcəklərini söyləyib. Söhbət zamanı ticarət və investisiya sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.
"Bu səfər əməkdaşlığa yeni dinamizm verəcək və əlverişli imkanlar açacaq”
Millət vəkili, professor Musa Qasımlı deyib ki, Qətər dövləti ilə ölkəmiz arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf edir: "Hər iki ölkənin diplomatik, siyasi, hərbi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığını genişləndirmək üçün böyük potensialı var. Hesab edirəm ki, Prezident İlham Əliyevin Qətər səfəri həmin potensialı hərəkətə gətirəcək. Bu səfər əməkdaşlığa yeni dinamizm verəcək və əlverişli imkanlar açacaq. Özünü ərəb dünyasına hiyləgərliklə yaxınlaşdırmaq istəyənlərə tutarlı cavab olacaq”.
"Prezidentin Qətər səfəri hər iki ölkə üçün çox faydalı olacaq”
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib ki, Azərbaycan Prezidentinin Qətərə səfəri bütün parametrlərdən hər iki ölkə üçün çox faydalı olacaq: "Dövlətimiz islam ölkələri ilə münasibətlərini daha da genişləndirəcək. Bu il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın islam ölkələri ilə əlaqələrinin daha da inkişafında şərait yaradacaq. Azərbaycan və Qətər hər zaman əməkdaşlıqda maraqlı olublar. Qətər adambaşına düşən ümumi daxili məhsulun payına görə, dünyanın ən yaxşı vəziyyətdə olan dövlətləri sırasındadır. Bu ölkə böyük neft və qaz resurslarına malikdir və əldə etdikləri təcrübə önəmlidir. Qətərin maliyyə imkanlarına görə ərəb ölkələri arasında xüsusi nüfuzu var. İslam Əməkdaşlıq Təşkilatı və digər ərəb dünyası ilə bağlı təşkilatlar Qətərlə hesablaşır, mövqeyinə hörmətlə yanaşırlar. Çünki Qətər həmin təşkilatların fəaliyyətinin dəstəklənməsində böyük imkanlara malikdir. Ərəb dünyasında ən böyük informasiya mənbəyi də bu ölkədə yerləşir. "Əl-Cəzirə” televiziyası Qətərin böyük informasiya resursudur. Onu da qeyd edim ki, Azərbaycan Prezidentinin Qətərə səfərindən öncə "Əl-Cəzirə” televiziyası Bakıda dövlət başçımızdan müsahibə götürmüşdü”.
Prezidentin Qətərə səfərinin iqtisadi üstünlükləri
İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidentinin Qətərə səfəri hər iki ölkənin milli və mənəvi iqtisadi maraqlarına uyğundur: "Bu səfərin nəticə etibarı ilə ticarət dövriyyəsinin genişlənməsi, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi, turizm, logistika, xidmət sahələrində əməkdaşlığın gücləndirilməsi kimi pozitiv nəticələrinin olacağı gözlənilir. Qətər Azərbaycan üçün vacib ölkələrdən biridir. Ölkə başçısının Qətərə səfəri bu əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına gətirib çıxaracaq. Qətər, eləcə də körfəz ölkələri Azərbaycan üçün həm bazar, həm də investor olaraq yenidir. Qətər-Azərbaycan arasında münasibətlər son dövrlər inkişaf etməyə başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə bu ölkələr arasında ticarət dövriyyəsi 2014-cü illə müqayisədə təxminən 44 faiz artıb”. İqtisadçı-ekspert əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq Azərbaycanın qida və kənd təsərrüfatı məhsullarının Qətərə ixracı baxımından vacibdir: "Bu, Azərbaycanın fermer və sahibkarlarına Qətər bazarına çıxış əldə etmək imkanı verməklə yanaşı, ölkəmizin Qətərdən investisiyalar cəlb etməsinə də geniş şərait yaradacaq. Qətər investisiya potensialı olan ölkədir və Azərbaycanın da indiki dövrdə investisiyaya ehtiyacı var. Bu kontekstdən Qətər Azərbaycan üçün prioritet ölkədir. Digər tərəfdən burada strateji əməkdaşlıq məsələləri də var. Azərbaycan Qətər vasitəsilə digər körfəz ölkələrinə çıxış imkanları əldə etməklə əlaqələrini genişləndirəcək. Turizm sahibkarlıq, logistika sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları nəticə etibarı ilə hər iki ölkənin faydalanmasına səbəb olacaq”.
İsmayıl