Ancaq yaxşı olar ki, bir çox qəsəbələrdə, kəndlərdə yollar işıqlandırılsın
İyunun 6-da Hacıqabulda baş vermiş yol qəzası ana və 2 oğlunun ölümü ilə nəticələnib. Qəza Bakı-Qazax yolunun 115-ci kilometrliyində baş verib.
Qəzaya düşən "Ford Transit” markalı, 99 HF 830 dövlət qeydiyyat nişanlı kiçiktutumlu yük maşını Bakıdakı çörəkbişirmə sexlərindən birinə məxsus olub. Bakıdakı çörəkbişirmə sexində işləyən qardaşlar doğulub böyüdükləri Ucarın Müsüslü kəndinə gedərək anaları 51 yaşlı Abdullayeva Gülzar Knyaz qızını paytaxta həkimə gətirmək istəyiblər. Gecə saatlarında Müsüslüdən yola çıxan ailə Hacıqabul ərazisində qəzaya düşüb və 23 yaşlı Amil Abdullayevin sürdüyü maşın idarəetmədən çıxaraq yol kənarına aşıb.
Ana və iki oğlu hadisə yerində keçinib. 28 yaşlı Samir Abdullayevin 6 yaşlı oğlu isə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, uşağın vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, dəhşətli qəzada ölən qardaşların hər ikisi ailəli olub. Onların ikisinin də bir övladı varmış. Sükan arxasında olan Amil Abdullayev keçən il ailə həyatı qurubmuş.
Baş verən hadisəni dəyərləndirən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, əvvəlcə hadisə yerində dərin tədqiqatlar aparmaq lazımdır və səbəblər dəqiq müəyyən olunmalıdır. Ekspert deyib ki, yol qəzaları zamanı səbəblər iki cür - subyektiv və obyektiv ola bilər: "Əgər qəza sürücünün, piyadanın və ya sərnişinin təqsirindən baş veribsə, buna subyektiv səbəblərdən baş verən nəqliyyat hadisələri deyilir. Bəzi elə vaxt olur ki, nəqliyyat vasitəsi nasaz olur və bu nasazlıq sürücünün təsiri ucbatından baş verir.
Lakin elə nasazlıq ola bilər ki, onu sürücü idarə edə bilmir. Yolun vəziyyətindən, işıqlandırmadan asılı olaraq bəzi hadisələr olur, bu isə obyektiv səbəblərdəndir. Hadisənin törənməsinin dəqiq səbəblərini bilmirəm, ancaq bütün yol qəzalarının 70-80 faizi sürücü məsuliyyətsizliyindəndir. Sürücü peşəkar olsa, bütün hadisələrdən çıxış yolunu tapa bilər. O, hiss eləsə ki, yol qaranlıqdır, demək sürəti aşağı salınmalıdır. Yolda təhlükə olduğu zaman müəyyən proqnozlaşdırıcı nəsə tədbir görməlidir. Baş verən hadisə olduqca ağırdır, sürücünün hadisədə təqsiri olsa da, olmasa da, o boyda itkilər olub. Bütün bu hadisələrin hamısının qarşısında birinci növbədə sürücülərin hadisəyə yanaşma ciddiliyi, məsuliyyəti durur. Son zamanlar bizdə olan yol-nəqliyyat hadisələrindən insanlar özləri üçün nəticə çıxarmalıdırlar və müəyyən qədər məsuliyyət hiss eləməlidirlər”.
Bəzi qəzaların başvermə səbəbi yollardakı işıqlandırma sisteminin zəif və ya ümumiyyətlə olmamasıdır. F.Eyyubov bildirib ki, müəyyən yol elementləri, yolun işıqlandırma standartları var. Şəhərdaxili, qəsəbə və s. yerlərdə yolları ona görə işıqlandırırlar ki, piyada keçən zaman baş verən hərəkətlər bilinsin:
"Açıq deyək, yalnız inkişaf etmiş ölkələrdə yolların hər tərəfi işıqlandırılır. Bizdə elə yerlər var ki, onları işıqlandırmaq qeyri-mümkündür və yalnız gecə vaxtı yolların kənarlarında, zolaqların özünün hərəkət məsafəsində əksetdirici işarələr olur. Həmçinin yolların kənarındakı çəpərlərdə işarələr var ki, bunlar istiqamətin hansı tərəfdə olduğunu göstərir. Yolların mərkəzi hissəsində əksetdirici zolaqlar olur, bu qaydalardan istifadə edərək qəza hadisələrinin qarşısını almaq üçün müəyyən tədbirlər görülür. Ancaq yaxşı olar ki, bir çox qəsəbələrdə, kəndlərdə yollar işıqlandırılsın. Bəzi yerlərdə buna əməl edirlər. Lakin yollarda işıqlandırma olsa da, olmasa da, gecə vaxtı yola çıxan sürücü mütləq təhlükəni nəzərə alaraq, məsuliyyətini hiss edərək ehtiyatla hərəkət eləməlidir”.
Yeganə Bayramova