Yoldakı mədəni "dilənçi"lərin sahibi kimdir?

Sürücülərdən yığılan pullar naməlum adamların cibinə axırNatiq Cəfərli: "Bir sürücü kimi parkomatlara ödədiyim məbləğin dövlət büdcəsinə daxil olmasında maraqlıyam"
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən aparılan araşdırmalarda şəhər mərkəzində 10 minə yaxın yerüstü parkinq müəyyənləşib. Agentliyin İdarə heyətinin sədri Vüsal Kərimlinin sözlərinə görə, hazırda 480 yerüstü parkinq rəsmiləşdirilib. Digər rəsmiləsdirmələr üçün Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Yol Polisi İdarəsi ilə danışıqlar gedir.
Hələlik parkinq qiymətlərinin müəyyənləşmədiyini deyən qurum rəsmisi bildirib ki, hazırda Bakıda yerüstü parklanmalardan yığılan pulların Bakı Nəqliyyat Agentliyinə heç bir aidiyyəti yoxdur: "Həmin parklanmalardan yığılan pullar qeyri-qanunidir. Bundan bizim xəbərimiz yoxdur. Biz Nazirlər Kabineti parkinq qiymətlərini təsdiqləyəndən sonra yeni qiymətlər tətbiq edərək parklanmalara nəzarət edəcəyik”.
İqtisadçı-ekspert Natiq Cəfərlinin açıqlamasına görə, nəzarətçilərə edilən ödənişlər dövlət büdcəsinə deyil, ciblərə gedir.
Parkomatlar məsələsini Bakı Şəhər İcra Hakimiyyətinin gündəmə gətirdiyini vurğulayan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, park yerləri BŞİH-nin xüsusi şöbəsi tərəfindən müəyyənləşdirilib, xüsusi parkomatlar quraşdırılıb:
"Əvvəllər BŞİH-nin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin əməkdaşları nəzarət edirdilər. Onların səlahiyyətləri alınaraq, Bakı Nəqliyyat Agentliyinə verilib. BNA dəfələrlə bəyan edib ki, səlahiyyət onlara verilsə də, təhvil-təslim prosesi başa çatmayıb. Onlar parkomat ərazilərini tam təhvil götürməyiblər. Ona görə də BNA yığılan ödənişlərin agentliyə heç bir aidiyyəti olmadığını deyir. Yəni sürücülər ödənişləri qanunsuz fəaliyyət göstərən adamlara verirlər. Bu pullar kimlərinsə cibinə gedir”.
N.Cəfərli deyib ki, bütün dünyada parkomatların quraşdırılmasında məqsəd insan faktorunu arxa plana keçirməkdən ibarət idi. 
Azərbaycanda isə həm aparat quraşdırılır, həm də yanına nəzarətçi qoyulurdu. Biri varsa, digərinə nə ehtiyac? Bunun üçün əlavə vəsait xərcləməyə nə gərək vardı? Eyni zamanda nəzarətçi şəxslərə əlavə pul yığmaları üçün şərait də yaradılmışdı: "Sistem özünü doğrultmadığı üçün park yerlərinə nəzarət funksiyasını BŞİH-dən alıb Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verdilər.
 Lakin təhvil-təslim prosesi tam olaraq yekunlaşmayıb deyə nə BŞİH, nə də BNA mövcud problemlərlə bağlı məsuliyyəti öz üzərinə götürür. Parkomatlar isə öz fəaliyyətini davam etdirir. Avtomobilini park edən sürücülər bunun üçün müvafiq vəsait ödəyir. Parkomatların idarəsindən yığılan pulların hara axması, hansı qurumun büdcəsinə daxil olması barədə heç bir məlumat yoxdur”.
N.Cəfərli bu problemin həllində şəffaflıq amilinin mühüm olduğunu vurğulayıb. Onun sözlərinə görə, təhvil-təslim başa çatanadək hüquq-mühafizə orqanları və ya Hesablama Palatası bu sahəyə nəzarət məsuliyyətini öz üzərinə götürüb, ciddi araşdırma aparmalıdır:
 "Bir sürücü kimi parkomatlara ödədiyim məbləğin dövlət büdcəsinə daxil olmasında maraqlıyam. Haqlı olaraq həmin məbləğin infrastruktur layihələrinə xərclənməsini istəyirəm. Sürücülərdən yığılan pullar niyə kimlərinsə cibinə axmalıdır. Əgər vətəndaş ödədiyi məbləğin hansı qurumun büdcəsinə daxil olduğunu bilmirsə, niyə ödəniş etməlidir?”
Nəzarətçilərin tələb etdiyi ödənişi ödəməyən sürücülərin məhkəmə ilə hədələnməsinə gəldikdə isə iqtisadçı hüquqi cəhətdən belə bir şeyin qeyri-qanuni olduğunu deyib: 
"Bu, sürücüləri qorxutmaq üçün ortaya atılan bir fərziyyədir. Parkinq qaydalarını pozmağın cəzası protokolla məhkəməlik deyil. Həmin şəxs DYP tərəfindən 20 manat cərimə olunmalıdır. Bundan əlavə heç bir cərimə və ya sanksiya nəzərdə tutulmayıb”.
Şəymən