Yüksəliş və etimad...

26 yaşlı gənc dövlətin boyu hər yerdən görünür
Azərbaycanın beynəlxalq tədbirlər mərkəzinə çevrilməsinin əsas səbəblərindən biri ölkəmizin inkişafıdır



Azərbaycanın əldə etdiyi çoxsaylı nailiyyətlər dünya birliyi tərəfindən çox yüksək səviyyədə qiymətləndirilir. Ötən müddət ərzində ölkəmiz siyasi, iqtisadi və mədəni sahələrdə böyük uğurlar qazanıb. Postsovet respublikaları ilə müqayisədə xeyli yol qət edib. Azərbaycanın adı çəkiləndə göz önünə söz sahibi olan dövlət, inkişaf və yüksəliş gəlir. Ona görə də bütün dövlətlər, siyasi və iqtisadi təşkilatlar, o cümlədən dünyada sülhü və bəşəri ideyaları tərənnüm edən beynəlxalq qurumlar ölkəmizlə əməkdaşlığa maraq göstərirlər. Son illər Azərbaycanın beynəlxalq tədbirlər mərkəzinə çevrilməsinin də əsas səbəblərindən biri ölkəmizin inkişafıdır.

Artıq Azərbaycan dünya birliyinin hörmət olunan, seçilən üzvünə çevrilib. Ölkəmizə qlobal miqyasda bəslənən etimadın artması sayəsində Azərbaycan beynəlxalq konfransların keçirilməsi üçün ən uyğun və əlverişli məkan hesab olunur. Dövlətimizin siyasi sabitliyi, iqtisadi gücü ilə yanaşı, milli və dini dözümlülüyü, dünyaya nümunə olan tolerantlığı da beynəlxalq aləmin diqqətini özünə çəkməyi bacarıb. 26 yaşlı gənc bir dövlətin bəşəriyyəti narahat edən problemlərin müzakirə olunduğu mühüm tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun bariz nümunəsidir. Xüsusən, son onillik ərzində Azərbaycanın siyasi nüfuzu və tolerantlığı o qədər artıb ki, qlobal əhəmiyyət kəsb edən toplantıların keçirilməsində ilk məkan kimi Bakı təklif olunur.

Azərbaycan mötəbər beynəlxalq forumların keçirildiyi məkana çevrilib

Müxtəlif mədəniyyət və sivilizasiyaların, Şərq ilə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşən və nəhayət, həm İslam, həm də Avropa təşkilatlarının üzvü olan Azərbaycan çoxsaylı sivilizasiyaların dəyərlərini özündə birləşdirib. Əgər bu gün yüz illərlə dövlətçilik təcrübəsi olan nəhəng ölkələr arasında yaranmış münaqişələrin həllində aparıcı rol oynayırıqsa, bütün dünyanı narahat edən məsələlərin həllinə həsr olunmuş beynəlxalq tədbirlər keçiririksə, bu, müstəqil bir dövlət kimi böyük uğurumuz sayılmalıdır. Sözsüz ki, Azərbaycanın gəldiyi indiki durum birbaşa cənab Prezident İlham Əliyevin yeritdiyi ağıllı və uzaqgörən siyasətin nəticəsidir. Dövlət başçısının bəyan etdiyi kimi dövlətçilik tariximizdə Azərbaycan bugünkü qədər güclü olmayıb: "Azərbaycan çox mötəbər beynəlxalq forumların keçirildiyi bir məkana çevrilib. Bakıda müxtəlif məsələlər, siyasi müstəvidə çox maraqlı mövzular ətrafında birgə müzakirələr, debatlar, forumlar təşkil olunur. Bunun hamısı bizim siyasətimizin nəticəsidir. Eyni zamanda, ölkəmizin tarixi irsi ilə bağlıdır. Azərbaycan tarixən, əsrlər boyu müxtəlif mədəniyyətlərin, müxtəlif millətlərin sülh şəraitində yaşadığı bir bölgə olub. Həmişə öz işimizlə multikulturalizm amilini inkişaf etdirməyə üstünlük vermişik və bunun müsbət nəticəsini görmüşük”.

Dünyada sülhün möhkəmlənməsinə çalışan iki-üç ölkə varsa, onların ən birincisi Azərbaycandır

155 ölkənin Azərbaycana səs verərək onu BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçməsi, dünya dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi bir daha Azərbaycanın böyük nüfuza malik olmasını nümayiş etdirir. İllər öncə məhz Azərbaycanın əlverişli durumu nəzərə alınaraq Bakıda birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu. Həmin vaxtdan etibarən qlobal beynəlxalq tədbirə çevrilmiş bu forumda gündəlikdə duran ən mühüm məsələlər müzakirə edilməkdədir. "Demokratiyanın beşiyi” sayılan Avropada islamofobiya və ksenefobiya meyllərinin artdığı, milli və etnik dəyərlərə dözümsüzlük nümayiş etdirildiyi bir dönəmdə millətlərarası münasibətlərin yaxşılaşdırılmasına, qarşılıqlı anlaşma mühitinin yaranmasına və nəticə etibarilə dünyada sülhün möhkəmlənməsinə çalışan iki-üç ölkə varsa, onların ən birincisi Azərbaycandır. Çünki ölkəmiz bu cür unikal təşəbbüsləri hansısa siyasi və iqtisadi maraqlar məqsədi ilə deyil, sırf bəşəriyyətin dirçəlməsi naminə həyata keçirir. Hər bir hərəkətimizlə bütün dünyaya kimliyimizi göstərir, eyni zamanda, mənəvi cəhətdən mənfur düşmənlərimizdən nə qədər üstün və sivil olduğumuzu sübut edirik.

Tədbirlərin hər biri dünyada mühüm hadisəyə çevrildi

Azərbaycan "Eurovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsini uğurla həyata keçirdikdən sonra, dünyada ölkəmizə daha çox maraq artdı. Ard-arda bir sıra irimiqyaslı yarışların təşkili Azərbaycana tapşırıldı. 2015-ci ildə ölkəmizdə keçirilən I Avropa Oyunları və ötən il baş tutan IV İslam Həmrəyliyi Oyunları sıradan yarışlar deyildi. Bunlar bütün dünyanın izlədiyi, minlərlə iştirakçının qatıldığı kütləvi tədbirlər idi. Bu tədbirlərin hər biri dünyada mühüm hadisəyə çevrilməklə yanaşı, Azərbaycanın potensialını, böyük təşkilatçılıq işi tələb edən yarışları keçirmək bacarığını da ortaya qoydu. Bütün dünya bu yarışlardan sonra Azərbaycanı nəinki daha yaxından tanıdı, hətta həyata keçirdiyi ideal təşkilatçılıq fəaliyyətinə heyran oldu. 2017-ci ildə də Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Ötən il ərzində Bakıda 40-dan çox qlobal miqyaslı konfrans, sərgi, festival keçirildi. Təkcə sentyabr ayında 7 beynəlxalq sərgi hazırlandı. Keçən il martın 16-17-də keçirilən V Qlobal Bakı Forumunda 56 ölkədən 300 nəfərlik nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində mühüm rolu olan nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak etdilər. May ayında Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu baş tutdu. Həmçinin, iyunun 23-25-də Bakıda dünyanın ən populyar idman tədbirlərindən biri olan "Formula-1” yarışları keçirildi. Dekabr ayında Bakıda "Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində 7-ci Nazirlər Konfransı tərtib edildi.

Bakı növbəti dəfə mühüm tədbirlərə, idman yarışlarına ev sahibliyi edəcək

Hər kəs dərk edir ki, belə mühüm tədbirlərin Azərbaycanda keçirilməsi heç də təsadüf deyildi. Çünki ilk növbədə, Azərbaycan artıq beynəlxalq müzakirələrin keçirilməsində zəngin təcrübəyə malik olan bir ölkədir. Bundan başqa, belə tədbirlər adətən sabitlik olan və öz inkişafı ilə digər ölkələrə örnək olacaq dövlətlərdə təşkil olunur. Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində, sabitliyin qorunmasında ən fəal iştirak edən və bu prosesə töhfə verən ölkələrdən biridir. Əminliklə ifadə etmək olar ki, bundan sonra Bakı yenidən onlarla mühüm tədbirlərə, konfranslara, idman yarışlarına ev sahibliyi edəcək, xarici şirkətləri və yüzlərlə sərgi iştirakçısını bir araya toplayacaq. Ölkəmizə gələn qonaqlar növbəti dəfə Azərbaycanın mədəniyyəti, onun milli dəyərləri, tarixi və ənənələri ilə tanış olmaq imkanı qazanacaqlar. Artıq bəllidir ki, 2020-ci ildə Azərbaycanda Avropa futbol çempionatının 4 matçı keçiriləcək. Aydındır ki, beynəlxalq tədbirlər vasitəsi ilə bir çox mənfəət əldə edir. İlk olaraq, öz sözümüzü dünyaya çatdırırıq, müxtəlif məsələlərlə bağlı mövqeyimizi səsləndiririk. Ən əsası isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətini bilgiləndiririk. Dünya bizi tanıdıqca, uğurlarımızı gördükcə, haqlı mövqeyimizi də dəstəkləyəcək.

İsmayıl