Sərdar Cəlaloğlu: “Bir partiyada həm lider, həm də partiya sədrinin olması Liberal Partiyanın dağılmasına, AMİP-də isə ciddi narazılıqlara səbəb oldu”
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə qəfildən partiya sədrliyindən və üzvlüyündən istefa verib. Mətbuata qısa açıqlamasında istefasının səhhəti ilə bağlı olduğunu deyən Bağırzadə daha sonra media nümayəndələrinin zənglərinə cavab verməyib. Qəribəsi odur ki, Y.Bağırzadənin istefa səbəbi AMİP-çilər üçün də müəmmalı qalıb. O, partiyada heç kəsi məlumatlandırmadan, səbəblərini göstərmədən gedib.
Elə Yusif Bağırzadənin istefasının ictimaiyyətdə geniş müzakirəyə çıxarılmasına, müəyyən suallar doğurmasına səbəb də onun indiki situasiyaya rəğmən qəfil gedişidir. Qeyd edək ki, bu ay partiyanın qurultayının keçirilməsi gözlənilir. Bundan əlavə, noyabr ayının birində ölkədə parlament seçkiləri keçiriləcək. Təbii olaraq, seçkilər öncəsi ölkənin üzdə olan siyasi partiyalarından birinin sədrinin istefa verməsi birmənalı qarşılanmır.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, bütün bu təlatümlərə səbəb lider və partiya sədri təcrübəsidir ki, bu, Azərbaycanda çox acı nəticələrlə sonlandı. Bir partiyada həm lider, həm də partiya sədrinin olması Liberal Partiyanın dağılmasına, AMİP-də isə ciddi narazılıqlara səbəb oldu: "Hesab edirəm ki, indiki situasiyada Yusif Bağırzadənin istefa verməsi yanlış idarəetmənin yaratdığı böhrandır. AMİP-in lideri Etibar Məmmədov, sədri isə Yusif bəydir. Görünür, hansısa məsələlərdə onların fikirləri üst-üstə düşmədiyi üçün partiya daxilində ciddi narazılıqlar yaranıb. Hesab edirəm ki, Yusif Bağırzadənin sədrlik postundan istefa verməsi iki əsas səbəblə, Azərbaycandakı mövcud daxili situasiya və AMİP-in daxilində olan situasiya ilə bağlıdır. Bu iki səbəb birləşdiyindən Yusif bəy həmin postda qala bilməyib”.
Y.Bağırzadənin partiyadan qəfil, heç bir səbəb göstərmədən getməsinə gəldikdə isə ADP sədri deyib ki, Azərbaycanda siyasi mədəniyyət deyilən bir anlayış formalaşmadığına görə, buna təəccüblənməmək lazımdır: "Biz ən fərqli siyasi prosedurlara Azərbaycanda rast gəlirik. Təsadüflər, eksklüziv faktlar, qəfil istefalar bizim siyasətin əsasını təşkil edir. Bütün bunlar isə Azərbaycanda siyasi mühitin iflasa uğramasının, siyasətin qeyri-ciddi xarakter daşımasının əlamətləridir. Əlbəttə, siyasi partiyalar və onların üzvlərinin hər bir addımı cəmiyyət həyatına müəyyən formada təsir göstərməli olduğundan heç bir siyasi liderin şəxsi iradəsi əsasında addım atması doğru deyil. Burada mütləq ictimai rəy və onun təsirləri, nəticələri nəzərə alınmalıdır”.
Şəymən