Yuvaları dağıldıqca “uyğun” ölkələrə sızırlar

Gürcüstandakı son olay göstərdi ki, terroru kriminal “oğrular” yox, dini ekstremistlər törədir



Xəbər verdiyimiz kimi, ötən gün Gürcüstan paytaxtında binanın mühasirəsi zamanı bir xüsusi təhlükəsizlik əməkdaşı, 3 şübhəli şəxs həlak olub. 20 saat davam edən atışma və partlayış səsləri ciddi narahatlıq yaradıb. Rəsmilərin açıqlamasına görə, bir silahlı şəxs həbs edilib, dörd əsgər yaralanıb.

Şübhəlilərin gürcü millətindən olmadığı hesab edilir. Onların terrorçu qrup üzvləri olduğu güman olunur və şəxsiyyətlərinin müəyyənləşməsi üzərində iş aparılır. Təhlükəsizlik xidmətinin rəsmisi Nino Giorqobani bildirib ki, şübhəli şəxslər təslim olmaq və atışmanı dayandırmaq tələbini rədd ediblər. Əhalisinin əksəriyyətinin xristian olduğu Gürcüstanda "islamçı-cihadçılara” yaxın illərə qədər rast gəlinməyib. Ancaq o da məlumdur ki, yüzlərlə Gürcüstan vətəndaşı İŞİD qruplaşmasının tərkibində döyüşür. 

Məsələni "Şərq”ə dəyərləndirən kriminalist-ekspert İlqar Altay deyib ki, Tbilisidəki hadisə polisin hansısa kriminal və ya dini ekstremizm qruplaşması ilə qarşılaşmasıdır. Onun sözlərinə görə, silahlı dəstə bəhs edilən ünvanda özlərinə yuva qurub, sonrakı pozucu fəaliyyət üçün plan hazırlayırmış: 

"Ola bilsin, polis bu cür müqavimət gözləməyib, ya da hadisə yerinə hazırlıqlı gəlməyib. Çünki hüquq-mühafizə əməkdaşının öldürülməsi ciddi hadisədir. Gürcüstanda xeyli müddətdir ki, ictimai asayiş qorunur. Ancaq bu hadisə göstərir ki, ümumi regionda terror və ekstremizm varsa, heç bir ölkə bunun özündə təzahür etməyəcəyindən arxayın olmamalıdır. Fikrimcə, bu dəstə dini ekstremizmlə, yəni terrorla daha çox bağlıdır. Çünki bu qədər silah arsenalı, partlayıcı maddələr ancaq terrorçulara xasdır. Terroru da kriminal "oğrular” yox, dini ekstremistlər törədir. Bu da o deməkdir ki, Yaxın Şərqdə terrorun yuvaları dağıldıqca, onlar daha "uyğun” ölkələrə sızırlar. Həm ideoloji, həm fiziki güc baxımından yeni bazalarını yaratmağa çalışırlar”.

İsmayıl