Zabelin cümləsi qüsurlu ifadədir

Rusiyanın Krımı ələ keçirməsi ilə Azərbaycanın öz torpaqlarını geri qaytarması arasında fərq var



"Rusiyanın Krımı almağa haqqı çatırsa, Azərbaycanın da Qarabağı qaytarmaq haqqı var”. Bunu millət vəkili, Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelin deyib.


Sankt-Peterburq şəhərində "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi” mövzusunda keçirilən konfransda çıxış edən deputat bildirib ki, hamı Krımın geri qaytarılmasından danışır, deyirlər ki, Rusiya öz tarixi torpağı olan Krımı geri qaytarıb. 

Əgər Rusiyanın tarixi torpağı olan Krımı geri qaytarmağa haqqı çatırsa, deməli, Azərbaycanın da öz əzəli tarix torpağı olan, Ermənistanın işğalı altındakı Dağlıq Qarabağı geri qaytarmağa haqqı çatır.

Zabelin Qarabağ müharibəsi zamanı Azərbaycanda olan bütün xalqların və fərqli din nümayəndələrinin vətən torpağı uğrunda vuruşduğunu qeyd edib. M.Zabelinin söylədiklərinə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib ki, deputatın cümləsi Qarabağ məsələsində Rusiyanın dəstəyini almaq mahiyyəti daşısa da, qüsurlu ifadədir. 

Onun sözlərinə görə, belə fikir Azərbaycanın nə siyasətinə, nə də milli maraqlarına uyğundur: 

"Birincisi, Krım heç tarixi rus torpağı da deyil, qədim türk torpağıdır, yerli tatarlara məxsusdur. Rusiya bir neçə yüz il əvvəl yarımadanı işğal edib. SSRİ illərində isə Ukraynaya verilib və bütün dünya da bunu belə qəbul edib. İkincisi, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Krımı Rusiyanın deyil, Ukraynanın ərazisi sayır. Üçüncüsü, Azərbaycan öz əzəli torpaqlarını geri qaytarmaq istəyir və beynəlxalq aləm bizim bu haqqımızın əleyhinə durmur. 

Rusiya isə qonşusunun tanınan torpaqlarına müdaxilə edib və beynəlxalq aləm bu müdaxiləni beynəlxalq hüquqa zidd sayır. Rusiyanın Krımı ələ keçirməsi ilə Azərbaycanın öz torpaqlarını geri qaytarması arasında bu qədər fərq var. Ona görə də iki proses arasında paralellər aparmaq doğru deyil”.

İsmayıl